danismaq

Yerə tüpürmək, növbəyə durmamaq, qışqıra-qışqıra danışmaq “mədəniyyəti” – Mentalitet, yoxsa…

Baxış sayı: 536

“Mağazadan çıxırdım, qarşımda 40-45 yaşlarında kişi – ”bəy” deməyəcəyəm, bəzi insanlar “bəy”, “xanım”, “ağsaqqal”, “ağbirçək” sözlərinə layiq deyillər – boğazını arıtlayıb tüpürdü yerə. Guya işini gizlədirmiş kimi ayaqqabısı ilə də sildi… Üzrlü sayın, bilirəm, çox iyrəncdir. Çöldə yaşlı nümayəndələrinin burun təmizləmələrinə də rast gəlirik. Yaxınlaşdım ona, dedim, a kişi, sən nə edirsən? Şəhərin içində, ictimai yerdə bu nə iyrənclikdir? Dedi, bağışla. Nəyi, hansınızı bağışlayım? Tək mən deyil, biz məcburuq sizin murdar hərəkətlərinizi görməyə?”

Bunu psixoloq Samirə Bağırova bildirir.

“Liftdəki murdarlıqlar, mağazada növbə mədəniyyətinin olmaması… Taksilər külqabı iyi verir, sürücülər avtomobillərdə elə bilirlər, kimsə onları görmür, saatlarla burun, qulaq təmizləyirlər, sonra da gedib kiməsə ”salam” verirlər, kiminsə uşağının başını tumarlayırlar. “Tarqovı”da tumu çırtlayırlar, yerə tökürlər, “onsuz da yığışdıracaqlar” deyə düşünürlər. Hansınıza dözək? Sonra da deyirlər, indiki gənclər elə, belə… Məclislərdə gəyirmələriniz, efirlərdə, radiolarda qışqıra-qışqıra danışmağınız, dinləmə mədəniyyətinizin olmaması… Başa düşürəm, hamı təmizkar ola bilməz, amma hamı mədəni olmağa məcburdur. Şəhərdə yaşayırsınızsa, şəhər mədəniyyətinə uyğunlaşmalısınız”, – S.Bağırova qeyd edib.

S.Bağırovanın sözləri böyük ölçüdə gerçəkdir və təzə məsələ də sayılmaz. Az qala, hər gün bu qəbildən hansısa naqisliyin şahidi oluruq.

Niyə belə hallar yaşanır? Bu, insanın böyüdüyü, tərbiyə aldığı ailə və məktəb mühiti ilə bağlıdır, yoxsa bir mentalitet məsələsidir? Bəs “şəhər mədəniyyəti” deyilən anlayış varmı? Varsa, demək “kənd mədəniyyəti” də olmalıdır.

Müasir dövrün gənclərində davranış problemi: nə etməli? - Turantv.az

Sosioloq: “O adam daha mədəni sayılır ki…”

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Bütün  bu cür davranışlar, əslinə baxsan, mədəniyyətsizliklər, onunla bağlıdır ki, biz bu məsələlər ilə bağlı müasir dövrün tələblərinə uyğun şəkildə məşğul olmuruq. Prosesləri başlı-başına buraxmışıq. Halbuki günü-gündən mürəkkəbləşən, həssaslaşan, problemləri çox olan cəmiyyətdə bu cür problemləri başlı-başına buraxmaq olmaz. Burada hökmən müasir elmin imkanlarından, alimlərin köməyindən istifadə etmək lazımdır. Müasir elm dedikdə ciddi bir elmi nəzərdə tuturam, yoxsa ki, kiminsə qohumlarından rüşvət hesabına yaratdığı təşkilat deyil.

Hazırda bu məsələ ilə ciddi məşğul olunmur, ya da görmək istəmirlər. Ona görə də bu cür  davranışlara kəskin artmağa başlayıb”.

