ders

Dərslər bir saat tez başlasın, yoxsa yox?

Baxış sayı: 548

Sosial platformada yaradılmış təhsil forumlarında havaların isti keçməsi ilə əlaqədar dərslərin bir saat tez başlanılması təklif olunur. Təhsil eksperti Kamran Əsədov bildirir ki, hələ may ayı başa çatmasa da, Bakı şəhəri və Mərkəzi Aran rayonlarında şagirdlərin səhhətində isti hava ilə bağlı problemlər müşahidə olunur.

 

Dərslər bir saat tez başlasın?

“Artıq bir neçə məktəblinin ürəyi gedib, özündə narahatlıq hiss edənlər var. Bu, bir daha təsdiq edir ki, may ayının sonunda tədris ilini yekunlaşdırmaq lazımdır”, – ekspert deyir.

O xatırladıb ki, artıq Azərbaycan bir neçə ildir yay-qış vaxtına keçid etmir. Günəş daha erkən saatlarda çıxır. Ona görə də may ayında dərslər saat 08:00-da yox, 1 saat daha tez, yəni 07:00-da başlaya bilər.

“15 gündür ki, hər gün izləyirəm, saat 6-da artıq hava kifayət qədər işıqlı olur. İsti hava şəraiti ilə əlaqədar may ayında dərsləri daha tez başlayıb, günortanın yüksək istisi düşmədən dərsləri bitirmək olar”, – K.Əsədov bildirir.

 

Razı olan da var, narazı olan da…

Dərslərin vaxtınını dəyişməsi barədə təkliflər birmənalı qarşılanmayıb. Hava şəraiti ilə bağlı şagirdlərin qapalı sinif otaqlarında dərs keçməsinin çətin olduğunu müəllimlər də təsdiqləyir. Onlar bildirir ki, hava isti olduğundan sinif otaqlarının pəncərələrini açıq qoymağa məcbur olurlar. Bu zaman isə küçədə avtomobillərin səsi dərs keçməyə mane olur.

Bununla belə dərslərin bir saat tez başlanılması təklifi müsbət qarşılanmır. Müəllim və valideynlər səhər saat 07:00-da dərsə çatmaq üçün yuxudan ən azı 06:00-da durmalı olduqlarını, uzaqdan gələnlər üçün bunun ikiqat çətin olduğunu bildirirlər.

 

Bu yenilik problemlər yaradacaq

Təhsil eksperti Nadir İsrafilov bildirir ki, dərs saatını dəyişmək yox, tədris ilinin başlanılma və başa çatma müddəti dəyişdirilməlidir. Onun sözlərinə görə, dərslərin bir saat tez başlanılması problemlər yaradacaq:

“Bu, işləyən valideynlərə problem yaradacaq. Bakıda metro səhər saat 06:00-da işə başlayır. Paytatxda isə heç də bütün müəllimlər və şagirdlər öz evlərinə yaxın məktəblərdə işləyib oxumurlar. Onların işə və dərsə gəlməsi çətin olacaq. Dünya ölkələri ilə müqayisə edib dərs saatının başlanılmasında dəyişiklik etmək olmaz. Təhsildə hər hansı yenilik, dəyişiklik hamı tərəfindən birmənalı qarşılanmır. Ən yaxşı halda bu təklifi eksprement şəklində tətbiq etmək olar. Təhlillər aparıb təsirlərini öyrənmək lazımdır ki, dərs prosesinə, dəvamiyyətə necə təsir göstərib. Bundan sonra qərar verilməlidir”.

 

Məktəblərə yeni səlahiyyət

N.İsrafilovun sözlərinə görə, dərs saatı ilə bağlı dəyişiklik barədə məktəblərin də sərbəst qərar vermək hüququ var:

“Bu məsələ bir dəfə də ictimailəşmişdi. O zaman Elm və Təhsil naziri Emin Əmrullayevin yanaşması belə oldu ki, bu cür məsələlər məktəbin öz daxili nizamnaməsi ilə müəyyənləşə bilər. Amma məktəb rəhbərliyi təkbaşına buna qərar verə bilməz. Bu zaman məktəbin pedoqoji heyyətinin, valideynlərin də fikri öyrənilməlidir”.

Ekspert bidlirir ki, hazırki dönəmdə ən uyğun variant tədris ilinin başlanılma və başa müddətində dəyişiklik etməkdir. Onun sözlərinə görə, nazir özü də dərslərin sentyabrın 1-də başlanılıb iyunun 14-də başa çatması təklifini dəstəkləyib. Həmsöhbətimiz bildirir ki, bu halda isə dərs müddəti daha iki həftə uzanmış olur. N. İsrafilov deyir ki, amma dərs ilinin müddətinin uzadılmasının keyfiyyətə elə təsiri yoxdur.

“Mənim fikrimcə, bu məsələ ictimaiyyətin müzakirəsinə çıxardılmalıdır. İctimai iştirakçılıq haqqında prezidentin sərəncamı var. Ona görə də ümumi rəy nəzərə alınmalıdır. Hesab edirəm ki, ən uğurlu yanaşma dərslərin mayın sonunda başa çatmasıdır. Beləcə uşaqların isti havada məktəbə getmək problemi birdəfəlik həll olunar”, – deyə ekspert bildirir.

 

Uşaqları çox erkən yuxudan qaldırmağın zərərlər…

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev bildirir ki, yuxu rejiminə əməl olunması böyüməkdə olan uşaq orqanizmi üçün vacibdir. Kafedra müdiri bildirib ki, uşaqların yuxu rejiminin pozulması onların sağlamlığına ciddi təsir göstərir. Həmsöhbətimiz bildirib ki, uşaqların yuxu rejimi onların istədiyi qədər olmalıdır:

“İnsandan başqa heç bir canlı övladını nəyəsə vadar etmir. Bədənin öz bioloji saatı var. İnsan yuxudan doyanda özü ayılır. Amma biz məcburuq ki, özümüz işə, uşaqlar məktəbə getdiyindən yuxudan erkən qalxaq. Onsuz da indi uşaqlar dərslər erkən başladığından yuxudan tez qalxır. Əgər dərslər saat 07:00-da başlasa uşaqlar məcburdur ki, yuxudan 06:00-da qalxsın. Bu saatda yuxudan durmaq uşağın əsəb sistemini poza bilər. Yuxu rejiminin pozulması uşağın böyüməsinə də təsir göstərir. Ona görə də uşaqları yuxudan çox erkən qaldırmaq tibbi baxımdan da doğru deyil”.

 

Uşaqlar nə qədər yatmalıdır?

Xatırladaq ki, bir neçə il öncə Amerikanın Milli Yuxu Fondu (National Sleep Foundation) məktəblilərin yuxu rejimi ilə bağlı maraqlı bir araşdırma aparmışdı. Araşdırmanın nəticəsində yuxudan erkən qalxmağın məktəblilərin böyüməsinə təsir etdiyi ortaya çıxıb.

Fondun araşdırmalarına görə, yaşından asılı olaraq məktəblilərin yuxuya ehtiyacları dəyişir. 6-13 yaşlı məktəblilər gündəlik olaraq gecə 9-11 saat, 14-17 yaşlılar isə 8-10 saat yatmalıdır. Lakin araşdırmalar nəticəsində bəlli olub ki, əslində yeniyetmələrin böyük əksəriyyəti lazımi qədər yatmır. Yeniyetmələrin təxminən 60 faizinin normal yuxu rejimi yoxdur.

Gec yatmaq, məktəbə görə səhər erkəndən durmaq məktəblilərdə böyük problemlər yaradır. Bu amil məktəblilərin uğurlarına, dərsi qavramalarına, sağlamlığına mənfi təsir edir. Pediatrlar da orta və ali məktəblərdə dərslərin 08:30-dan tez başlamasının tərəfdarı deyillər. Onların fikrincə, az yatan məktəblilər digərləri ilə müqayisədə daha əsəbi, yorğun olurlar. Əsəbləri gərgin olduğundan onlar daha çox münaqişəyə meyl göstərirlər.

Bu məktəblilər münaqişə ilə yanaşı, alkoqol və narkotiklərə qurşanmada da daha çox risk qrupu hesab edilirlər. Belə məktəblilər arasında depressiya, intihara meyllik digərləri ilə müqayisədə yüksək olur. Yetərincə yuxu ilə qidalanmamaq fiziki, psixi problemlərə yol açır, bu şəxslərin şəkər, müxtəlif ürək xəstəlikləri, artıq çəkidən əziyyətçəkmə riski artır. Qeyd edək ki, Qazaxıstan və ABŞ-da dərslər 08:30-da, İngiltərədə isə saat 09:00-da başlayır.

Məlumat üçün bildirək ki, Azərbaycanda ümumtəhsil müəssisələrində dərslər səhər saat 08:00-da başlayır. Kənd məktəblərində isə dərslərin başlanma vaxtı 08:30-dur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir