Bu günlərdə sosial şəbəkələrdə ürək-damar xəstəliklərinin dünya ölkələrindəki miqyasını əks etdirən statistika yayılıb. Bildirilir ki, kişilərdə ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm hallarına görə Azərbaycan dünyada 1-ci yerdədir. İlk “beşlik”də həmçinin Tacikistan (2), Belarus (3), Özbəkistan (4) və Ukrayna (5) yer alıb.
Gürcüstan 18-ci, Rusiya 21-ci, Ermənistan 26-cı, İran 66-cı, Türkiyə isə 117-ci yerdədir. Ən sonuncu yerdə isə Yaponiya (182) və Cənubi Koreyadır (183). Yəni yaponlar və cənubi koreyalılar arasında infarktdan ölənlər minimumdur. Qadınların eyni statistikasına əsasən isə Azərbaycan 2-ci sırada qərar tutub. Başqa sözlə, bu göstərici üzrə də anti-rekordçuyuq.
Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatlarına görə də, ölkəmizlə sözügedən xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi isə 388.41 olub. Rusiya isə 204.50 reytinq dərəcəsi ilə siyahıda 27-ci yerdə qərarlaşıb və bununla ürək, qan-damar sistemi xəstəliklərinə görə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri hesab edilib. Ən riskli ölkələr sırasında Ukrayna 4-cü, Gürcüstan 24-cü, Ermənistan 28-ci olub. Türkiyə isə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinqdə 127-ci yerdə qərarlaşıb.
Belə bir statistika reallığı nə dərəcədə əks etdirir və doğrudursa, səbəb nədir?
Yeri gəlmişkən, son günlər qəfil ürəktutmasından vəfat edənlərin sayında artım müşahidə edilir. Yaxın günlərdə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin 48 yaşında qəfil vəfatı hər kəsi sarsıtdı. Bir gün öncə isə Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqovın qəfil ölümü gözlənilməz oldu. Onun səhər saatlarında ürəktutmasından vəfat etdiyini Ədliyyə Nazirliyi təsdiq etdi.
Ötən gün isə Bakıda ağır yol qəzasının baş verməsinin səbəbi də sürücünün qəfil ürəktutmasından vəfat etməsi olub. Belə ki, Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yola çıxaraq səkidəki insanlara və ağaca çırpılıb. Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb. İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub.
Bununla belə, son ildə qəfil ürəktutmasından ölümlərinin artmasının səbəbini vaksinlərlə əlaqələndirənlər də var. İddia olunur ki, koronavirusa qarşı vurulan vaksinlər insanlarda ürək xəstəliklərinə, qəfil ölümlərə səbəb olub. Bəs görəsən, bu iddiaların hər hansı əsası varmı?
Mövzu ilə bağlı kardioloq Jalə Abbasova dedi ki, ilkin səbəb xəstələrin vaxtlı-vaxtında müayinəyə gəlməmələridir: “Sinədə olan ağrılar, təzyiqin olması göstəricidir. Misal üçün, xəstə gəlib deyir ki, əsəbləşmişdim, ondan olub, amma kardioqramma edirik, görürük ki, onda artıq infarkt başlayıb. Soruşuruq ki, irsi faktor var ya yox, məlum olur ki, babasında olub. Bu, artıq irsi faktor sayılır. Bundan əlavə, oturaq həyat tərzi, hərəkətsizlik çox artıb. Üstəgəl, cavanlar arasında ölüm sayı daha çoxdur. Son vaxtlarda gənclərin istifadə etdiyi energetik içkilər, tablet formasında narkotik maddələr də qəfil ölümlərə səbəb olur. Eyni zamanda elektron siqaretlər təhlükə mənbəyidir. İnsanlar elə başa düşür ki, elektron siqaretlər asılılıq yaratmır. Bu belə deyil, onlarda olan nikotin o biri siqaretlərdən daha çoxdur. Asılılıq da yaradır. Sinir sistemi, gərginlik, gənclər çox əsəbidirlər. Ali təhsil alıb gəlirlər, işsizlik səbəbindən daim gərgin, əsəbi olurlar. Maddi vəziyyətin aşağı olması qəfləti ürək ölümlərinə səbəb olur”.
Kordioloq onu da əlavə edir ki, son illərdə ürəktutmasından qəfləti ölümlərin yaranmasının əsas səbəbi də COVİD-lə bağlıdır: “Əvvəldən də qeyd edilirdi ki, COVİD-dən sonra qan-damar xəstəlikləri artacaq. Yəni COVİD-dən sağalmaq o demək deyil ki, insan tam sağlamdır. Baxın, üstündən bir il keçib, ürəkdən ölümlərin sayı artıb. Ölümlərə səbəb vaksinlər deyil. Təəssüf ki, məhz Azərbaycanda tibb bacıları evdə “həkimlik” edib əksər xəstələrə sistem köçürdülər. Xəstə COVİD-dən sağaldı, amma onun ağırlaşmalarını biz kardioloqlar gördük. Cavan adam gəlir ki, təngnəfəsdir. Məlum olur ki, COVİD-ə yoluxub, evdə müalicə alıb, ağır sistemlər vurulub, ürəyin gücü 15 faizə düşüb. Çox təəssüf ki, COVİD ağırlaşmaları və onların düzgün müalicə olunmamasının indi acı nəticələrini görürük. Bu yalnız bizdə oldu ki, tibb bacıları müalicə yazırdı, insanlar da elə inanırdılar ki. Həmin evdə müalicə nəticəsində ağırlaşmaların əksəriyyətinin qarşısını aldıq. Çox belə xəstə qəbul etdik. Azərbaycanda ölümün ən əsas səbəbi də budur. Hazırda COVİD olmasa da, onun dəyişmiş formaları var. Amma yenə də soruşursan, deyirlər sistem edirik. Sistemdə “Kokarboksilaza”, “Riboksin”, natrium-xlor. Kokarboksilaza, “Riboksin” artıq dünya səhiyyəsində yoxdur. Xəstələnmisiniz, hərarət var, həkimə müraciət edin. İlk növbədə terapevtə gəlsinlər. Bundan sonra qan analizi götürülür, kardioloqa göndərilir, EKQ, EXO da olunur. Müayinələr normal olarsa, lakin şikayət davam edərsə digər kardioloji müayinələr davam etdirilir. İndi İcbari Tibbi Sığorta var, xəstələr pulsuz müayinələrdən keçə bilir. Dövlət bu şəraiti yaradıb. Yalnız düzgün həkimə müraciət etmək qalır. Problemlərdən biri də odur ki, təzyiqdən əziyyət çəkən qadınlarımız, kişilərimiz dərmanlarını qəbul edirlər, təzyiq normal olan kimi qəbul etmirlər. Sonra da şikayətlə gəlirlər ki, dərman təsir etmir. Ya da deyirlər həkim pisdir. Təzyiq dərmanını hər gün qəbul etmək lazımdır. Çünki infarkt, insult, ürək çatışmazlığı yaranır. Xolesterini çox olan xəstələr zəncəfil içirlər, amma xolesterin çoxdursa, buna o bitki təsir etməyəcək, buna mütləq dərman lazımdır. Təmiz havada gəzmək lazımdır, bəzən insanlar deyir, evdə gəzirik. Xeyir, havada olmaq, gəzmək lazımdır ki, damarlara oksigen gəlsin, yağların parçalanması sürətlənsin, enerjiyə çevrilsin. Çörəyi yemirlər, amma şirniyyatı yeyirlər, bunlar da un məmulatı sayılır axı. Şəkəri olan xəstələr kardioloqa getmirlər. Yalnız diabetlər üçün dərman qəbul edirlər. Onlar qan durulaşdırıcı, xolesterin dərmanlarını qəbul etməlidirlər. Dünyada qəbul olunmuş protokol var. Qidalanma mütləq düzgün olmalıdır. Xüsusilə 40 yaşından sonra qidalanmaya fikir verilməlidir, duzlu qidalardan, şirniyyatlardan uzaq durmaq lazımdır”.
Qeyd edək ki, Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Odur ki, mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırır.
Statistikaya görə, dünyada və o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən mərkəzin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın sözlərinə görə, ilkin səhiyyə xidməti üzrə aparılan araşdırmalar göstərir ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur və ölüm hadisəsi baş verdikdə digər insanlar bunu “vaxtsız gələn ölüm” hesab edir:
“Bəzən ürəklə bağlı ölümləri insanlar “vaxtsız gələn ölüm” hesab edirlər. Əslində bu belə deyil. Bu xəstəliklərdə erkən diaqnoz önəmlidir. İnsanların çoxu buna o qədər də əhəmiyyət vermir. Vaxtında profilaktik müayinələrdən keçmir, ilkin tibbi xidmətlərdən müntəzəm yararlanmır. Halbuki erkən diaqnozun qoyulması onları həyati təhlükələrdən xilas edə bilər. Biz, ilkin səhiyyə xidməti müəssisələri olaraq, vətəndaşlarımızı zamanında tibbi müayinələrdən keçməyə çağırırıq”.
İlkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir:
“Ailə (sahə) həkimləri onları müvafiq tibbi müayinələrdən keçirir, lazım olduğu təqdirdə həkim-kardioloqa, müvafiq qan analizlərinə yönləndirir. Xəstələrin müvafiq olaraq elektrokardioqramma və exokardioqrafiya müayinələrindən keçirilməsi onlarda sonradan ağır fəsadlara səbəb ola biləcək ürək-damar xəstəliklərinin aşkarlanmasına səbəb olur. Çox yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan keçsin”.
Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir.
Afaq MİRAYİQ