Qumru Eyvazova

Ahıllar evinə yerləşmə: Qanun və Praktika

Baxış sayı: 1. 851

Zaman keçdikcə yaşlı insanlar gündəlik həyat və şəxsi qayğıların öhdəsindən gəlməkdə çətinliklər çəkirlər. Fəaliyyət azalır və yaşa bağlı ciddi xəstəliklər yaşlı insanı aktiv həyat tərzi keçirmək imkanından tamamilə məhrum edir. Bu çətin anda yaşlı insanların xüsusi qayğıya, diqqətə və dəstəyə ehtiyacı yaranır. Təbidir ki, əksər ailələrdə yaşlı qohumuna davamlı olaraq qulluq etmək imkanı yoxdur. Eləcə də, yaşlı bir insanın psixikasında yaşa bağlı dəyişikliklər varsa və ya artıq müstəqil hərəkət edə bilmirsə, bu məsələ xüsusilə kəskinləşir və bu vəziyyətdə, ailə üzvləri üçün ahıllar evində bir qohumu necə yerlışdirmək məsələsi aktuallaşır.

 

Ümumiyyətlə ahıllar evinə kimlər yerləşdirilə bilər?

Çətin həyat şəraitində olan şəxsin (ailənin) olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün 2 hal mövcud ola bilər:

  • Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs olmalı və yaxud,
  • özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslər onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri olmalıdır.

 

Lakin bir məqamı qeyd etmək vacibdir ki, qanunda da birbaşa qeyd edilib ki, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması zəruridir. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qohumların olmaması müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu da o deməkdir ki, sosial xidmət müəssisəsinə şəxs öz valideynini və yaxud öz nənə və babasını yerləşdirmək üçün, onun özünün əmək qabiliyyətinin olmaması və həmin şəxsə baxmaq imkanının məhdud olmasını sübut etməlidir və bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi lazımdır.

 

Bəs bu istiqamətdə qanunverici aktlar hansılardır?

Çətin həyat şəraitində olan şəxsin (ailənin) olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi haqqında qanunvericilik əsasən “Sosial Xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası” ilə tənzimlənir. BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən, hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə ahıl vətəndaşların sayı 400 minə yaxındır.

 

 Ahıl olan şəxsi sosial xidmət müəssisəsinə necə yerləşdirməli?

Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirilmələri üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə (burada həmçinin onlara qulluq göstərə biləcək yaxın qohumlarının – doğma və ögey qardaşlar, bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələrinin olmaması barədə məlumat öz əksini tapmalıdır) ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

– şəxsiyyəti təsdiq edən sənəd;

– yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;

– şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;

– şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

– 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil;

– Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özlərinin əsas həyati tələbatlarını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərin sənədlərinə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri əlavə olunur.

Sosial xidmət müəssisəsinə yerləşdirilmə barədə ərizə daxil olduğu gündən 5 (beş) iş günü müddətində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Ərizənin daxil olduğu gündən 10 (on) iş günü müddətində şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilir. Hesabata təqdim olunmuş sənədlərlə birlikdə baxılaraq, 5 (beş) iş günü müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

 

Şəxs dövlət sosial xidmət müəssisəsinə yerləşdirildikdən sonra, onda hansı hüquqlar yaranır?

Şəxsin dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi zamanı “Sosial Xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hüquqları nəzərə alınır. Belə ki,

– çətin həyat şəraitində olan şəxsin (ailənin) sosial xidmətdən istifadə etmək;

– sosial xidmət göstərilməsi üçün müraciət etmək;

– sosial xidmət göstərilməsinin mümkünlüyü, qaydası və şərtləri, sosial xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;

– sosial xidmətə olan tələbatın müəyyən edilməsi və qiymətləndirilməsində iştirak etmək;

– sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla sosial xidmət göstərən müəssisəni seçmək;

– sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmət göstərilməsindən imtina etmək;

– sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənməsini tələb etmək, habelə onların hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət etmək;

– sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq;

– sosial xidmət müəssisələrində daxili intizam qaydalarını pozmamaq şərti ilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;

– kütləvi informasiya vasitələri ilə təmin olunmaq;

– şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb etmək;

– “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüquqları təsbit edilmişdir.

Təbidir ki, ahıl yaşda olan insan xüsusi qayğı və diqqətə ehtiyacı var və bu yaşda onun hansısa bir kənar və tanımadığı şəxslərin əlinə düşməsi, sevindirici bir hal deyil və bu cür xoşagəlməz hala heç kəs düşmək istəməz. Lakin bu cür hallar indiki dövrümüzdə artıq bir tendensiyaya çevrilib və adi hal kimi qarşılanır. Bu halın kütləvi hal alması isə, təbidir ki, bu sahədə çalışan mütəxəssislərin sayının artmasına və dövlət büdcəsindən daha çox vəsaitin ayrılmasına gətirib çıxarır.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir