Bu gün çoxlarının, əsasən uşaqların kabusuna çevrilmiş göy öskürəkdən bəhs edəcəyik. Göy öskürək öskürək yolu ilə ətrafa səpələnmiş damcılardakı bakteriyalar tərəfindən insandan-insana ötürülən bir xəstəlikdir. Bəzən “boğmaca” da adlandırılılan bu infeksiyaya bakteria səbəb olur. Burun və boğazdan hava yolu ilə asanlıqla insandan-insana yoluxan yüksək yoluxucu xəstəlikdir. Əsasən uşaqlarda bu boğucu öskürəyin yaranma riskinin yüksək olmasına baxmayaraq, xəstəlik hər yaşda meydana gələ bilər.
Mövzu ilə bağlı “Gencaile.az” saytının həmsöhbəti Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasovadır. O, göy öskürəyin simptomları, profilaktikası, diaqnoz və müalicəsindən danışdı.
Nərminə xanım bildirdi ki, ümumiyyətlə, göy öskürək əsasən soyuqdəymə əlamətləri kimi başlayır. Simptomlara burunun axması, subfebril hərarət, yorğunluq, yüngül və ya aşağı tezlikli öskürəklər aid edilə bilər:
“Zamanla öskürək daha da ağırlaşır. Öksürək bir neçə həftə, bəzən 10 həftə və ya daha uzun davam edə bilər. Elmi tədqiqatlar göstərir ki, iki və ya üç həftədən çox davam edən öskürəyi olan 20 yetkin xəstədən 1-i göy öskürək ola bilər. Simptomların kəskinlik dərəcəsi insanlardan asılı olaraq dəyişə bilər. Simptomlar daha əvvəl infeksiyaya qarşı profilaktika tədbirləri almış şəxslərdə əsasən daha az şiddətli olur”.
Terapevt qeyd etdi ki, yetkin xəstələrdə göy öskürəyin simptomları uzun çəkən kəskin öskürək, daha sonra nəfəsi bərpa etmək üçün nəfəsalma, eyni zamanda öskürəkdən sonra qusma halı və öskürəkdən sonra taqətsizlikdən ibarət ola bilər:
“Klassik bir simptom da vardır ki, bu zaman kəskin öskürək tutmasından sonra xəstə nəfəs almağa başlayanda yüksək amplitudlu səs çıxarır. Bu simptom göy öskürək olan yetkin şəxslərdə olmaya da bilər. Adətən xəstəliyin inkubasiya dövrü 7-10 gün davam edir. Öskürəkdən tam xilas olma isə 2-3 ay çəkə bilər”.
Həkim deyir ki, göy öskürək üç mərhələdə bölünür. Onun sözlərinə görə, birinci mərhələdə əsasən göy öskürəyin erkən mərhələsi bir-iki həftə davam edir. Bu müddət ərzində simptomlar ümumi soyuqdəymə əlamətlərinə bənzəyir. Bu mərhələ ərzində yoluxdurma qabiliyyəti çox yüksək olur:
“İkinci mərhələdə şiddətli öskürək inkişaf edir. Öskürəklər arasında, insanlar tez-tez nəfəs almaqdan narahat olur, onlarda bu zaman salivasiya və gözün yaşarması müşahidə olunur. Kəskin öskürəkdən sonra qusma və taqətsizlik də simptomları izləyə bilər. Bu mərhələ adətən 1-6 həftə davam edir, lakin 10 həftə də davam edə bilər. Üçüncü mərhələdə isə öskürək azalmağa başlayır və bu mərhələdə artıq yoluxucu deyilsiniz. Mərhələ adətən 2-3 həftə davam edir. Soyuqdəymə də daxil olmaqla, digər respirator infeksiyalara qarşı daha həssas olduğunuza görə, göy öskürəklə yanaşı xəstəliklərin yaranması halında sağalma daha uzun çəkə bilər”.
Həkim bildirdi ki, göy öskürək zamanı uşaqlarda böyüklərə nisbətən daha çox ağırlaşma hallarının olmasına baxmayaraq, böyüklərdə də bəzi ağırlaşma halları baş verə bilər. Onun sözlərinə görə, xroniki göy öskürəyi olan böyüklərdə çəki itirmək, sidik qaçırma və ya hamamda qəzalar, pnevmoniya, öskürək səbəbi ilə qabırğa qırıqları, yuxusuzluq kimi hallar baş verir. Nərminə xanım bildirdi ki, göy öskürəyin qarşısını almaq üçün ən yaxşı yol vaksinasiyadır:
“Vaksinlərin effektivliyi zamanla azalır. Uşaq olarkən vaksin vurulan yetkin şəxslər ya xəstəliyə yoluxmur, ya da daha yüngül keçirir. Öskürək hələ meydana gəlmiş olmasa belə, göy öskürəyi olan biri ilə əlaqədə olduğunuzu düşünürsünüzsə və ya xəstəliyə şübhələriniz varsa, dərhal həkimə müraciət etməlisiz. Adətən burun və ağız seliyindən yaxma götürülərək göy öskürəyə diaqnoz qoyulur. Həmçinin qan testi də tələb edilə bilər. Xəstənin erkən müalicəsi vacibdir. Çünki bu müalicə infeksiyanın xəstəliyə çox həssas olan digər insanlara, xüsusilə də körpələrə yayılmasının qarşısını almağa kömək edə bilər”.
Nərminə xanım vurğuladı ki, xəstəliyin müalicəsində antibiotiklərdən istifadə olunur. Bu da həm xəstəliyin simptomlarının yüngül keçməsinə, həm də sağalma müddətinin qısalmasına kömək edir. Ancaq öskürək 2-3 həftədən çox davam edərsə, ola bilsin ki, antibiotiklər kömək etməsin:
“Öskürək dərmanları qəbul etmək əlamətləri yüngülləşdirə bilmir deyə, biz həkimlər tərəfindən təlimat verilmədikcə, bu dərmanların istifadəsi məsləhət görülmür”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)