Nermine Abbasova

Tutun faydaları haqda bilmədikləriniz – HƏKİM YAZIR

Baxış sayı: 512

Tut yazın axırları və yayın əvvəlində yetişən ən dadlı və faydalı meyvələrdən biridir. Tut nadir ağacdır ki, onun həm yarpağı, həm budağı, həm meyvəsi, həm də oduncağı çox qiymətlidir. İpəkqurdu yalnız və yalınız tut yarpağı ilə qidalanır, qurumuş tut budaqlarından təndirə yaxşı alışıq olur, közü üstündə kabab bişirirlər. Tut ağacından ət döymək üçün toxmaq hazırlanır. Su dəyirmanının unluğu, təhnəsi, xəlbirin və ələyin sağanağı tut ağacından hazırlanır.

Tut meyvəsi, ondan hazırlanan doşab və irçal daxili xəstəliklər zamanı çox böyük şəfaverici rol oynayır.

Qaraciyər xəstəlikləri zamanı qara tut, həzmi yaxşılaşdırmaq üçün isə tam yetişməmiş turş tut meyvələrini yemək müalicəvi təsir göstərir. O, həm də qan təzyiqini aşağı salır və iştaha gətirir. Tut meyvəsinin şirəsi boğaz ağrıları və difteriyada faydalıdır, angina zamanı qarqara kimi istifadə olunur.

Qara tutun meyvələri həzmi yaxşılaşdırır və mədəni möhkəmləndirir, dizenteriya, diabet, qanazlığı və orqanizmin ümumi zəifliyində çox faydalıdır.

Mövsüm zamanı istər ağ, istər qara tut gün ərzində azı 100 qram yeyilməlidir. Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir və qanın keyfiyyətini artırır. Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir. Qaraciyəri təmizləyir, ürək, qan-damar sağlığını qoruyur – qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir. Meyvəsi ürək infarktı riskini azaldır, şirəsi kompüterdə işləyənlərin gözləri üçün çox faydalıdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini və nəmlənməsini təmin edir. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər.

Ağ tutun yarpaqları dəmlənilərək soyuqdəymə zamanı hərarətsalıcı vasitə kimi, yarpaqları və qabıqları isə dəmləmə və bişirmə şəklində epilepsiya əleyhinə məlhəm kimi qoturluq əleyhinə işlədilir. Tutun gövdə və kök qabığının dəmləməsi, bişirməsi və maye ekstraktı hipertoniya və qurd xəstəliklərində tətbiq edilir.

Tut dərdlər dərmanı, yaralar məlhəmidir. Tut meyvəsi və ondan hazırlanan doşab və irçal daxili xəstəliklər zamanı çox böyük şəfaverici rol oynayır.

 

Nərminə Abbasova 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir