efzeleddin R

Ailə münasibətlərində yanlış qavram – 8-Cİ YAZI

Baxış sayı: 592

Xətalı düşüncə tərzindən mənşələnən və ailədə ər-arvad münasibətlərinə mənfi təsir qoyan bəzi səbəblər haqda 10 yanlış düşüncənin səkkizi haqda, yəni; “nəticə almağa tələsmək”, “müsbətləri silmək”, “ifrat ümumiləşdirmə”, “şəxsiləşdirmək”, “iki qütblü düşüncə tərzi”, “fəlakətləşdirmə”, “olmalı ifadələri – malı, məli düşüncə tərzi”, “etiketləmək” haqda keçən məqalələrimizdə məlumat vermişdik. Bu yazıda isə yanlış düşüncə formalarından olan “emossional düşüncə tərzi, yaxud tunel baxışı” haqda silsilə məlumatlarımızı davam etdiririk:

 

9- Emossional düşüncə, tunel baxışı (emotional reasoning)

Emossional düçüncə tərzi insanın öz duyğu və hissiyyatlarına qapılaraq, daxildə yaşadığı duyğular və inanclara əsasən düşünməsi və hökm etməsidir. Bu düşüncə xətasına yol verən insan, yaşadığı hadisələrlə bağlı hisslərini əsl səbəb sayır. Bir növ, hansısa bir şeyə yalnız ona qarşı hiss etdiyi duyğulara əsasən inanır. Vəziyyəti emossiaları və duyğuları ilə izah edir. Məsələn, “ürəyimə damıb ki, bu gün nəsə pis bir hadisə baş verəcək”-deyə buna inanır. Baş vermiş hadisəni bu inanca bağlayır.

Belə ki, konkret əsaslandırılmış fikirlərə uyğun deyil, öz hisslərinə söykənərək şəxslərlə, hadisələrlə bağlı səbəb-nəticə əlaqəsi qurur. Emosional düşüncə təhrifində insanlar öz duyğu və hisslərinin həqiqəti əks etdirdiyinə inanır. O, duyğularının hökmünü əsaslandırmağı bir kənara qoyur, bununla da hissləri ilə reallıq arasında sıx rabitə yaradır. Məsələn, “mən adamı ilk baxışda tanıyıram, bu adam yaxşı adam deyil”-deyə gördüyü şəxs haqda qəti qərar verir.

Belə olan təqdirdə o, üçüncü bir tərəf kimi məsələyə yanaşmır. Bu düşüncə xətasını “tunel baxışı” da adlandırırlar. Bunu ona görə tunel görüşü adlandırıblar ki, tunelin ətrafı hörülüb, kənar baxışın müdaxiləsinə icazə verilmir. Onun baxış bucağı tunel daxilində bəbs olunub, müəyyən bir yönə doğru yönəlib və fərqli seçim, fərqli izaha yol verilmir.

Öz düşüncələrini hisslərinə, arzularına uyğun olan şəkildə görür və qəbul edir. Meylinə uyğun yozur və dəyərləndirir. Ancaq başqa bir insandan bu rəftarı gördüyü zaman onu eqoist davranmaqla günahlandırır. Bunlar birlikdə yaşamağı anlamırlar. Əgər hər şey sən anladığın kimi yozulmalıdırsa, yəni hər şeyi yalnız sən anlayırsan deməkdir. Əgər hər şey haqda sən qərara gəlməlisənsə, deməli öz hökmünü hamıdan üstün sayırsan. Bu şəxslərlə müştərək həyat sürmək olmur… Olsa da biri öz haqqından keçməli onun həyatını yaşamalıdır.

Tunel görüşü olan insanlar, ən çox da mənfi duyğularının mütləq həqiqətləri əks etdirdiyini düşünürlər. Bu cür emosional düşüncə bizi bir çox həqiqətlərdən uzaqlaşdırır və konkret faktları görməməzliyə vurmağa vadar edir. Onlar kifayət qədər sübut olmadan, mənfi hisslərini ifadə edən şeyin reallıq olduğuna inanırlar. “Ürəyimə damıb ki, bu gün nəsə pis bir hadisə baş verəcək” -deyən şəxs, əslində nəsə olacağını fikirləşdiyi üçün həmin mənfi hadisə baş verir. Çünki rəftarı, davranışı, qorxusu və sair o hadisənin yaranmasına gətirib çıxarır. Amma o, bu hissləri çox yaşadığı üçün onların sayını unudur. Bir dəfə yaxud iki dəfə təsadüfən mənfi hadisələr baş verdiyi zaman, bu hisslərin doğru olmasına inanır. Məsələn, bir qəzadan sonra insan öz -özünə “bu səfərə getmək istəmirdim” deyir və istəməməyini bu qəzanın səbəbi kimi qəbul edir. Bu mənaya ki, mənfi bir hadisənin baş verəcəyinin ürəyinə dammasını iddia edir. Halbuki, elə həmin iztirab, təşviş, həyacan və nigarançılığı bu qəzaya səbəb olmuşdur.

Diqqət etmək lazımdır ki, ailədaxili rabitə və ünsiyyətdə də sözügedən şəkildə düşüncə xətaları önəmli formada rol oynayır. Bəzən qadın həyat yoldaşının onun hansısa bir acısını, qəmini müzakirə etməməsini laqeydlik və ona dəyər vermədiyi mənasına yozur. Halbuki, əri xanımının bu dərdinə çarə edə bilmədiyimi anlayır və çox narahatdır. O, əlindən bir şey gəlmədiyi üçün də özünü günahkar və narahat hiss edir. Lakin yoldaşının dərsdinə dərd yükləməmək üçün onu narahat edən məsələni müzakirə etmir. Bunu nəzərdə almayan xanım isə ərinin eqoist olduğunu düşünür və bundan başqa ehtimalı da qəbul etmir.

Yaxud qarşılıqlı dialoq zamanı kişi qadının elə ağlamasından gileylənir. Bundan qıcıqlanaraq əsəbləşdiyini və söhbəti davam etdirmək istəmədiyini söyləyir. Hətta bəzən fiziki şiddət də göstərdiyini etiraf edir. Birhalda ki, qadın dilə gətirə bilmədiyi, sözlə ifadə edə bilmədiyi, ona anladamadığı duyğularını ağlamaqla ifadə etmək, başa salmaq istəyir. Amma kişinin düşüncəsində yoldaşının ağlaması və onunla rahat danışmaması bir hörmətsizlik və onu əsəbləşdirmək üçün bəhanə kimi qəbul edildiyinə görə, o, anormal rəftarlara əl atır.

Yaxud ərinin öz anası, bacısı ilə deyib-güldüyünü müşahidə edən, hissiyyatına qapılaraq bunun ona zərər verəcəyini və ərinin onu daha əvvəlki kimi sevməyəcəyini  düşünən xanım istər-istəməz qaynənəsinə, baldızına və həyat yoldaşına qarşı rəftarını dəyişir. Aqressiv, kobud, küsəyən, hər sözdən söz çüxaran bir insana çevrilir. Maraqlıdır ki, bu o qədər incə baş verir ki, heç özü də bunun fərqində olmur. Günlər keçdikcə rəftarı dəyişən və təşvişlə öz iradəsini itirən xanım həm qaynənəsi, həm baldızı və həm də yoldaşı ilə münasibətlərində problemlər yaşamağa başlayır. Nəticədə isə deyir: “Mən elə əvvəlcədən bilirdim ki, ərim anası və bacısı ilə deyib gülsə bunun axırı yaxşı olmayacaq, onlar ərimi yoldan çıxarıb, evimizə problem yaradacaqlar.”

 

Nəticə

Məqalədə qeyd etdiyimiz kimi sözügedən düşüncə xətası “tunel baxışı” da adlanır. Bəs tunel baxışı nədir? Sürücü sürətini artırdıqca qarşısını sanki tunelin içindəymiş kimi görür. Belə ki, o, qaz pedalını basdıqca baxış sahəsi tədricən daralır. Nəqliyyat vasitəsinin sürəti artdıqca, sürücünün baxışları daha da cəmlənir və onun ətrafı qavrayışı itir. Nəticədə, yol ətrafında baş verən hadisələri və riskləri lazımi anda dərk edə bilmir. Daha dəqiq desək, sürətlənmə nəticəsində sürücünün görmə sahəsi daralır və yolun ətrafında hər hansı bir şey sürücünün hərəkət sahəsində olduğu halda bunu fərq edə bilmir. O, təhlükəni gec dərk etdiyi üçün vaxtında tədbir görmək çətinləşir və qəza riski daha yüksək həddə çatır. Deməli, tunel baxışı, sürücünün sürətli sürməsi nəticəsində görmə qabiliyyətinin daralması və onun yolun ətrafında olanları hiss edə bilməyəcəyi səviyyəyə çatmasıdır.

Əzizlərim, silsilə məqalələrimizdə qeyd etdiyimiz kimi duyğuların əməl sürəti bizim düşüncələrimizdən qat-qat çoxdur. Buna görə də, istər qadın olsun, istər kişi əgər bu sürətə qapılaraq emossiaları ilə davranarsa, xətaları qaçılmaz olacaqdır. Bunun üçün də, ilk öncə düyğularımızın diktə etdiyi düşüncələrin hansı miqdarda rallığı əks etdirdiyindən əmin olmalıyıq. Onu dəstəkləyən faktlarım möhkəmliyini yoxlamalıyıq. Doğurdanmı duyğularımızın bizə hiss etdirdiyi kimidr, yoxsa bu mənim hansısa keçmiş travmalarım, qorxularım və yaxud arzularımın diktəsidir?

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir