menzil

Azərbaycan vətəndaşı mənzil almaq üçün neçə il işləməlidir?

Baxış sayı: 547

Bir neçə gün öncə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev Real TV-yə müsahibəsi zamanı deyib ki, Azərbaycan vətəndaşları 10-11 illik gəlirləri ilə mənzil ala bilərlər. “Belə bir göstərici var: mənzillərin qiymətlərinin adam başına düşən ümumi illik orta gəlirə nisbəti. Bu nisbət müxtəlif ölkələrdə fərqlidir. Məsələn, bizim ölkəmizdə ekspertlərin qiymətləndirmələrinə görə bu, 10-11 həddindədir. Yəni, bir mənzilin qiyməti orta statistik azərbaycanlının 10-11 illik gəlirinə bərabərdir…” – Ziya Əliyev bildirib.

İqtisadçı, əmlak mütəxəssisi Abbas Məmmədov bildirir ki, Mərkəzi Bank sədrinin qeyd etdiyi qiymət-gəlir nisbəti (Price to Income Ratio) mənzil alışının əlçatanlığını ölçmək üçün başlıca göstəricidir və aşağı nisbət daha yaxşı əlçatanlığı göstərir. Bu nisbət orta evin qiyməti ilə müəyyən bir ərazidə orta illik ev təsərrüfatlarının gəliri arasındakı nisbətdir. Qiymət-gəlir nisbəti xüsusilə bir bölgədəki evlərin uzunmüddətli əlçatanlığını ölçmək üçün istifadə olunur. Banklar və maliyyə institutları ev kreditlərini genişləndirdikdə, onun ev krediti axtaran üçün nə qədər əlverişli olduğunu qiymətləndirmək üçün qiymət-gəlir nisbətini nəzərə alırlar. Əgər qiymət-gəlir nisbəti yüksəlirsə, bu o deməkdir ki, evlər daha az əlverişli olur. Əgər qiymət-gəlir nisbəti azalırsa, bu o deməkdir ki, evlər daha əlçatandır.

Abbas Məmmədov

Ekspertin sözlərinə görə, bir sıra təşkilat və institutlar qiymət-gəlir nisbətinin müxtəlif metodologiya ilə hesablanmasını həyata keçirirlər. Mərkəzi Bank sədrinin iddiası bu hesablamalarla müəyyən uyğunluq təşkil edir. Məsələn, Numbeo-nun Ölkələr üzrə Əmlak Qiymətləri İndeksinə (2023) görə, Azərbaycanın qiymət-gəlir nisbəti 14.5 ildir. Yəni, orta statistik azərbaycanlı təxminən 15 illik gəlirləri ilə mənzil sahibi ola bilər. Bu hesablama zamanı mənzilin orta sahəsi 90 kvadratmetr götürülür.

Abbas Məmmədov hesab edir ki, Mərkəzi Bank sədrinin iddiasının araşdırılmasına ehtiyac vardır. Çünki ölkə üzrə əhali gəlirləri ilə mütəmadi olaraq yüksələn mənzil qiymətlərinin nisbətini nəzərə aldıqda, ölkə vətəndaşının qeyd edilən müddət ərzində mənzil sahibi ola biləcəyi real görünmür.

“Dövlət Statistika Komitəsinin açıqlamasına görə 2023-cü ilin ilk rübündə ölkə üzrə orta aylıq əmək haqqının məbləği 900 manat civarında olub. Bu göstəriciyə əsasən sadə bir hesablama aparsaq, orta aylıq əmək haqqı alan bir ölkə vətəndaşı 11 il ərzində bütün əmək haqqını xərcləmədən yığsa, təxminən 119 min manat vəsait əldə edə bilər. Hazırkı bazar şərtlərində 119 min manat vəsait Bakı şəhərində orta ölçülü mənzil almaq üçün kiayət etmir. Bundan əlavə, rəsmi əmək müqaviləsi ilə işləyənlərin təxminən 40 %-i minimum əmək haqqı (345 manat) aldığını nəzərə aldıqda, işləyənlərin böyük əksəriyyətinin hazırkı şərtlərdə mənzil sahibi olması üçün bir neçə on illik lazım olduğunu demək olar”-deyən ekspert vurğulayıb ki, son dövrlərdə Bakının ilkin və təkrar mənzil bazarında qiymətlərin aybaay yüksəldiyi müşahidə edilir. Xüsusilə, Nəsimi, Yasamal, Səbail, Xətai rayonları və metro stansiyalarının yerləşdiyi ərazilərin ətraflarındakı yeni tikili mənzillərin qiymətində artım daimidir.

Məsələn, 2022-ci ilin sentyabr ayında Bakı şəhərinin ilkin mənzil bazarında orta mənzil qiyməti 212 960 manat, təkrar mənzil bazarında isə 143 442 manat olaraq müəyyən edilib. Bu göstəriciyə əsasən, hətta cari orta aylıq əmək haqqı ilə hesabladıqda, orta statistik bir ölkə vətəndaşı bütün əmək haqqını mənzil alışı üçün ayırsa, ona ilkin mənzil bazarından ev almaq üçün təxminən 20 il, təkrar mənzil bazarından ev almaq üçün isə 13 il vaxt lazımdır. Lakin, məlumdur ki, ölkə əhalisinin böyük hissəsi əmək haqlarını ev alışı üçün yığmaq kimi bir lüksə malik deyil.

Abbas Məmmədovun fikrincə, hazırkı yüksələn inflyasiya fonund əhali gəlirlərinin təxminən 60 faizinin qidaya və ərzaq məhsullarına sərf edilir, o cümlədən səhiyyə xərclərini, kommunal ödənişləri və nəzərə aldıqda, nəinki minimum əmək haqqı ilə, hətta orta aylıq əmək haqqı ilə də 11 və ya 15 ilə mənzil sahibi olmaq mümkün deyil və bu iddia reallıqdan uzaqdır. Çünki aparılan araşdırmalar orta ev təsərrüfatının aylıq xərclərini ödəyə və gələcəkdə mənzil almaq üçün gəlirindən qənaət edə bilmədiyini göstərir. Əmanət çatışmazlığı və maliyyələşdirmə seçimlərinin əlçatmazlığı orta və aşağı gəlirli ev təsərrüfatlarının ev almasını çətinləşdirir və bu vəziyyət Bakıda sərvət bərabərsizliyini daha da artırır.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir