ipoteka-ev

Mərhumun ipoteka borcunu varisləri ödəyəcək? – Panikaya səbəb olan səhv

Baxış sayı: 659

Dövlət qurumlarımızın mətbuat xidmətləri bəzən adamı heyran edir, amma, təəssüf ki, müsbət mənada deyil. Məsələn, bu günlərdə Azərbaycan mətbuatında mərhumun ipoteka krediti üzrə borcunun onun varisləri tərəfindən ödəniləcəyi xəbəri yayılıb…

Həmişə olduğu kimi, bütün mediada məlumat yayıldı və borc alanlar panikaya düşdülər. Axı, onların çoxu illərdir həyat sığortası ödəyir – bu, banklarda ev almaq üçün uzunmüddətli kreditlə bağlı müraciət edərkən standart şərtdir. İndi isə belə çıxır ki, illərdir ödənilən bu pullar havaya sovrulur…

Axı məlumatda deyilir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında və Mülki Məcəlləyə uyğun olaraq “ipoteka kreditlərinin ödənilməsinin yeni qaydasını” müəyyən edib. Bu qaydalara görə, indi “mərhumun ipoteka krediti üzrə borcunu onun varisləri ödəyəcək”.

Amma yaxşı ki, hər şey yaxşı sonluqla nəticələndi. Sən demə, panika əsassızdır, ipoteka kreditlərində heç bir dəyişiklik yoxdur və bütün bu çaşqınlıqlara səbəb Konstitusiya Məhkəməsinin (KM) mətbuat xidmətinin səriştəsizliyi olub.

ekrem hesenov

Bunu izah edən hüquqşünas və maliyyəçi Əkrəm Həsənov oxucularımızı sakitləşdirir:

– Hər şey ondan başladı ki, Bakı Apellyasiya Məhkəməsi birbaşa ipoteka kreditləşməsi ilə bağlı olmayan xırda texniki məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Sadəcə KM-in zəif mətbuat xidməti var, bu məqamı yaxşı izah etmədi və bu, insanlar arasında panikaya səbəb oldu. Beləliklə, ipoteka kreditorlarının narahat olması üçün heç bir səbəb yoxdur. Borcalanın ölümündən sonra ipoteka kreditinin ödənilməsi qaydası eyni olaraq qalır. Mənzilin alınması üçün uzunmüddətli kredit həyat sığortasını nəzərdə tutursa, borcalanın ölümü halında, ipotekanı sığorta şirkəti ödəyəcək.

 

– Bu hadisənin səbəbi anlayışların vəzlənməsindədir?

– Bu məsələdə Konstitusiya Məhkəməsi geniş mənada ipotekanı nəzərdə tuturdu. Axı bu anlayış mütləq olaraq ev almaq üçün götürülən ipoteka krediti deyil. İpoteka dedikdə daşınar və daşınmaz əmlakın – evlərin, mənzillərin, torpaqların, avtomobillərin xüsusi girov forması nəzərdə tutulur. Üstəlik, kreditin təyinatından asılı olmayaraq, istehlakçı, biznes və hər hansı digər ola biləcək girovun xüsusi formaları hesab olunur.

Konstitusiya Məhkəməsi ipoteka kreditləşməsindən (mənzil almaq üçün uzunmüddətli kreditləşmə – red.) yox, ipotekadan danışırdı. Onlar Apellyasiya Məhkəməsinin təklifi ilə əhəmiyyətsiz, sırf texniki detala münasibət bildiriblər, amma Konstitusiya Məhkəməsinin mətbuat xidməti bütün bunları mahiyyətini açıqlamadan bu cür təqdim edib.

İpoteka krediti mənzil almaq üçün uzunmüddətli krediti nəzərdə tutur. O, adətən, lakin həmişə deyil, bankın xeyrinə girovla yüklənir. Bu zaman borcalanın həyatı sığortalanır, çünki pul ona uzun müddətlik verilir. Əgər həyat sığortalanıbsa, o zaman borcalanın ölümü halında ipoteka krediti üzrə borc varislərə aid deyil. Bunu sığorta şirkəti ödəyir. Müvafiq olaraq, girov qoyulmuş əmlakdan heç bir girov tutulmur.

 

– Bəs həyat sığortası ilə ipoteka kreditləşməsini bir kənara qoysaq, borclar miras olaraq varislərə qalırmı?

– Əgər ümumiyyətlə, kreditdən danışırıqsa, deyək ki, mərhumun borcu var və miras qalmış əmlakı var. Bəli, o zaman alınan əmlak çərçivəsində vərəsələr, təbii ki, onun öhdəliklərinə görə məsuliyyət daşıyırlar. Hər şey borcalanın sağlığında olduğu kimidir, çünki o, öz əmlakı ilə borclara cavabdehdir. Qanunla və ədalətlə belə məsuliyyəti onun vərəsələri daşıyır, təbii ki, miras qalan məbləğ çərçivəsində.

Bunda yeni heç nə yoxdur, həmişə belə olub. Ona görə də Konstitusiya Məhkəməsinin niyə bu işi icraata qəbul etdiyi tam aydın deyil. Məsələn, mərhumun arvadı və azyaşlı övladına onun 100 min manatlıq mənzili və 20 min manatlıq borcu miras qalır. Qanuna görə, onlar borcu ödəməlidirlər. Pulları olmasa belə, bank onsuz da məhkəməyə verəcək və əmlaka girov qoyaraq öz payını götürüb qalanını geri alacaq.

 

– Ədalətlidirmi?

– Bəli. Axı belə bir qayda vəsiyyət edənin sağlığında da mövcud idi. O, sağlığında borclarına cavabdeh idi və öldükdən sonra bu öhdəliklər onun varislərinə keçir. Razıyam, bu yanaşmanı ədalətsiz adlandırmaq olar, ancaq bəzi istisan hallarda… Amma, əgər mərhumun bir neçə mənzili varsa və vərəsələri varsa, niyə də borclarını ödəməsinlər?

 

Emma Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir