USAQ BAGCASI

Rüşvət, süründürməçilik və elektron sistemdən gözlənti

Baxış sayı: 494
İyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə (bağça) uşaqların qəbulu başlayıb. Sentyabrın 1-nə qədər davam edəcək prosesi Elm və Təhsil Nazirliyi (ETN) həyata keçirəcək.Nazirliyin açıqlamasında bildirilir ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn və ya qanuni nümayəndə 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.

Son dövrlər bağçalarla bağlı bir çox dəyişikliklər həyata keçirilsə də, heç biri özünü doğrultmayıb. İllər əvvəl Nazirliyin balansında olan uşaq bağçaları sonradan yerli icra hakimiyyətlərinin tabeliyinə verilsə də, ötən il yenidən ETN-ə qaytarılıb.

Əksər valideynlər iddia edirlər ki, uşaq bağçalarına qəbul prosesi zamanı neqativ hallar yaşanmaqdadır. Yalnız aidiyyəti üzrə uşaq bağçasının müdiriyyəti ilə anlaşdıqdan sonra, daha konkret desək, rüşvət qarşılığında uşaqları yaxınlıqda yerləşən bağçalara yerləşdirmək mümkündür. Alınan rüşvət qarşılığında bağça müdirləri 20 uşaq tutumlu qruplara 40-45 uşaq yığırlar. Əks halda, bağçada yer olmadığı bildirilir və uşağı bağçaya götürməkdən imtina edirlər.

Elektron qəbul sistemi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı yaşanan neqativ halların qarşısını alacaqmı? Yoxsa yenə valideynlər övladlarını yaxınlıqdakı bağçaya yerləşdirmək üçün əllərini cibinə atmalı olacaqlar?

Təhsil eksperti Kamran Əsədov deyir ki, uşaq bağçalarının sayı bağçayaşlı uşaqların sayı ilə uyğun gəlmir: “Əsas problem də məhz bundan qaynaqlanır. Bu gün Azərbaycanda təxminən 1700 uşaq bağçası və körpələr evi var ki, onların da təqribən 20 faizi Bakıda yerləşir. Ölkə üzrə bağçaların tutumu 130 minə yaxındır. Baxçayaşlı uşaqların sayı isə 800 mindir. Yəni, beş dəfədən də artıq fərq mövcuddur”. Ələlxüsus da, Abşeron rayonunda uşaqların bağçaya yerləşdirilməsində ciddi problemlər var. Bunun da əsas səbəbi Abşeron rayonunun inzibati ərazisinə daxil olan qəsəbələrdə yaşayışın çoxalmasıdır”.

“Elektron sistemin effektiv olmayacağı barədə müəyyən mülahizələr irəli sürülsə də, hesab edirəm ki, ən optimal və düzgün yol budur. Bu, qəbul zamanı rüşvətin qarşısını tam almasa da, azalmasına, kütləvi xarakter almasının qarşısını almağa xidmət edir. Hansı ki, buna qədər rüşvət vermədən uşaqların bağçalara qəbuluna nail olmaq faktiki olaraq mümkün deyildi”, – deyə həmsöhbətimiz bildirir.

Əsədovun sözlərinə görə, dövlət özəl uşaq bağçalarının inkişafına təkan verməlidir: “Dünyanın müxtəlif dövlətlərində, qardaş Türkiyədə də bu təcrübədən istifadə olunur və kifayət qədər müsbət nəticələri var. Özəl bağçalar şəbəkəsinin genişlənməsi, onlara vergi güzəştlərinin tətbiq olunması, xərclərin bir hissəsinin hökumət tərəfindən qarşılanması çıxış yolu ola bilər. Bunun əvəzində dövlət özəl bağçalardan qiymətləri minimuma endirməyi tələb edir. Yəni, kimsə dövlətin dəstəyindən və güzəştlərindən yararlanırsa, qiymət siyasətinin əlçatan olması onun qarşısına şərt kimi qoyulur. Bununla məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına nail ola bilərik”.

“Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də söyləyir ki, elekton qəbul prosesi bu sahədə olan nöqsanları aradan qaldıracaq: “Açıq şəkildə söyləmək olar ki, məktəbəqədər təhsil müəssisələrinin müvafiq icra hakimiyyətlərinin balansına verilməsi effektiv olmadı. Bir çox hallarda bağça müdirləri boş yerlərin sayını valideynlərdən gizlədir və yalnız müəyyən maraqlar qarşılığında uşaqları bağçaya qəbul edirdilər. Bununla bağlı aparılan araşdırmalar zamanı ciddi faktlar ortaya çıxdı. Yüzlərlə bağça müdiri vəzifəsindən azad edildi”.

“Bundan öncə Təhsil Nazirliyinin tabeliyində olduğu dövrlərdə də bağçalara qəbul zamanı neqativ hallar yaşanırdı. Problemdən yeganə çıxış yolu elektron sistemin tətbiqiydi. Düzdür, elektron sistemin tətbiqindən sonra da müəyyən neqativ hallar mövcud olacaq. Bu, istisna edilmir. Lakin əsas məsələ odur ki, kütləvi xarakter almayacaq. Elektronlaşma birbaşa təması aradan qaldırır, korrupsiya imkanlarını məhdudlaşdırır, prosesə daha da şəffaflıq verir, eyni zamanda hesabatlılığın təmin olunmasına yeni imkanlar yaradır”, – deyə müsahibimiz vurğulayır.

Nuriyev hesab edir ki, təkcə qəbul deyil, bağçaların fəaliyyəti də diqqət mərkəzində olmalıdır: “Bağçaların inkişafı, özəl bağçalar şəbəkəsinin genişlənməsi, dövlət dəstəyi, qiymət əlçatanlığı, tədris səviyyəsi, məktəbə hazırlıq prosesi, xidmət səviyyəsi, sağlam qidalardan istifadə və digər məqamlar da önəmlidir. Xüsusən peşəkar kadr hazırlığı, uşaqlara qulluq edən müəllim və tərbiyəçilərin psixoloji vəziyyəti də dərindən təhlil olunmalıdır. Bu sahədə olan beynəlxalq təcrübə Azərbaycanda da tətbiq edilməlidir”.

 

Azər Niftiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir