aile

Qadın ölümlərinin görünməyən qorxunc tərəfləri

Baxış sayı: 496

Üç gün öncə Azərbaycanda fevral ayının ilk 19 günündə 9 qadının qətlə yetirilməsiylə bağlı məlumat yayıldı. Bu barədə paylaşım edən vəkil Zibeydə Sadıqova qətllərin Bakı, Abşeron, Sumqayıt, Şəmkir, Cəlilabad, Yevlax və Tərtərdə baş verdiyini açıqlamışdı. Təbii ki, 19 gün ərzində 9 qadının öldürülməsi sıradan fakt deyil. Çox dəhşətli rəqəm olsa da, bunun görünməyən tərəfi daha qorxuncdur. Çünki bu qətllərlə təkcə qadınların ömürləri yarımçıq qalmayıb. Bu cinayətlərin əsas qurbanları həmin ailənin övladlarıdır. Onların alınlarında əbədi “qatil ata” və “əxlaqsız ana” (ən yaxşı halda, “Allah bilir nə üstə öldürülüb” deyiləcək) damğası vurulur. Bundan sonra onların əksəriyyəti uşaq evinin soyuq divarları arasında yaşamağa məhkumdur. Ancaq bəzi hallarda bu, xilas yoludur və qohumların himayəsinə götürülməkdən daha yaxşıdır. Ən azı uşaq evlərində olanlar həmdərddirlər…

Qadina zorakiliq

Qohum himayəsində olanlar isə ömürlük barmaqla göstərilməyə məhkum olacaqlar. Bu elə bir dərddir ki, ata-anadan yetim qalmaqdan da, uşaq evində olmaqdan da ağırdır…

Məsələ təkcə bununla bitmir. Bu uşaqların analarının ataları tərəfindən öldürülməsinə görə aldığı psixoloji zərərlər, zənnimcə, gün kimi aydındır: qız da, oğlan da ömürlük ailə həyatı qurmağa qorxacaqlar. Bu psixoloji baryeri aşmaq üçün uşaqlara hökmən mütəxəssis yardımı lazımdır. Bunun da onların şəraitində nə dərəcədə mümkün olması sual altındadır…

Tutalım bu psixoloji baryeri aşdılar: qızlar “ağ atlı şahzadə”, oğlanlar isə “gözəl pəriləri” ilə tanış oldular, ailə həyatı qurmağa qərar verdilər. Elə bilirsiniz, ağrı-acılar bitdi? Əlbəttə ki, yox. Çünki bu vaxt qarşı tərəfdə “ailənin ağsaqqalları” ortaya çıxacaq: qızlara “anası gəzən ağacı balası budaq-budaq gəzər” damğası ilə əvvəlcədən hökm oxunacaq, oğlanlara “meyvə öz ağacından kənara düşməz” məsəli ilə qız verilməyəcək…

Əslində isə bəlkə də bütün məsələ “qız verilməyəcək” və ya “qız almaq”dan başlayır? Yəni “evlənmək”, “ailə qurmaq”, “həyatda bir addımlamaq” əvəzinə, ailələrdə istifadə olunan “arvad almaq” sözü bəzi insanların beynində həqiqətən də qadını mülk kimi görməyə vadar edir, nəticədə kişi özünü onun və hətta ailədə dünyaya gələn uşaqların (xüsusən də qız uşaqlarının) həyatı üzərində tam sahibi-qərar hesab edir: istəyəndə döyür, istəyəndə işgəncə edir, istəyəndə də öldürür…

Bu məsələdə günah təkcə qadınlardadırmı? Xeyir!!! İlin əvvəlindən qayınananın gəlini saçlarından tutaraq qəddarcasına döyməsi ilə bağlı kadrlar yəqin ki, çoxlarının yadındadır. Bütün ölkə görüntülərlə çalxalandı, sonu nə oldu? Gəlin çıxıb dedi ki, günah məndə idi, ailəmə qarışmayın. Ailə sirrini qorumaq yaxşıdır, amma baxır nədə…

Bu şiddəti görərək böyüyən uşaq necə ailə başçısı, necə bir ana, ailəsinin xanımı olacaq? Ananın hər gün döyüldüyünü görən oğlan uşağı sabah evləndiyinə eyni münasibət göstərməyəcəkmi? O evdə böyüyən qız da sabah ailə qurandan sonra zorakılıqla qarşılaşanda bunu adi qəbul etməyəcəkmi? Bəs o gəlinin özünün sabah qayınanasının yolunu getməyəcəyi nə məlumdur?..

Bir haşiyəni də çıxmaq istəyirəm. Mən heç kimi ailədə ilk söz-söhbətdən sonra küsüb getməyə, nə də ilk davadan sonra boşanmağa çağırmıram. Düşüncəmə görə, nə qadın əri ilə münasibətdə “azadlıq” adı altında müxtəlif hörmətsizliyi göstərməli, nə də kişi ona mal-varlığı kimi baxmalıdır. Hörmət də, ehtiram da qarşılıqlı olmalıdır. Dilimizdə “ər-arvad” sözünün gözəl sinonimləri var: “Həyat yoldaşı”, “ömür-gün yoldaşı” – yəni həyat boyu, ağır günlərdə də, rahatlıqda da bir yerdə addımlayanlar, çətinliklə qarşılaşanda maneəni aşmaq üçün əl-ələ verənlər, ya ən azından biri çox yorulduğunda digərinin onun əlini tutaraq yanında duranlar…

qetl

Bu ömür-gün dostları eyni yolu gedə bilməyəcəklərini anlayanda belə, sivil insan kimi ayrı istiqamətlərə yönəlir, çox təəssüflənsələr belə, həyatlarına davam edirlər. Belə ailədə böyüyən uşağa nəyi isə öyrətməyə ehtiyac yoxdur…

Fevralın 19 günüdə təkcə 9 qadın yox, həm də ən azı hər qadının ölümünə  görə bir uşaq “öldürülür”. Bu qurbanların həyatlarına saplanan soyuq bıçaqları isə cahillik, xüsusən qız uşaqlarını təhsildən saxlamaq, məktəbi bitirməmiş “gələcəyi üçün” “yaxşı namizədə” (oğlan qızdan 2 dəfə böyük olsa belə) ərə vermək düşüncəsi itiləyir. Özü də ölənlərdən fərqli olaraq, sağ qalanlar bu bıçağın açdığı dərin yara ilə ömürlük yaşamağa məhkumdurlar, hansı ki, ən şad gündə belə kəskin bir sancı ilə özünü unutdurmağa qoymayacaq…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir