is

Münaqişə zamanı duyğuları necə idarə etmək olar?

Baxış sayı: 531

Münaqişə vəziyyətləri istənilən iş kollektivində yarana bilər. Bəzən sağlam münaqişə faydalıdır, çünki müzakirəyə səbəb olur və problemləri həll etmək üçün yollar açır. Ancaq çox vaxt bu, kollektivin işinə və bütövlükdə şirkətin səmərəliliyinə təsir göstərir.

İşdəki münaqişələrin liderlər üçün nəticələri:

1. Onları həll etmək üçün vaxt itkisi;

2. Məhsuldarlığın aşağı düşməsi (işçilər konsentrasiyanı itirirlər, çünki biri-biri ilə mübarizə aparmağa fokuslanırlar);

3. İşçilərin işə gəlməməsi;

4. Gərgin atmosfer səbəbindən kadr axını.

Liderin əsas məqsədi – işçilər arasındakı düşmən münasibətləri konstruktiv əlaqələrə çevirməkdir. İlk növbədə, onların diqqətini ümumi tapşırıqları yerinə yetirməyə yönəltmək və qarşılıqlı düşmənçilikdən qurtulmağa çalışmaq vacibdir.

Rəhbərin münaqişə vəziyyətindəki davranışının alqoritmi:

1) Münaqişəni görməzdən gəlməmək

İşçilər arasındakı mübahisələr bütün komandaya mənfi təsir göstərə və hətta şirkətin nüfuzuna xələl gətirə bilər. Siz əməkdaşlarınıza bu davranışın qəbuledilməz olduğunu və fikir ayrılıqlarının işə mane ola biləcəyini izah etməlisiniz.

2) Problemin mahiyyətini öyrənin

Çox vaxt mübahisənin əsl səbəbi duyğuların arxasında gizlənir. Onu tapmaq üçün hər bir işçidən problemi sakit şəkildə bildirməsini xahiş edin. Münaqişənin hansı mərhələdə olduğunu və nə qədər ziyan vurduğunu qiymətləndirin.

3) Tərəflərin məqsəd və maraqlarını müəyyənləşdirin

İşçilərin hansı ehtiyacları qarşılanmır və qarşıdurmaya səbəb olur? Rəqiblərin istədiklərini əldə etmək qabiliyyətini qiymətləndirmək vacibdir. Bəzən onlardan birinin niyyətindən əl çəkməsi daha yaxşıdır, çünki obyekt onun üçün əlçatmazdır. Eyni zamanda, münaqişədən əvvəl işçilərin bir-birinə qarşı necə münasibət göstərdiyini, o cümlədən digərlərinin bu məsələ haqqında nə düşündüyünü öyrənmək lazımdır.

4) Hər iki tərəfi dinləyin

Rəhbərin bitərəf olması vacibdir. Tərəflərdən birini dəstəkləməklə, münaqişənin sərhədlərini genişləndirmək, şirkətin nüfuzuna xələl gətirmək və hətta işçilərinizi itirmək riski ilə üzləşə bilərsiniz. Kimin günahkar olduğunu axtarmağa ehtiyac yoxdur. İşçilər öz baxışlarını qorumaq, rəhbər isə komandada əlverişli mühit təmin etmək istəyir. Deməli, hər kəsin məqsədinə çatmasına kömək edəcək bir həll yolu tapmalısınız.

Əksər işçilər onları dinləməyinizi istəyir, buna görə məsələnin iştirakçısı olan hər kəslə danışın. Və unutmayın: siz duyğuları deyil, faktları müzakirə etmək üçün burdasınız.

5) Məlumatların doğruluğunu yoxlayın

Fərdi müşahidələr və müxtəlif insanlarla görüşlərdən istifadə edərək, münaqişə haqqında məlumatları dəqiqləşdirin.

6) Sakit olun

Rəhbər hər zaman sakit və dərrakəli davranmalıdır. Bu, situasiyanın öhdəsindən gəlməyə və daya düzgün qərarı seçməyə kömək edir. Əgər duyğularınızı saxlaya bilməsəniz, problemin həll yolunu tapa bilməyəcəksiniz və hər şeyi daha da ağırlaşdıracaqsınız.

7) İctimai araşdırmalar təşkil etməyin

Münaqişədə nə qədər insanın iştirak etməsindən asılı olmayaraq, problemi ictimailəşdirmək lazım deyil. Belə ki, onun daha geniş vüsət alması üçün əlavə səbəb yaratmış olacaqsınız. Hər bir iştirakçı ilə ayrı-ayrılıqda danışmaq lazımdır.

8) Obyektiv olun

Qərar qəbul edərkən rəhbər şəxsi rəğbətini kənara qoyaraq, şirkətin və komandanın maraqları naminə hərəkət etməlidir. Bəzən münaqişə vəziyyətləri daha uzun müddət işləyən, şirkətə daha çox fayda verən və s. kimi “keçmiş ləyaqətlər” lehinə həll olunur. Əksər hallarda liderlər bu ləyaqətlərin münaqişə ilə heç bir əlaqəsi olmadığına əhəmiyyət vermirlər. Nəticədə qərar digər işçilərin narazılığına və nəticədə daha böyük qarşıdurmaya səbəb ola bilər.

9) Güzəştə gedin

Lider hər iki tərəfi də az və ya çox dərəcədə razı salacaq bir həll yolu tapmalıdır. İşçilər ən yaxşı dost olmaq məcburiyyətində deyillər, sadəcə işlərini görməlidirlər. Bəzən işləri düzəltməyin yeganə yolu qrupları yenidən təşkil etmək və ziddiyyətli işçilər arasındakı əlaqəni azaltmaqdır.

Unutmayın ki, şirkətin hədəfləri həmişə birinci yerdədir və əgər münaqişə davam edərsə, bu, məhsuldarlığa ciddi şəkildə təsir göstərə bilər.

10) Dərs götürün

Gələcəkdə oxşar vəziyyətlərin yenidən baş verməsinin qarşısını almaq üçün rəhbərin tədbir görməsi lazımdır: əmrlər vermək, iş təlimatlarını dəyişdirmək, şöbələr arasında qarşılıqlı əlaqə alqoritmi yaratmaq və s.

Ancaq unutmayın ki, lider lazımi vurğuları vaxtında qoymasa, tədbirlərin heç biri nəticə verməyəcəkdir. İnsanlar hər bir təşkilatda ən dəyərli qaynaqdır. Buna görə menecerin vəzifəsi işçilərə şirkətin əsas dəyərlərini və korporativ normalarını çatdırmaqdır.

Və rəhbər işçilərlə nə qədər çox ünsiyyət qurursa, vəziyyəti idarə etmək və ortaya çıxan fikir ayrılıqlarının münaqişəyə çevrilməsinin qarşısını almaq şansı da bir o qədər yüksəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir