“Gencaile.az” saytının “Kişi sözü” rubrikasının budəfəki qonağı tanınmış telejurnalist Elvin Basqallıdır. Onu efirdən hamımız tanıyırdıq, amma gəlin, bir az da şəxsi motivdə tanıyaq.
– Elvin jurnalist olmasaydı indi nə işləyirdi?
– İqtisadiyyatı yaxşı bilirəm və sevirəm. İqtisadçı olardım, vəkil olardım, pedaqoq olardım və ya peşəkar voleybolla məşğul olardım.
– Tələbəlik necə keçib?
– İxtisasım üzrə “Təfəkkür” Universitetində bakalvr, BDU-da magistr təhsili almışam. Heyatımın ən maraqlı illəridi tələbəllik illəri. Təəssüf ki, həyatımın ən ağır itkisini tələbəllik illərində yaşamışam, 4-cü kursda oxuyanda atamı itirmişəm. Magistr kimi isə artıq mən peşəkar jurnalistikada idim, həyat yoldaşımla da məhz BDU-da tanış olmuşam.
– Yəni çoxlu sevgi hekayələri yaşamağa macal tapmamısınız…
– İnsan bir dəfə sevə bilir. Mən öz həyat yoldaşımı sevirəm, bu gün sevən insan dünəni xatırlaya, sabahı düşünə bilməz.
– Az-çox populyarlığınız var. Bu küçədə, yolda filanda narahatlıq yaradır?
– Heç bir halda bu məni narahat etmir. İnsanların tanımağı yalnız xoş təəsurat yarada bilər. Əslində isə mən çox fikir edən, düşünən biri olduğum üçün, yolda, bayırda fikirli oluram, əksər hallarda, öz aləmimə qapanıram və ətrafda olan münasibətin fərqinə dərindən vara bilmirəm.
– Heç olur ki, ərtafdakılar “Aaa aparıcı” deyib ulduzluq hissləri bəxş etsinlər?
– Ulduzluq hissi, ulduzluq xəstəliyi ulduzluqdan əvvəl və sonra olur mencə. Yəni insan tanındığının, populyarlığının fərqinə, üstünlüyünə, xeyrinə, ziyanına populyarlıq qazanmamışdan əvvəl və ya populyarlığı itirdikdən sonra varmağa və bu haqda düşünməyə başlayır. Hazırda mən efirə ulduzluq tranpilini kimi yox, həyat tərzi kimi baxıram. Hər gün iki dəfə eyni vaxtda tamaşaçıların qarşısına çıxıram. Bu sənətimdə ən gözəl hissdir. Tam səmimi deyim, nə qədər tanınmağım yox, nə qədər qəbul edilməyim mənim üçün maraqlıdır. Sosial şəbəkə üzərindən hər gün bir neçə tamaşaçı alqışı, sevgisi xeyir-duası gəlir, elə tənqidlər də həmçinin. Yəni tanınmaq yox, münasibət vacibdir.
– “Şərq” qəzeti, ANS, sonra ATV, indi isə “Space”. Hansında daha rahat idi?
– “Şərq” qəzeti haqqında dəyişməz bir fikrim var – buradakı yaradıcı mühit yollarıma işıq saçdı. Peşəkarların çalışdığı, peşəkarların rəhbərlik etdiyi bu qəzetlə jurnalistikaya gəldiyimə görə özümü şanslı sayıram. ATV-də telejurnalist kimi formalaşdım, bu kanalın auditoriya imkanları, yaradıcı potensialı mənə çox kömək etdi. Jurnalist kimi tanındım, özünə güvən formalaşdı, öyrəndim, çox öyrəndim. Amma meydan lazım idi, oxumaqla, izləməklə bəs etmir, daha çox öyrənmək üçün həm də tətbiq etmək imkanın olmalıdır. Bu imkanı mənə “Space” verdi. İlk dəfə aparıcı kimi efirə çıxdım. “Space”ə gəlməyimin 3-cü günündə “Ana xəber”lə efirə başladım. İlk xəbər efirimin ardınca “Qərəzə qarşı” müəllif verilişini də apardım. Sonra “Üz-üz”ə tok şou-sunun aparıcısı, “Abituriyent” verilişinin aparıcısı oldum. Qarşıma imkanlar sərildi. Aparıcı-redaktor kimi mənə yaradıcılıq potensialımı sərgiləmək üçün butun imkanlar verildi. Rahatlığa gələndə isə mən işdə rahatlıgı sevmirəm, daim zəhmət çəkmək həyat tərzimdir.
– Yaxşı, hansında daha çox şey öyrəndiniz?
– ATV-də öyrəndiklərim müxbir səviyyəsində idi. Burada öyrəndiklerim hər zaman mənə kömək edir. Amma “Space”də bugünkü Elvin Basqallı formalaşıb. “Space” daha dərin iz buraxıb karyeramda. Ən mühüm çəkilişlərdə oldum, aparıcılıq, redaktorluq, xarici səfərlər, tok-şou aparmaq, canlı baglantı ilkləri məhz “Space”də yaşadım.
– “Space”in xəbər komandası teleməkanda hansı yerdədir?
– Sıra sayı ilə ifadə etmək istəməzdim. Kifayət qədər rəqabət gücü olan bir xəbər buraxılışı təqdim edə bilirik. Xəbər komandamızın redaktor-müxbiri Bəturə Nebiyevanın qələmi mənim üçün rəqibsizdir, çox fərqli, maraqlı jurnalistikası var, sosial muxbirimiz Pərvin İsmayılovaya isə teleməkanda operativlikdə rəqib görmürəm.
– Yəqin efir arxasında elə hadisələr baş verib ki, hər xatırlayanda o ki var gülürsünüz…
– Efirə bir neçə saniyə qalmış mikrafonu kostyuma taxmışam və efirə hazır olmuşam. Təngnəfəs salamlaşmışam və anonslardan sonra da xəbərləri oxumağa gücüm çatmayıb. Sujet efirə gedəndə lampa da partlayıb, suflyor da itib, əlimdəki kağızda yazı olmayıb, efirdə donub qalmışam, başıma o qədər oyunlar gəlib ki…
– Hər günün xəbərin içindəsiniz? Olurmu ki, bu həyat tərzi sizi yorsun – hər şeyi atıb hansısa uzaq bir yerə – internetsiz, televiziyasız, telefonsuz bir yerə qaçmaq hissi yaransın?
– Hələ ki, belə hiss yaşamıram. Üçüncü ildir ki, məzuniyyətdən də imtina edirəm. Üç il əvvəl ATV-də işlədiyim vaxt yay məzuniyyətində bölgələrə getmişdim, işsiz qala bilmədim, bölgədəki dostlarımla çəkilişlərə getdim. İki həftə sonra artıq iş üçün çox darıxdım, işə qayıtdım.
– Deyəsən, şeir də yazırsınız…
– 17 il əvvəl başlamışam şeir yazmağa. Yalnız şeir yazmıram, hekayələrim də var. “Bir Ankara əfsanəsi”, “Böyrək alveri”, “Dəli rus gözəli qadınlar məhbəsində” kimi hekayələr yazmışdım. Yüzlərlə şeirim var. Amma indi şeirlərə vaxt ayırmağa vaxtım yoxdu, hər gün aparıcı təqdimatları yazıram, söz rəqsimi təqdimatlarda edirəm, şeir yazmağa vaxtım, həvəsim və potensialım qalmır, amma mütləq şeirə də vaxt ayıracam. Bir də ki, eşq acısını yaşayanlar daha yaxşı ədəbiyyat yarada bilir, amma mənim işlərim rəvandı, şükürlər olsun ki, şeir yazdıracaq bir dərdim yoxdu.
– Bu şeirlər işlər rəvan olmayanda yaranıb?
– Hə, şairlər xoşbəxtlikdən şeir yazmaz.
– Şah əsəriniz hesab etdiyiniz şeirinizin şah bəndini oxucularımızla paylaşmanızı istərdim.
Kim deyir sevməyə illər lazımdı,
Cəmi 5 dəqiqəyə də sevmək olarmış,
Sinədə soyuyub, buz olan qəlbi
Kiməsə sevərək vermək olarmış.
Bu şeiri həyat yoldaşımla tanış olandan sonra yazmışdım.
– Ailə büdcəsini kim doldurur?
– Biz böyük ailəyik, anam mənim və qardaşlarımın ailəsi hamımız bir evdə yaşayırıq. Büdcəmizi biz qardaşlar formalaşdırırıq.
– Bəs kim idarə edir?
– Anam.
– Övladınız var.
– İki oğlum var – Rəvan iki yaşında, Ramal 4 aylıq.
– Gələcəkdə jurnalist olmaq istəsələr…
– Bu, məni üzər. İstəmərəm, jurnalist olsunlar, göz həkimi və vəkil olsunlar. Amma istənilən halda seçimlərinə ciddi şəkildə təsir etmərəm.
– Həyat yoldaşınızın başını isə yəqin uşaqlar qatıb, karyera qurmağa vaxt yoxdur…
– Bəli, qadın üçün ən yaxşı karyera çox yaxşı ana olmaqdır.
Söhbətləşdi: Vüsal