Ölüm hamımızı gözləyir. Bəxtimiz gətirsə, yaxınlarımızın və ya həkimlərin əhatəsində dünyamızı dəyişəcəyik. Amma bəzən çoxları ölüm ayağına tək-tənha çatır. Onların cəsədi ölümdən bir neçə həftə, bəzən isə bir neçə ay sonra aşkar edilir. Bəzən insanlar qatillər tərəfindən qətlə yetirilirlər. Belə hallarda hadisə yerinə polis, kriminoloqlar, ekspertlər gəlib nəyin baş verdiyini müəyyən etməyə çalışırlar. Onlardan sonra isə “təmizləyicilər” gəlib hadisə yerində yır-yığış işləri aparmalıdırlar. Bu iş ürəyi zəif olanlar üçün deyil. Londonun hər bir rayonunda belə işlərə baxan müəyyən şəxslər var.
Həmin şəxs naməlum cəsədlərin tanınması, bundan sonra cəsədin meyitxanaya çatdırılması və mərhumun cəsədinin (bəzən həftələrlə) qaldığı yerin təmizlənməsini təşkil edir və bu işə görə əmək haqqı alır. Lakin bəzi ölkələrdə bu işi könüllülər görür. İsraildə misal üçün ZAKA adlı təşkilat var. Bu təşkilatın əksər üzvləri dindar yəhudilərdir və onlar gördükləri işin müqəddəs oduğunu zənn edirlər. Yol qəzası və ya terror hadisəsi baş verəndə ZAKA könüllüləri dərhal o yerə gəlib ölmüş insanın cəsədinin bütün qalıqlarını toplayıb basdırırlar. ZAKA üzvləri hesab edirlər ki, ölənlər layiqli tərzdə dəfn olunmalıdırlar və qəbirdə insan cəsədinin bütün hissələri olmalıdır. Bununla onlar ölənin qarşısında son insani borclarını yerinə yetirmiş və təmənnasız bir iş görmüş olurlar.
Qorxudanlar
Cape Town şəhərinin ətrafları təpə və dağlarla əhatə olunur və əhali artdığından, bəzi təpələrdə yeni mikrorayonlar salınır. Həmin ərazi pavianların məskənidir. Bu primatlar yeni binaların tikintisini diqqətlə izləyir, hər şeyin hazır olduğunu gözləyirlər, sonra isə sürü-sürü evlərə soxulub orada hər şeyi darmadağın edərək “işğalçılara” bu yolla öz narazılıqlarını nümayiş etdirirlər. Bu heyvanlar aqressivdir və onların iti dişləri var və onlar çox təhlükəlidirlər. Cənubi Afrikada pavianlar qanunla qorunur və onlar toxunulmazdır. Odur ki, yeni binaların sakinləri pul yığıb xüsusi bir adam (bəzən isə bir neçəsini) tuturlar ki, əlində böyük bir qamçı ilə həmin ərazini gəzib keşik çəksinlər. Həmin keşikçi qamçını yerə çırpıb pavianları qorxudub kollara qaçırdan səslər çıxarır.
İy qoxlayanlar
Dezodorant istehsal edən şirkətlərdə çox vacib və dəyərli işçilər var. Bu işçilər başqalarının tərli qoltuqaltılarını iynəyənlərdir.
Yeni spreyin effektivliyini bundan yaxşı hansı yolla müəyyən etmək olar ki? Laboratoriyada işləyən mütəxəssislər yeni bir şey icad edərkən onu yoxlamaq üçün yaxşıca isidilmiş bir otağa çox həssas bir iy duyğusuna malik bir insanı otuzdururlar. Sonra həmin otağa bədəninə sprey vurmuş tərli insanları buraxırlar. Həmin insan onların qoltuqaltılarını iyləməlidir. Bəzən o, bunu saatda 60 dəfə etməlidir. Bundan sonra qoxu mütəxəssisi gördüyü işin nəticələri barədə hesabat yazır və laboratoriya dezodorantın kimyəvi tərkibində dəyişiklik etməli olur və ya olmur. Burunları ilə iş görən insanların əmək haqqı o qədər də böyük deyil.
Dequstatorlar
Dequstatordan dequstatora fərq var. Bəziləri şərabın dadına baxırsa, digərləri hansısa yeməyi yoxlayır. Amma elələri də var ki, onlar ev heyvanları, it və pişiklər üçün nəzərdə tutulan yeməyin dadına baxmalı olurlar. Belə işçilərin maaşı heç də az olmur. İt-pişik yeməklərini yoxlayan dequstatorlar deyirlər ki, itin və insanın dad reseptorları fərqlənsə də, bu halda dequstasiya ev heyvanları üçün yeməklərdə bütün inqridiyentlərin yerində olmasını və yeməyin yaxşı bişirilməsini yoxlamaq üçün çox vacibdir. İtlər üçün yemək insan üçün də yararlı olan ətdən hazırlandığından dequstatorlar deyirlər ki, bu cür yeməklərin dadı, adətən, yaxşı olur. Amma bu, yalnız bahalı brendlərə aiddir. Elə həmin dequstatorlar etiraf edirlər ki, ucuz it yeməyi konservini açanda bankadan çıxan iy ürək bulandırır. Odur ki, belə hallarda dequstator bəzən işə öz iti ilə gəlir ki, yeni yemin itinin xoşuna gəlib-gəlmədiyini müəyyən etsin.
Fırtıq yığanlar
Dənizdə balinanın su püskürdüyünü hamı görüb, ən azı kitab və ya televiziya vasitəsilə. Amma iş ondadır ki, balinanın püskürdüyü, əslində, su deyil. Onlar fırtıq püskürür. Balinaların həyatını müşahidə etmək çox mürəkkəb işdir. Onlar çox vaxtı suyun altında keçirir, suyun üzünə qalxanda isə balinalara yaxınlaşmaq çox təhlükəlidir. Mütəxəssislərin apardıqları müşahidələr müəyyən edib ki, balinaların fırtığı xeyli faydalı və maraqlı informasiya daşıyıcısıdır – DNT nümunələri, bakteriyalar, viruslar və digər növ məlumat. Bütün bu məlumatı təhlil edərək heyvanın sağlamlıq durumunu, onun digər balinalarla doğmalıq dərəcəsini müəyyən etmək olar. 2018-ci ilin əvvəlinə qədər elm adamları özlərini böyük risk altına qoyaraq bu işin öhdəsindən gəlirdilər. Qayıqda balinaya yaxınlaşıb 10 metrlik dirəyə bərkidilmiş laboratoriya qabı ilə balina fırtığı yığırdılar. Müasir texnologiyalar fırtıq yığanların işini yüngülləşdirib. İndi onlar balina fırtığını dron vasitəsilə yığırlar. Laboratoriya qabını daşıyan dron balina püskürən zaman heyvanın üzərindən uçur və beləcə, qaba fırtıq nümunələri yığılır.
Nəcis təmizləyənlər
Assenizator – faydalı bir peşədir. Amma bu işi çox xoşagələn də adlandırmaq çətindir. Təsəvvür edin, onların iş yerləri necə “ətirlidir” və hər gün onlar nələrlə üzləşirlər. İnkişaf etmiş ölkələrdə kanalizasiya yollarını təmizləyənlərin xüsusi geyimi, maskası, əlcəyi və bu kimi digər köməkçi vasitələri olur. Lakin Hindistanda bu işi ən aşağı kastadan olanlar görür. Onlar əyinlərində adi paltar ilə nəcis kütləsinə enib, həmin nəcis kütləsini əlləri ilə vedrələrə doldururlar. Bu məsələ Hindistanda kastalar iyerarxiyasına aid olduğundan həmin adamlar bu işlə ömür boyu məşğul olurlar və bu işi əllə görürlər.
Avtomobil dayanacağı müfəttişləri
Qərb ölkələrində elə bir peşə var ki, onu nə həddən artıq iyrənc, nə də həddən artıq təhlükəli saymaq olar. Amma bu peşə sahiblərinə avtomobili olan hər kəs nifrət edir. Söhbət avtomobil dayanacaqlarının müfəttişlərindən gedir, onlar düzgün yerdə saxlanmamış avtomobilə görə cərimə kəsirlər. Əlbəttə ki, hamı başa düşür ki, bu xidmət mühüm əhəmiyyətə malikdir, çünki bu xidmət olmasa idi, dayanacaqlarda xaos yaranardı. Buna baxmayaraq, uniformalı müfəttiş insandan heç kimin xoşu gəlmir, çünki cərimələnməyi heç kəs xoşlamır.
Samirə Tağıyeva