Sağlamlıqla bağlı budəfəki mövzumuz Babasil xəstəliyi ilə olacaq. Babasil düz bağırsaq damarlarının varikoz genişlənməsidir, hemoray da adlanır. Bu məqaləmizdə
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovanın təqdimatında babasil xəstəliyi nədir və nədən yaranması barədə məlumat verəcəyik.
Nərminə xanım bildirdi ki, 8 saat və ya daha uzun zaman ərzində oturaq vəziyyət, qeyri-sağlam qidalanma, xroniki stress, qəbizlik, artıq çəki və sair kimi faktorlar babasilin inkişafına şərait yaradır. Onun sözlərinə görə, bu xoşagəlməz xəstəlik ağrı, qanaxma, daimi narahatlıq hissi və hətta tualetə getmək qorxusu ilə özünü büruzə verir.
Həkim deyir ki, çox vaxt babasil xəstəliyi barədə yanlış fikirlər səslənir. Məsələn, deyilir ki, təkcə zahı qadınlar hemorroydan əziyyət çəkir, xəstəlik yalnız babasil mazları və babasil üçün şamlar vasitəsilə müalicə olunur, düyünlər ancaq kəsilməklə aradan qalxa bilər və sair:
“Keçmiş əsrlərdə yaranmış bu cür fikirlərin təsirindən insanlar babasili ciddiyə almır və ya proktoloq həkimin müayinəsindən keçməyə utanırlar. Sadəcə anlamaq lazımdır ki, babasil xəstəliyi öz-özünə sağalmır. Müalicə gecikdirildikdə proses daha da kəskinləşir, ciddi fəsadların yaranma riski artır. Buna görə də babasil xəstəliyi haqqında mifləri dağıtmaq lazımdır.
Qeyd edim ki, babasil xəstəliyi adətən oturaq həyat tərzi keçirən ofis işçilərində, sürücülərdə rast gəlinir. Az hərəkətlilik, qeyri-sağlam qidalanma, piylənmə nəticəsində qəbizlik yaranır, düz bağırsaqda qan dövranı pozulur və nəhayət babasil inkişaf edir. Bundan əlavə, xəstəliyin formalaşmasına ağırlıq qaldırma, hamiləlik və doğuş da təkan verə bilər. Adətən babasil xəstəliyi sadaladığım amillərin birgə təsirindən meydana çıxır. Bu səbəbdən hemorroidin effektiv müalicəsi üçün kompleks tədbirlər aparılır. Təkcə yerli müalicə vasitələri, yəni babasil kremləri və şamlarla hemorroyu sağaltmaq mümkün deyil”.
Nərminə xanım bildirdi ki, təbabətin hazırki inkişafı, babasilin hətta xroniki formasını cərrahi müdaxilə aparmadan anesteziyasız, qansız və ağrısız yolla müalicə etməyə imkan verir. Həkim babasilin əmələ gəlmə səbəblərindən də bəhs etdi:
“Babasil – düyünlərin böyüməsi, qanaxma hallarının təkrarlanması, düyünlərin iltihabı və onların anal dəlikdən xaricə sallanması, yəni boğulması ilə müşayiət olunan xəstəlikdir. Hemorroyun əsas inkişaf səbəblərinə anal sfinkter və kanalda qan dövranının pozulması, əzələ toxumasının zəifləməsi aiddir. Əlamətlərinə gəlincə, anal nahiyədə yad cisim hissi, nəcis ifrazından sonra bağırsağın tam boşalmaması hissi, babasil qaşınması, yanma hissi, defekasiya (nəcis ifrazından sonra) zamanı ağrı, müxtəlif intensivlikli qanaxma, babasil düyünlərinin sallanmasını qeyd etmək olar. Onu da deyim ki, xəstəliyin inkişafı babasil düyünlərinin vaxtaşırı sallanmasına səbəb olur. Anal dəlikdən qanın axması anemiyaya gətirib çıxara bilər. Hemorroyun irəliləmiş mərhələlərində ağrı hissi güclənir, dözülməz olur. Xəstə defekasiyadan qorxaraq, nəcis ifrazını bilərəkdən gecikdirir. Bu da öz növbəsində qəbizilik törədir. Nəticədə xəstəlik daha da ağırlaşır”.
Anal çatın çox zaman hemorroidal düyünlərlə yanaşı inkişaf etdiyini vurğulayan terapevt bildirdi ki, babasil xəstəliyi əksər hallarda düz bağırsağın çatı ilə ağırlaşır. Nərminə xanım qeyd etdi ki, müalicə üçün müəyyən bir metod və ya prosedur həkim tərəfindən xəstənin fərdi göstəriciləri – ümumi vəziyyəti, xəstəliyin mərhələsi, yanaşı gedən patologiyalar – nəzərə alınmaqla seçilir:
“Hemorroyun inkişaf mərhələsindən asılı olaraq, aparılan müalicə metodlarına diqqət edilməlidir. I-II mərhələlərin müalicəsində xüsusi pəhriz, maz, rektal şam və digər dərmanlardan istifadə etmək kifayətdir. Bəzən minimal invaziv üsullara – skleroterapiya, infraqırmızı laxtalanma və sair ehtiyac yaranır. II-III mərhələlərdə Doppler nəzarəti ilə düyünlərin dezarterizasiyası icra olunur. Xəstə artıq IV mərhələyə çatıbsa, dezarterizasiya texnologiyasının tətbiqi, həmçinin cərrahi müdaxiləyə ehtiyac yaranır. Manipulyasiyanın mahiyyəti düyünləri qidalandıran damarları bağlanmaqla onlara qan axınını dayandırmaqdan ibarətdir”.
Nərminə xanım vurğuladı ki, pəhriz babasil müalicəsini dəstəkləmək üçün son dərəcə vacib olsa da, təkbaşına kifayət deyil. Həkimin sözlərinə görə, fiziki cəhətdən aktiv olmaq, müntəzəm gəzinti və idman babasilin sağalmasında təsirli olur. Bütün bunlara əlavə olaraq isə tualet ehtiyacını gecikdirməmək də son dərəcə vacibdir.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)