Keçən məqaləmizdə ailə fərdlərinin bacarıqları haqda Mc.Masterin baxış tərzindən söhbət açdıq. Ailə funksiyasındakı altı önəmli amylin olduğuna diqqət çəkdik. Onlardan birinə “Problemin həlli”nə işarə etdik. Bu məqaləmizdə də, digər 6 amil haqda söhbət açacağıq.
2) Əlaqələr
Ailə funksiyasında ikinci önəmli amil, ailə fərdləri arasında qarşılıqlı əlaqə və harmoniyadır. Bu quruluşda, ailə üzvləri arasında ünsiyyət və qarşılıqlı əlaqə qeyri-kafi və ya əskikdirsə, deməli, ailə funksiyası ciddi şəkildə zəifləmişdir.
Ümumiyyətlə, effektiv ünsiyyətin əsası özünü tanımaq, öz dəyər və özünə münasibətlərini dərk etmək və özünə inamdan qaynaqlanır. Doğru ünsiyyətdə təkcə sözlər deyil, jestlər, üz ifadələri, bədən duruşları da real qiymətləndirilməlidir. Bu baxımdan ünsiyyəti ailə üzvləri arasında məlumat mübadiləsi də adlandırmaq olar.
Bu səbəbdən, ailə üzvləri arasında şifahi ünsiyyətin məzmununun aydın olub-olmaması və ailə üzvlərinin demək istədiklərini birbaşa ifadə edə bilmələri bacarığı daim diqqət mərkəzindədir. Ailə funksiyasını artırmaq üçün əlaqələr açıq və birbaşa olmalıdır.
Bu haqda, “Cütlüklər arasında sağlam əlaqələrin patologiyası 1 və 2-ci məqalələrdə geniş şəkildə məlumat verdiyimiz üçün, əlaqələr haqda bu qədəri ilə kifayətlənirik. Ətraflı məlumat əldə etmək istəyənlər elə bu saytda adı çəkilən məqalələrə müraciət edə bilərlər.
3) Rollar
Cəmiyyətdə olduğu kimi ailə sistemində də ailə üzvlərinin rolları var. Rollar, fərdlərin ailə daxilində ailə funksiyalarını yerinə yetirməyi nəzərdə tutan təkrarlanan davranış nümunələridir. Ailənin hər bir üzvünə şəxsi xüsusiyyətlərinə və istedadlarına görə məsuliyyətlərin verilməsi ailənin səmərəli funksionallığının davam etdirilməsi üçün vacibdir.
Rollarada ailə funksiyası o zaman keyfiyyətli olacaq ki, ailə fərdləri hər biri üzərinə düşən vəzifələri layiqincə icra etmiş olsunlar. Əlbəttə, burada bir neçə məqama diqqət etmək lazımdır:
a) Hər fərdin özünə məxsus və ona münasib olan məsuliyyəti olmalıdır.
b) Fərd bu məsuliyyəti və rolu məcburiyyət və ikrah hissi ilə deyil, öz iradəsi və istəyi ilə qəbul etməlidir. Çünki rolların icrasında ailə fərdlərinə uyğun olmayan məsuliyyətlər verildikdə, məcbur edildikdə, yaxud onlar öz rollarının icrasında səhlənkarlıq etdikdə, ailə funksiyası zərbə altında qalmış olur.
c) Ailədə rollar uyğun şəkildə bölüşdürülməlidir. Ailədə rollar ədalətli şəkildə paylaşılmazsa, yəni; onun bir fərdinə daha çox və ağır məsuliyyətlər yüklənərsə, ailə məhsuldarlığı zərər görmüş olacaq. Bundan əlavə qarşıdurmalar və narazılıqlar artacaq. Disfunksiyalı ailələrdə müşahidə edilən bir fərd üzərinə çox məsuliyyətin qoyulmasının bir çox problemin tətikçisi olduğu görülür. Siz birtərəfli yüklənmiş maşını nəzərdə alın. Onun sürətinin zəifləməsi və aşma ehtimalını düşünün. Baxın ailə də belədir. Məsuliyyətlər ortaq və uyğun şəkildə bölüşdürülməlidir.
Ailədəki bəzi rollara nümunələr
- Maddi ehtiyacların təmin edilməsi rolu
Ailədə bu rolu bir fərd, yaxud bir neçə fərd öz üzərinə ala bilər. Burada əsas olan məsələ budur ki, iqtisadi cəhətdən ehtiyacları təmin etmək qabiliyyəti olan ailə üzvlərinin məsuliyyətdən boyun qaçırmaması, onun maddi bazasını təmin etməyi qarşıya məqsəd qoymasıdır. Bu həm ailə qruluşu etikası, həm də dini cəhətdən belə daim diqqət mərkəzində saxlanılan amildir. İslamı rəvayətlərdə bu haqda özünəməxsus möhtəşəm və yüksək məna çalarlarına malik ibarətlər işlədilməsi, sağlam ailə mühitinə səbəb olan bu amilə xüsusi müqəddəslik bağışlayır. Hz. Əli buyurur: “Ailəsinin, ata-anasının rifahı üçün çalışan şəxs, Allah yolunda cihad edən mücahid kimidir.”(Müstədrəkül-vəsail, 12\173)
Maraqlıdır ki, islam dinində bu savab cütlərin hər ikisi üçün də nəzərdə tutulub, həm kişi üçün, həm də qadın üçün, hətta ev işlərində belə bir-birilərinin maddi ehtiyaclarını, “bir qurtum su olsa belə” təmin etmələri cihad savabına malikdir. Bu da, maddi qayğının göstərilməsinin ailə funksiyasındakı rolunu dini baxımdan da bir daha təsdiqləyir.
- İnkişaf və dəstəyin təmin edilməsi rolu
Sözügedən rol, şəxsi inkişaf, təhsil, iş və s. kimi həyat bacarıqlarının inkişafını təmin etməyə aiddir. Ailədə bu rolu da onun bir üzvü, yaxud bir neçə üzvləri öz üzərinə ala bilər. Cütlüklər bir-birilərinin fərdi inkişafı, kariyera və yaxud elmi istedadlarını yüksəltmək sahəsində təmin etmək üçün birgə çalışmalıdırlar. Buna maneə yaratmamalıdırlar. Ər xanımının təhsil almaq, bacarıqlarını və potensiallarını nikişaf etdirmək üçün maneələr yaratmamalı, əksinə onu dəstəkləməlidir. Xanım ərinin işlərində uğur qazanması üçün lazım olan səbri göstərməli və narazılıqlar yaratmamalıdır. Bu təkcə ailə funksiyasını araşdıran elmi mənbələr tərəfindən deyil, dini baxımdan da zəruri sayılan və təşviq edilən amildir. Belə ki, Hz. Sadiq buyurur: “Mömin bəndə, ailəsi üçün elm və gözəl tərbiyəni miras qoyar.” (“Dəaimül-islam”, 1\82; “Müstədrəkül-vəsail”, 12\201)
- Cütlükər arasında cinsi məmnunluğun təmin edilməsi rolu
Cütlüklər arasındakı cinsi həyat evliliyin ən vacib elementlərindən biridir. Sağlam və münəzzəm cinsi həyatı olan ər-arvad üçün evlilik həmişə xüsusi şadlıq və məmnunluq hissinə malik olacaqdır. Buna görə də, evlilikdə cinsi əlaqə çox önəmlidir. Cinsi həyat cütlüklər arasında ən yaxın əlaqə formasıdır, çünki ən sadə hisslər iki insan arasında paylaşılır və duyğular yalnız sözlə deyil, bədənlə də ifadə edilir. Sevilmək qadınlarda psixoloji rahatlıq təmin edərkən, kişilərdə də qəbul olunma və həyat yoldaşını xoşbəxt etmə duyğularını ortaya qoyar. Sağlam cinsi həyatında olan qadın və kişi stresdən uzaqlaşır və özünü xoşbəxt hiss edir.
Ancaq bəzi hallarda ailədə cinsi imtina müşahidə oluna bilər. Bu vəziyyət bioloji ehtiyac və həyat zərurətinin bir elementini qəbul etməmək kimi qiymətləndirilməlidir. Evlilikdə cinsəllik hər iki tərəfdən və ya bir tərəfdən rədd edilərsə, bu, psixi sağlamlığın psixoloji cəhətdən pisləşməsinə səbəb olacaqdır. Möhkəm ailə quruluşuna sahib olmağın yollarından və əsas amillərindən biri də, ər-arvadın qarşılıqlı olaraq bir-birilərinin cinsi istəklərini təmin etməsidir. Statistiklərin verdiyi məlumatlara görə, bəzi ölkələrdə, evli cütlərin müxtəlif bəhanələr gətirməsinə baxmayaraq, ər-arvadın boşanmaların əlli faizinin əsas və ən ümdə amili, məhz cinsi əlaqələrin qarşılıq görməməsindən qaynaqlanır. Cinsi əlaqədən imtina evlilikdə problemlər yaradır və illər sonra ailə quruluşunun dağılmasına səbəb ola bilər. Buna görə də, evlilikdə cinsi əlaqə keyfiyyətli şəkildə yaşanmalıdır.
Cinsəlliyi ailə birliyinin əsası kimi görmək də yanlışdır. Evlilikdə cinsi əlaqə yeganə məqsədə çevrildiyi zman da özünə məxsus problemlər yarana bilər.
Dinimizdə evli cütlərin bir-birilərinin cinsi istəklərini təmin etmələrini təşviq etmək məqsədilə, tam şəkildə maddi bir məsələ olan halan yolla cinsi istəkləri təmin etməyə mənəvi mükafatlar vəd olunmasıdır.İslami rəvayətlərimizdə cütlüklər arasında cinsi əlaqənin əhəmiyyətinə xüsusi diqqət çəkilir, onun üçün savablar (mənəvi mükafatlar) nəzərdə tutulur və həmçinin, ər-arvadın bir-biriləri üçün bəzənməsi dəciddişəkildə tövsiyə olunur. Bunu ailə rolu, yəni vəzifəsi kimi ortaya qoyur.Hz. Sadiq buyurur: “Qadın əri qarşısında (yerinə yetirilməsi lazım olan) vəzifəsi olduğu kimi, kişinin də, həyat yoldaşının qarşısında belə vəzifələri var. Yəni; təkcə qadın deyil, kişi də (cinsi həyatını rəngləndirmək məqsədilə) özünü həyat yoldaşı üçün bəzəməlidir”(“Əl-Firdəvs”, 5\521)
4) Emossional reaksiya
Emosional reaksiya, ailə daxilində fərdlərin bir-biri ilə necə davranması və bir-birinin hiss və qavrayışlarını necə qəbul edib, onlara necə reaksiya verməsi deməkdir. Bir sözlə, emosional reaksiyalar müvafiq keyfiyyət və kəmmiyyətlə bir sıra stimullara cavab vermək bacarığıdır. Belə ki, duyğuların iki kateqoriyasını müəyyən etmək olar:
- Sakit duyğular: emosiyalar, meyil, sevgi, sevinc, həzz, rahatlıq kimi.
- Xoşagəlməz duyğular (və impulslar): qəzəb, qorxu, narahatlıq, nigaranlıq, ümidsizlik və depressiya.
Emosional reaksiya ailənin müxtəlif stimullara müvafiq keyfiyyət və kəmiyyətdə emosional reaksiya vermə qabiliyyəti kimi müəyyən edilir. Ailənin emosional reaksiyalarını qiymətləndirmək üçün hər bir ailə üzvünün fərdi imkanlarını bu duyğular çərçivəsində təcrübələri baxımından qiymətləndirmək və müxtəlif situasiyalarda yaşadıqları emosiyaları qiymətləndirmək lazımdır. Bu, ailə üzvlərinin istənilən stimula keyfiyyət və kəmiyyət baxımından düzgün emosional reaksiyalarına aid bir məsələdir. Məsələn, MMFF modeli bu ölçüyə iki kateqoriyada baxır. Bu ölçüyə görə, əgər ailə üzvləri bir-birlərinə yalnız sakit duyğularını ifadə edirlərsə və xoşagəlməz duyğularını (və impulslarını) ifadə etmirlərsə, ailənin emosional reaksiya ölçüsü funksional hesab edilmir. (Epstein, N. B., Bishop, D. S., & Levin, S. (1978). The McMaster model of family functioning. Journal of Marital and Family therapy, 4(4), 19-31)
Eyni zamanda, göstərilən emosional reaksiyalar kəmiyyət və keyfiyyətcə sağlam olmalıdır. Eyni zamanda, göstərilən emosional reaksiyalar kəmiyyət və keyfiyyətcə sağlam olmalıdır. Məsələn, şəfqət, sevgi… və s. kimi sakit duyğular və ya kin, depressiya kimi xoşagəlməz emosional reaksiyalar disfunksional hesab olunur.(Ryan, C. E., Epstein, N. B., Keitner, G. I., Miller, I. W., & Bishop, D. S. (2012). Evaluating and treating families: The McMaster approach: Routledge, New York, USA.)
Diqqət etmək lazımdır ki, cütlüklərin bir-birnə göstərdiyi reaksiyaların yerində, hüdudlar daxilində və uyğun zamanda olması vacibdir və verilən duyğu stimula uyğun olmalıdır. Yəni, cütlüklərdən birinin əksül-əməli qarşı tərəfin hərəkət, rəftar, mimika və s. qarşısında ona uyğun şəkildə, əndazə və normasında, zamanında ortaya qoyulmalıdır. Uyğun olmayan emosional reaksiyalar qeyri-sağlam hesab olunur.Nəzarətsiz emosional reaksiyalar ailə funksiyasına ciddi zərbə vurur.(Miller, I. W., Ryan, C. E., Keitner, G. I., Bishop, D. S., & Epstein, N. B. (2000). The McMaster approach to families: Theory, assessment, treatment and research. Journal of Family Therapy, 22(2), 168- 189)
Reaksiyanın keyfiyyəti, “reaksiya verməmək”, “aşağı dozalı reaksiya”, “məntiq əsaslı reaksiya”, “gözləmədə olan reaksiya” və “ifrat reaksiya” kimi analiz edilir.
Müsbət reaksiyalara nümunə olaraq, məsələn; ailədə sizə qarşı göstərilən nəvazişin müqabilində verdiyiniz məmnunluq reaksiyası qarşı tərəfə təşəkkür etmək kimi ifadə edilər bilər. Bu uyğun şəkildə, səmimi olaraq ifadə edilməlidir. Təşəkkür edərkən ifrat və şişirdilmiş formada, yaxud mənasız və sönük şəkildə təqdim edilməməlidir. Həmçinin, zamanında təşəkkür edilməlidir.
Mənfi reaksiyalara nümunə olaraq, məsələn; hansısa bir istəyi qarşısında yoldaşınızın “yox, mən bunun əleyhinəyəm”-deməsi, müqabilində küsmək, anidən qəzəblənərək təhqir etmək, fiziki şiddət nümayiş etdirməyi misal nurmaq olar. Belə olan halda, bu şəxs, emosional reaksiyalarına nəzarəti itirmiş sayılır. O, həyat yoldaşı ilə münasibətində qəzəb və kin kimi duyğularını həddindən ifrat şəkidə göstərməyə meyllidir.
İslam mənbələrində də, emossiyaların düzgün ifadə edilməsinə xüsusi əhəmiyyət verilib. Bu sahədə, sakit duyğuların ifadə edilməsi önəm daşıyır. Hz. Məhəmməd buyurur: “Məhəbbətini, sənə qarşı məhəbbət bəsləyən şəxsə, izhar et ki, aranızdakı sevgi daha da möhkəmlənsin.” (Biharül-ənvar, 71\181)
5) Emossional bağlılıq və yaxud təzad
Emossional bağlılıqda lazımi qayğının göstərilməsi ölçüsünə ailə üzvlərinin bir-birinə olan marağı, məhəbbəti və sevgisidaxildir. Bu ölçü ailə üzvlərinin bir-birinə nə qədər qayğı və mənəvi sərmayə qoyması ilə ölçülür. Cütlüklərin emossional bağlılıqı və qayğı forması əsasən altı maraq səviyyəsini əhatə edir:
- Maraqsızlıq. Ailə üzvlərinin bir-birinə az maraq göstərməsi və ya heç bir maraq göstərməməsi.
- Duyğusuzluq. Ailə üzvlərinin bir-birlərinə qarşı duyğu və hissləriniçox az ortaya qoyması.
- Narsistlik. Emosiyaların çox zəif və eqosentrik olduğu özünübəyənmiş və xudpəsəndlik.
- Empatia.Ailə üzvlərinin bir-birinə qarşı anlayış dolu qayğı görtərməsi.
- İfrat mühafizə.Cütlərin biri digərini ifrat şəkildə qorumaq və mühafizə etmək üçün kontrol edir, təzyiq altında saxlayır, fəaliyyətlərini məhdudlaşdırır.
6) Simbioz bağlılıq. Simbioz biologiyada bir-birinə möhtac yaşamağın zəruriliyi ifadə edən, psixologiyada ziddiyyətli münasibət və davranışlarla bir-birini tamamlayan bir əlaqə formasıdır. Burada tərəflərdən biri digərinə asılı bağlıdır. Sadist-mazoxist kimi əlaqələri buna nümunə kimi qeyd etmək mükündür.Sadist istismarçı duyğuya sahib, mazoxist isə istismar olunmağa meyilli hislərə malikdir. (Epstein, N. B., Bishop, D. S., & Levin, S. (1978). The McMaster model of family functioning. Journal of Marital and Family therapy, 4(4), 19-31.)
Funksional ailələr bir-biri ilə orta dərəcədə maraqlanırlar. Demək ki, az, yaxud çox maraqlanan ailələr bu məsələdə öz funksiyalarını layiqincə yerinə yetirə bilmirlər. Həddindən artıq qayğı və bağlılıq ailə üzvlərinin bir-birindən çox asılı olmasının, az diqqət və bağlanmaq isə bir-birlərinə az sevgi və qayğı göstərmələrinin nişanəsidir. Burada ən doğru seçim isə empatiya əsaslı qayğı və bağlanmaqdır. Əsas diqqət ailə üzvlərinin bir-birlərinə nə qədər qayğı göstərdikləridir.
7) Davranış nəzarəti
Davranış nəzarəti, ailə üzvlərinin bir-birinin davranışı üçün standart sərhəd və qaydalar qoymaq və ya ailə fərdlərinin davranışlarını nizam-intizamla tənzimləmə formasını müəyyən edir. Davranış nəzarəti üç sahədədə idarə olunur:
- Fiziki cəhətdən təhlükəli vəziyyətlər. Ailə üzvlərinin fiziki cəhətdən təhlükəli vəziyyətlərdə davranışlarına nəzarət olunması.
- Psixoloji ehtiyacların və motivlər. Aqressiya, qəzəb, cinsəllik, yemək, içmək və ya yatmaq kimi psixoloji impulsların və ehtiyacların ödənilməsi üçün vəziyyətlərin nəzarətdə saxlanılması.
- Sosiallaşma ehtiyacları.Fərdin ailə daxilində və ya ondan kənarda qarşılaşdığı fəaliyyətlərini nəzarətdə saxlamaq.
Davranışa nəzarətin əsasən dörd təsnifatı
- Sərt davranış nəzarəti
Belə ailələrdə ailə üzvlərinin gündəlik rolları və vəzifələri proqnozlaşdırıla və idarə oluna bilər. Quru və empatiasız olduqları üçün bu ailələr dəyişikliklərə uyğunlaşmaq gücünə malik deyil. Belə ailələrin xüsusiqanunlarla idarə olunması və ondan kənara çıxıldığı zaman ağır cəzalar təyin edilməsi nəticəsində yaranan təzyiq dolu mühit onun üzvlərini şüuraltı olaraq dağıdıcı və aqressiv davranışlara sürükləyir, ailədə hakimiyyət uğrunda mübarizə güclənir. Çox vaxt, ailə üzvləri daxildə yaşadıqları gərginliyi və narazılığın qəzəbini ailədən kənar mühitlərdə ifadə edir.Bu üsullardan istifadə edən ailələrin davranışı proqnozlaşdırıla bilən, amma məhsuldar deyil.
- Yumuşaq davranış nəzarəti
Bu üsullardan istifadə edən ailələrin davranışı həm proqnozlaşdırıla bilən, həm də məhsuldardır. Onlar yeni şərtlərə uyğunlaşa bilirlər. Ailənin tərbiyə üsulu despot deyil, qayğı doludur, hədəfyönlüdür və şəraitə görə ən yaxşısını seçir, fərdlərin istedad və bacarıqları ilə uyğunlaşmaq abiliyyətinə malik olduğu üçün onları işləməyə və ailə nizam-intizamına riayət etməyə sövq edir. Davranışa nəzarətin ən uyğun olanı elə yumuşaq nəzarətdir.
- Sərbəst davranış nəzarəti
Bu üsul bir qədər proqnozlaşdırıla biləndir, lakin uyğunlaşma gücü azdır. Bu ailələrdə laqeydlik yaradıcılığı və hərəkəti əvəz etmişdir.Üzvlər öz vəzifələrini yaxşı yerinə yetirmirlər və tez-tez bir-birləri ilə ünsiyyətdə problemlər yaranır. Bu ailələrdə zəif təşkilatlanma uşaqların özlərini güvənsiz hiss etmələrinə və xoşagəlməz davranışlara yol açır. Bu uşaqlar bir qədər impulsiv və itaətsizdirlər və məktəbdə problem yaşayırlar. Çünki orada qaydalar var və onlardan qaydalara uyğun davranışlar tələb edilir.
- Qeyri-müntəzəm nəzarət və xaos
Nəzarəti zəif olan bütün ailələrdə emosional problemlər vardır. Belə ailələr çox vaxt problemin həlli prosesindən uğurla keçə bilmirlər.Bu ailələr ünsiyyətə laqeyd yanaşır və ya bağlanma sahəsində bacarıqsızdır. Rollar müəyyən edilməyib, duyğuların ifadə edilməsi və mənimsənilməsi, qavrayışı prossesləri iflas etmişdir. Reaksiyaların kəmiyyət və keyfiyyəti anormaldır. Reaksiyalar kontekst və mühitə görə qeyri-adidir. Ailə üzvləri bir-biri ilə maraqlanmır və bir-birlərinə emosional sərmayə qoymurlar. Əslində bunlar mənən parçalanmış ailələrdir.
Dini mənbələrimizdə də, ailədə davranış nəzarətinə diqqət ayrılmış və onun önəminə işarə edilmişdir. Hz. Əli buyurur:”Bir şeyin viran olmasının səbəbi, tədbirsizlikdir.”(“Qürərül-hikəm”, h. 5549; “Üyunül-hikəm vəl-məvaiz”, səh. 281)
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Peşəkar ailə müşaviri, Həyat koçu