Sosioloq qeyd olunan neqativ davranışların xalqın mentaliteti ilə bağlı olmadığını qeyd edib: “Mən qəti şəkildə bu məsələni xalqımızın  mentalitetinə bağlamıram. Çünki mentalitetlə bağlı olsa, onda gərək insanların hamısı bu cür davranışlar nümayiş etdirsin. İnsanların çox böyük hissəsi bu cür davranmır, yalnız bir qismi bu cürdür. Ona görə bunun mentalitetə dəxli yoxdur. Amma müəyyən bir qrupda yaranan mentalitetdən söhbət gedə bilər. Yəni xalqın mentaliteti deyil. Burada mentalitet dedikdə təkrar olunan davranış nəzərdə tutulur ki, bunun da ortadan götürmək lazımdır. Bu da çətin məsələ deyil, asandır. Qeyd etdiyim kimi, sadəcə, bununla məşğul olmaq lazımdır”.

Əhməd Qəşəmoğlu şəhər, kənd mədəniyyəti anlayışının mövcud olduğunu da vurğulayıb: “O adam daha mədənidir ki, ətrafında daha çox ahəng yarada bilib və yaxud ahəng yaradacaq məqsədə doğru fəaliyyətdədir. O adam ki, bu ahəngi pozur, demək ki, o mədəni deyil. Yəni bir adam kənddə ətrafında çox gözəl ahəng yarada, amma gəlib şəhərə o ahəngi poza bilər. Yəni kənddə mədəni, şəhərdə isə mədəniyyətsiz təsiri yarada bilər. Və yaxud əksinə, şəhərdə mədəni davranışı ilə sayılıb, seçilən adam gedib kənddə gərginlik yarada bilər.  Bu baxımdan bəli, kənd və şəhər mədəniyyəti var.

Kənd mədəniyyəti kənd mühitində, kəndin potensialına uyğun olaraq yaranan, şəhər mədəniyyəti isə şəhərin imkanları, tələbləri, şəraitinə uyğun olaraq ahəngdar davranış formasıdır. Yəni insanın mədəniyyətinin formalaşmasında mühit çox böyük  rol oynayır. Həmçinin təhsil, üstünlük verilən dəyərlər də öz böyük təsirini göstərir.  Sovet dövründə bununla bağlı çox ciddi işlər aparılır, məktəblərdə lazımi təbliğat işləri görülürdü. Amma indi bunu görmürük”.

Təkcə məni söymürlər ki?” – Aydın Xan qalmaqallı açıqlamasından danışdı Yeni Sabah

Kulturoloq: “Tərbiyəsizlik, mədəniyyətsizlik ictimai qınağa tuş gəlməlidir”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov da mövzu ilə bağlı danışdı: “Birgə yaşayış, cəmiyyətdə özünü aparmaq həm də etik norma sayılır və bu dünyanın hər yerində bu normalar çox ciddi cəhdlə qorunur. Hətta elə ölkələr var ki, orada etik qaydaların pozulması ilə bağlı kəskin etirazlar, ictimai qınaqlar, hətta cəzalar mövcuddur. Məsələn, Sinqapurda əgər siz yerə tüpürsəniz və yaxud siqareti yerə atsanız, birinci dəfə 800 dollar, daha sonra isə 1600 dollar cərimə oluna, bundan sonra yenidən təkrarlasanız, 3 il həbs oluna bilərsiniz”.

Kulturoloq qeyd edib ki, ictimai davranış normaları əslində fərdin cəmiyyətə olan mədəniyyəti, sayğısı hesab olunur: “İllərdir, əsrlərdir ki, Azərbaycan xalqı həm Avropa, həm Şərq, Qərb, həm İslam, xristian dünyasının ən gözəl dəyərlərini özündə ehtiva edib, amma bununla bərabər, qədim Azərbaycan, türk Midiya ənənələrini bununla birgə yaşadıb, qoruyub. Yəni ta qədimdən xalqımızda ictimai normalar, ictimai davranış qaydaları,  fərdin ictimaiyyət arasında özünü aparmaq mədəniyyəti, texnologiyaları mövcud olub. İstər dini kitablarımızda, o cümlədən Zərdüşt peyğəmbərimizin ”Avestası”nda, yaxud  İslam, xristian kitablarından gələn gözəl ənənələr, istərsə də bizim etnik kimliyimiz və mental dəyərlərimizdə xalqın əsrlər boyu  formalaşdırdığı dəyərlərin izlərini görürük. Yəni dəyərlərimizdə böyüyə hörmətdən tutmuş, qadına münasibət, özünü toyda və ya yasda, ictimai yerlərdə, məsciddə, səyahətlərdə, ziyarətgahlarda, eləcə də kənd yerlərində əkinçilik vaxtı, münaqişələr vaxtı və sairə, özünü necə aparmalısan deyə ənənələrimiz var. Bütün bu davranış etikasına riayət etməliyik.

Təkcə yaşadığımız cəmiyyətdə deyil, xarici ölkələrdə olduqda oranın adət-ənənələrinə, dəyərlərinə hörmətlə yanaşmalı, özümüzə qarşı qıcıq formalaşdırmamalıyıq.

Lakin təəssüflər olsun ki, son vaxtlar bu ənənələrə qarşı sanki total bir hücum var. Qərbin, Şərqin gözəl ənənələrinin götürməklə yanaşı, həm də sanki onların ən pis cəhətlərini də özümüzə cəlb etməyə çalışırıq. Xüsusilə də gənclərimiz özlərini çox sərbəst, radikalcasına  aparır. İstər kənddən şəhərə, istərsə də şəhərdən kəndə gedəndə onların digər insanlara, topluma, cəmiyyətə olan hörmətsizliyi, sayğısızlığı sanki azadlığın bir forması kimi təqdim olunur. Bu, azadlıq deyil. Bu, tərbiyəsizlik,  mədəniyyətsizlik kimi ictimai qınağa tuş gəlməlidir.

Təsəvvür edin, şəhər adamı insanların birgə yaşadığı kəndlərə şortiklə gedir, dini məbədlərin yanında alkoqol qəbul edir, başıaçıq məscidlərə, sinaqoqlara və yaxud katolik-pravoslav kilsəsinə girmək cəhdləri olub ki, biz bunu hər zaman qınaq obyektinə çevirmişik. Fərd cəmiyyətdə insanlara qarşı necə davranırsa, ona qarşı da o cür münasibət olacaq. Yəni tərbiyəsiz, əxlaqsız aparacaqsa, ona da o cür adam kimi baxacaqlar, mədəniyyətli olacaqsa buna cavab olaraq sevgi, sayğı ilə qarşılanacaq”.

Kulturoloq  daha bir məsələni qeyd edib: “Sanki kənd adamları şəhərə gələndə çox böyük mental toqquşmalarla rastlaşırlar. Bir tərəfdən ailə içində kənddə olduğu kimi yaşamaq istəyir, bu xüsusən ailəyə, qadına olan münasibətdə özünü göstərir, digər tərəfdən şəhərli  olmaq iddiasında olsalar da özlərini kənddə olduqları kimi  aparırlar. Yəni yüksək tonla danışmaq, ictimai nəqliyyata əhəmiyyət verməmək, metro və ictimai yerlərdə səliqəsiz, nə gəldi geyinmək, günlərlə çimməmək, qoxu verən formada gəzmək kimi rastlaşırıq. Eyni zamanda, şəhər adamları kəndə gedəndə kəndin gözəlliyini pozur, maşınları bərk sürür ki, gətirdikləri yeməkləri hara gəldi atır, meşələrin yanmasına səbəb olur, dəniz sahilində qeyri-etik davranışlar nümayiş etdirir və sairə, bu da kənd adamlarını narahat edir.

Əlbəttə ki, bütün bunlar bizim ictimai davranışlarda, etik normalarımızda olan problemlərdən xəbər verir. Dünya görüşlərinin, mentalitetlərin toqquşmasının qurbanı  olmayaq deyə, hər kəs ümumi qəbul edilmiş etik normalara və xalqın qəbul etdiyi, tarixən də indinin özündə də mental  dəyələrimizin bir hissəsi olan normativ dəyərləri qəbul etməlidirlər. Üstəlik, qanunvericiliyimizdə də var ki, gecə saat 10-dan sonra səs-küy salmaq, yüksək tonla danışmaq, ictimai nəqliyyatda digərlərini bulaşdıracaq su, yeməkdən istifadə etmək, siqaret çəkmək, spirtli içki qəbul edib ictimai nəqliyyata çıxmaq olmaz. Bununla bağlı  inzibati və cinayət məcəlləsində xüsusi bəndlər var”.

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir