torba

Həm cibimizə, həm də təbiətə xeyirli

Baxış sayı: 489
Bir müddətdir ki, marketlərdə polietilen torbalar pulludur. Kiçiyi 3 qəpiyə, böyüyü 5 qəpiyə satılır. Mütəxəssislər alıcılara bu torbaları pulla almamağı, bazarlıq üçün xüsusi torbalardan istifadə etməyi tövsiyə edir, “həm cibinizə xeyirdir, həm də təbiətə” deyirlər. Bir neçə marketdə apardığımız müşahidələrə əsasən deyə bilərik ki,  insanların əksəriyyəti, xüsusi ilə də bəylər buna əməl etmir. Kimisə bazarlıq üçün özü ilə xüsusi çanta götürməyi kompleks edir, kimisə də 5 qəpiyin az miqdar olduğunu düşünüb pulundan keçir. Bəs nə etməli? Ümumiyyətlə, hazırda bazarda polietilen torbaların alternativi varmı? 

“Polietilen torbalar nədir bilmirdik”

Sovet dövründə, bazarlıq üçün xüsusi zənbillər var idi. Daha çox isə kağız paketlərdən istifadə olunurdu. Köhnə filmlərimizin bazar səhnələrində həmin çantaları görmək olur. Sürəyya nənə deyir ki, “Qastronom”da nə alırdınsa, kağıza büküb verirdilər: “Bazarların girişində isə kağız paketlər 3-5 qəpiyə satılırdı. Demək olar ki, hər kəsin evində həsir zənbillər var idi. Polietilen torbalar nədir bilmirdik”.

Həsir, toxunma, parça, kağız…

Bu gün dünyada polietilen torbalarla mübarizəyə başlanıb. Artıq bir çox ölkədə onlardan istifadə tamamilə ləğv edilib. Yenidən həsir zənbillər, parça torbalar dövrünə qayıdırıq. Həm də bu yeni biznes növüdür. Artıq sosial şəbəkələrdə torba toxuyanlar işlərini reklam edir, sifariş üçün ünvanlarını yazırlar. Kişiyə, qadına, gənclərə, uşaqlara uyğun torbalar toxunur. Bu torbaların qiyməti əl əməyi olduğu üçün ölçülərinə uyğun olaraq 5-25 manat arasında dəyişir.

İkinci seçim kağız torbalardır. Uzun müddətli istifadəyə yararlı olmasa da, ətraf mühit üçün ən zərərsiz vasitədir. Mağazalarda kağız torbalara rast gəlmədik. Satıcılar bu məhsulla rastlaşmadıqlarını bildirdilər.

Xüsusilə qadınlar üçün ən rahat üsul təkərli bazar çantalarıdır. Həm tutumu çoxdur, həm də ağırlıq qaldırmağa ehtiyac yoxdur. Qiyməti isə 20 manatdan başlayır.

Ən ucuz və uyğunu isə parçadan tikilən torbalardır. Həm marketə aparılması rahatdır, həm də dəfələrlə yuyulub istifadə edilə bilər. Qiyməti 3 manatdan başlayır. “Kustar” üsulla tikilənlərin isə qiyməti 1-2 manat arasında dəyişir.

Dədə-babamızdan miras qalan həsir zənbillərdən istifadə isə əsl nostalgiyadır. Üstəlik, hər zaman dəbdədir. Bu qaydalar qüvvəyə minməzdən öncə də həsir zənbillərdən gündəlik bazarlıqda istifadə olunurdu. Bu çantalar daim dəbdə olduğu üçün bahadır. Qiyməti 25 manatdan başlayır, 100 manata qədər davam edir.

 

Mərhələ-mərhələ zərərli vasitələrdən imtina

Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə düşünür ki, sellofan torbalarla bağlı hazırda görülən tədbirlər onlardan istifadəni azaldacaq. Həmsöhbətimizin sözlərinə görə, torbaların pullu olmasının məqsədi ətraf mühiti qorumaqdır: “Biz əminik ki, bu tədbirlərin görülməsi onlardan istifadəni azaldacaq. Mərhələ-mərhələ zərərli vasitələrdən imtina edəcəyik. Bunu təcrübə də göstərir. Türkiyədə bu üsul tətbiq olunandan sonra polietilen torbalardan istifadə təxminən 40 faiz azalıb. Dünyanın bir çox ölkələrində isə bu üsulun tətbiqindən sonra 70-90 faiz azalma özünü göstərir”.

5 qəpik verib torba almaqdan utanmalısan

Marketoloq Qələndər Məmmədli bu addımı doğru hesab edir. Mütəxəssisin sözlərinə görə, bəzi insanların məsələyə komplekslə yanaşmasının səbəbi bu qərarın mahiyyətinin cəmiyyətə düzgün çatdırılmamasıdır: “Müxtəlif kommunikasiya kanalları vasitəsilə cəmiyyətə izah olunmalıdır ki, bu torbalara tətbiq edilən 3-5 qəpiyin səbəbi bunun istifadəsini azaltmaq, ətraf mühitə fayda verməkdir. Yəni, sən digər vasitələrdən istifadə etməkdən yox, 5 qəpik verib torba almaqdan utanmalısan. Cəmiyyət düşünür ki, sanki bunu əlavə qazanc məqsədilə ediblər. Atılan addımın ətraf mühitlə bağlı görülən işlərin tərkib hissəsi olduğunu əksər insanlar qəbul etmir. Marketinq gedişləri düzgün qurulmalı, cəmiyyətə posterlər, videolarla doğru informasiyalar ötürülməlidir”.

Bu, vərdiş halına gəlməlidir

Marketoloq deyir ki, istər firmalar, istərsə də ayrı-ayrı şəxslər bu istiqamətdə aksiyalar təşkil etməlidir ki, fərqlilik yaransın: “Bura məşhur şəxslər, dövlət xadimləri, müğənnilər qoşulmalıdır. Seriallar, kinolar vasitəsilə öyrədici nüanslar təlqin edilməlidir. Məsələn, adətən kişilər torba daşımaq istəmirlər. Amma onlara göstərilməlidir ki, bu sellofan torbalardan istifadə övladlarının gələcəyi üçün ziyandır. Hamı övlad və gələcək üzərindən xəyallar qurur. Bu, çox təsirli vasitə ola bilər. Marketlərdə torbalarla bağlı təbliğat aparıla bilər. İnsanlar bunu ətraf mühit üçün etməyi vərdiş halına gətirməldir”.

Ekoçanta istehsalı polietilen torbanın istehsalı qədər deyil

Marketoloq Elxan Mərdanlı da düşünür ki, əsas məsələ cəmiyyətin maarifləndirilməsidir: “Sosial çarxlar hazırlanmalı, polietilenin canlı aləm üçün zərərləri açıqlanmalıdır. Şəhərin bir çox yerlərində xüsusi məntəqələr fəaliyyət göstərməlidir. O məntəqələrdə məsələn, 1kq polietilen torba gətirənə 1 ədəd ekoçanta hədiyyə olunmalıdır. Hazırkı vəziyyət əhalinin bir çox kəsimində narazılıq yaradır. Çünki ölkədə yerli olaraq ekotorbaların istehsalı polietilen torbanın istehsalı qədər deyil. Belə olduqda alış-veriş zamanı çətinlik yaranır. Paralel olaraq yerli ekoçantaların istehsalı başlanmalı və maarfiləndirilmə aparılmalıdır”.

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi marketlərin birində “plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirib. Aksiya zamanı ümumi tutumu 1110 litr olan plastik butulka yığılıb, əvəzində iştirakçılara ekoçantalar verilib.

Hazırkı qərarın polietilen torbalardan istifadəni nə qədər məhdudlaşdıracağını bilməsək də, pulsuz olduğu üçün marketdən çox sayda plastik paket götürənlərin sayının azalacağı dəqiqdir.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir