Oyun asılılığı narkotik və ya spirt ilə eyni asılılıqdır. Uşaqda qeyri-sağlam davranış, oyun vaxtının daimi artması, sosial əlaqələrin itirilməsi və digər əlamətlərlə özünü göstərə bilər. Bu barədə Lenta.ru-ya Doktor İsayevin Klinikasının psixoloqu Yevgeniya Morozova məlumat verib.
“Asılılıq zamanı həyatın bütün sahələri dağılır və oyun insanın həyatının mərkəzinə çevrilir. Oyun istirahətin bir hissəsi olmur, bir yeniyetmənin bütün həyatı onun ətrafında qurulmağa başlayır”, – deyə psixoloq bildirib.
Morozova görə, asılılıq zamanı yeniyetmənin oyundan başqa praktiki olaraq heç bir maraqları olmur, dostlar, sinif yoldaşları və ailə ilə ünsiyyət də maraqsız olur.
“Uşağı oyundan bir neçə dəqiqə belə yayındırmaq çox çətin olur. Əlaqə qurmur, onunla ünsiyyət qurmaq çətinləşir. Heç bir tələbi yerinə yetirmir. Beləliklə, uşaq əsasən mənfi fikir və hisslərlə reaksiya verir”, – pisxoloq qeyd edib.
Morozovanın fikrincə, hər hansı bir asılılıq kimi, oyun asılılığı da təsadüfən baş vermir: “Bir qayda olaraq, bundan əvvəl ailədə və ya məktəbdə problemlər yaranmış ola bilər. Uşaq güclü stress keçirəndə psixoloji travma alır. Burada oyun onun üçün “zehni anesteziyaya” çevrilir”.
“Oyun asılılığının inkişafının qarşısını almaq üçün uşaqla çox danışmaq lazımdır. Onun həyatında iştirak etmək və həmişə orada olmaq, ona dəstək olmaq və stresli vəziyyətlər yaratmamaq vacibdir. Əgər valideyn öz öhdəsindən gələ bilmirsə, vaxtında psixoloqla əlaqə saxlamaq lazımdır”, – deyə psixoloq məsləhət görür.
“Əgər siz artıq uşağınızda qumar asılılığının ilkin şərtlərini görmüsünüzsə, nə qədər tez bir mütəxəssisdən kömək istəsəniz, müalicə bir o qədər ağrısız və effektiv olacaqdır. İlkin mərhələlərdə vəziyyət psixoterapiyanın köməyi ilə düzəldilə bilər, lakin əgər asılılıq artıq dərinləşib və uzanıbsa, psixiatrla məsləhətləşmə və dərman müalicəsi tələb oluna bilər”, – o qeyd edib.
Psixoloq hesab edir ki, əgər uşağın asılılığı artıq formalaşıbsa, ilk növbədə söhbət aparmağa çalışmaq lazımdır. Bu vəziyyətdə uşağı nə danlaya, nə də qınaya bilərsiniz. Valideynlərin edə biləcəyi ən yaxşı şey kömək təklif etmək və psixoloqa müraciət etməkdir.
Elvin Səlimov