aile

Çoxuşaqlı ailələrə stiqma haradan qaynaqlanır?

Baxış sayı: 425

Azərbaycan ailələri tarixən çoxuşaqlı olmağın tərəfdarı olub. Çox yox, cəmi 20-30 il öncə əgər ailənin 3 uşağı vardısa, bu, onların az uşaqla kifayətlənməsi demək idi. İldən-ilə dəyişən fikirlər, yaşanan problemlər ailələrdəki uşaqların sayına da təsir etdi. Üç ikiyə endi, iki bir oldu. İndi bir çox azərbaycanlı ailəsində 1 uşaq böyüyür. Paylaşmağı bilmədən, bölüşməyi öyrənmədən, özünə inamı olmayan nəsil yetişir.

 

Çoxuşaqlı ailələrə stiqma var

Hər nə qədər Azərbaycan ailəsinin “cırtdan ailə” təhlükəsi gözləmədiyini iddia etsələr də, ölkəmizdə bu problem son 2-3 ilin ən ciddi sosial problemlərindən biri hesab edilir. “Cırtdan ailə”lər adətən bir tək oğlan uşağı ilə kifayətlənir, Avropa ölkələrində bu bir qız övladı ilə də əvəzlənə bilir. Müsəlman toplumlarında qız övlad nəsil davamçısı hesab edilmədiyindən mütləq oğlan övlada sahib olmaq istəyən valideynlər könüllü olmasa da, “cırtdan ailə” modelini böyütməyə qərar verirlər. Böyümə 2 uşaqla məhdudlaşdırılır.

Azərbaycanda çoxuşaqlı ailə görmək insanları narahat edir. Xüsusilə, bu uşaqlar orta və ya zəif maddi təminatlı ailədə doğularsa, ciddi stiqmaya məruz qalırlar. Ötən il 14-cü uşağı dünyaya gələn azərbaycanlı ailə də bu səbəbdən çox müzakirəyə səbəb oldu. Ata öz əməyi ilə ailəsini saxlayır, dövlətdən yalnız çoxuşaqlılıq üçün təyin olunan müavinəti alır ki, bu da 14 uşağa görə ötən il üçün 700 manat edirdi. Son artıma görə ailədə ən az 6 uşağı olan qadına verilən aylıq müavinət hər uşağa görə 70 manatdır. Ata mətbuata dəfələrlə dedi ki mən övladlarımın ehtiyaclarını yalnız özüm qarşılayıram, işləyirəm və ailəmə normal baxıram.

aile

Çoxuşaqlılıq sağlam cəmiyyət deməkdir

Çoxuşaqlı ailələrdə böyüyən uşaqlar paylaşmağı, yardımlaşmağı təkuşaqlı ailələrdəki həmyaşıdlarından daha yaxşı bacarırlar. Uşaqlar bir-birinin əşyasından səliqəli istifadə etməyi, öz əşyalarının qədrini bilməyi və onları özündən sonrakı bacı-qardaşlarına ötürməyi məhz uşaq sayı çox olan ailələrdə öyrənirlər.

Bir çox tanınmış pedaqoq və psixoloqlar da deyir ki, çoxuşaqlı ailələrdə uşaqların kompleksləri az, özünə inamları çox olur, eqoist olmurlar, bölüşməyi bacarırlar. Amma təkuşaqlı ailələrdə uşaqlar eqoist olurlar, ailədən kənarda uşağın özgüvəni çox aşağı olur. Bu baxımdan, ailədə çox uşağın olması pis deyil, amma yetər ki, dünyaya sağlam gətirmək, böyütmək, təlim-tərbiyə etmək işi düzgün aparılsın. Uşağa heç olmasa orta təhsil verilməlidir ki bu da dövlət hesabına aparılır və ailənin üzərinə xərc düşmür. Ailədə böyüyən uşaq 1 də olsa, 15 də olsa müəyyən dünyagörüşünə, təməl biliklərə və hər hansı bir peşəyə sahib olmalıdır.

 

Dünya ölkələri əhalisinin sayını artırmağa çalışır

Məlumat üçün qeyd edək ki, Rusiya, Ukrayna, Fransa, İsveç, Finlandiya, Çexiya kimi ölkələrdə çoxuşaqlı ailələrə təminatlarla bağlı müvafiq qanunlar qəbul olunub, ailələri daha çox uşaq dünyaya gətirməyə təşviq edirlər. Fransada 1921-ci ildən bəri “Böyük ailə“ adlı dövlət proqramı həyata keçirilir. Uşaqların yaşı 20-dən azdırsa və qeydiyyatdan keçmiş vergi ödəyicisisinizsə, uşaqlı ailə müavinətləri və imtiyazları mövcuddur. Birdəfəlik müavinətlər ilk doğuşdan başlayır və əkiz və ya üçəm uşaq dünyaya gətirsəniz belə, hər uşaq üçün ayrılıqda birdəfəlik 950 avro ödənilir. Əgər övladlığa götürürsünüzsə, bu ödəniş 1900 avroya qədər artır. Ancaq uzunmüddətli uşaq müavinəti yalnız iki uşağınız olarsa verilir. Yəni cəmi bir uşağınız varsa, üç yaşına kimi gəlirdən asılı olaraq 92 və ya 184 avro verilir. Amma ailə tərkibinizi artırmaq niyyətinə düşsəniz dövlət sizə hər ay uşaqlara görə dəstək göstərəcək.

Rusiyada hamilə kimi qeydiyyata düşən qadına hamiləliyin 6-cı həftəsindən doğuşadək aylıq 6.350 rubl (140 AZN) pul ödənilir. Doğandan sonra uşaq 3 yaşına çatanadək ayda 11.300 rubl (250 AZN), 3-dən 7 yaşına kimi hər ay 8.475 rubl (187 AZN), 16 yaşına kimi isə ayda 5.650 rubl (125 AZN) uşaqpulu ödənilir. Bundan əlavə doğulan hər vətəndaşı üçün dövlət 450. 000 rubl (10.000 AZN) dəyərində sertifikat verir, bu məbləği valideyn əmlaka yatıra bilər, ipoteka ilə ev alanda ilkin ödəniş kimi verə bilər. 3-cü uşaq üçün isə torpaq sahəsi və yaxud ev verilir. Uşaqların 1 yaşına kimi əlavə qidası, bezi, meyvə püreləri, südü hər ay dövlət tərəfindən verilir.

 

Almaniyanın “Ailə təhlükəsizliyi” proqramı

Almaniya Avropada ən çox uşaq pulu ödəyən ölkələrdən biridir. İlk iki uşağa aylıq 219 avro, üçüncü uşağa 225 avro, dördüncü və sonrakı uşağa 250 avro aylıq müavinət verilir. Bəzi şərtlərə əməl edilsə valideynlərə vergidən azad uşaq müavinəti də verilə bilər. 2021-ci ildən etibarən bu müavinət evli cütlük üçün hər uşağa görə birdəfəlik 5,460 avro və ya uşağını tək böyüdən valideyn üçün birdəfəlik 4,095 avro müəyyən edilib.

Valideynlərin uşaq baxımı üçün xərclədikləri məbləğ (ildə 4000 avroya qədər) və məktəb xərcləri (ildə 5000 avroya qədər) vergidən çıxılır. Uşaq müavinətinə əlavə olaraq, bəzi valideynlər hələ də valideyni ilə yaşayan 25 yaşınadək hər subay uşaq üçün ayda 205 avroya qədər əlavə uşaq müavinəti ala bilərlər. Almaniya dövləti də birdən çox uşağı olanlar üçün “Ailə Təhlükəsizliyi” adlı bank hesabı açır və bütün müavinətləri buraya köçürür. Almaniyada uşaq və gənclər üçün təhsil və səhiyyə xidmətləri də pulsuzdur.

aile

Avropanın ikincisi – Avstriya

Avstriya dövlətin uşaqlara göstərdiyi dəstəyə görə Avropada ikincidir. Bu ölkədə birinci uşağa aylıq 114-165 avro müavinət verilir. Uşaqların sayının artması ilə bir uşağa ödənilən yardımın məbləği də tədricən artır. 2 uşaqlı ailədə hər uşaq üçün ödənilən müavinət ayda 7 avro artırılır. Əgər ailədə 3 uşaq varsa əsas müavinət məbləği hər uşağa görə 17 avro artıq olur, müavinət müvafiq olaraq 4 uşaq üçün 26 avro, 5 uşaq üçün 31 avro, 6 uşaq üçün 35 avro və 7 uşaq üçün 50 avro olaraq artır.

Üstəlik, ödənilən məbləğ uşaqların yaşına uyğun olaraq zamanla artır. Əgər uşağa 114 avro ödənilirsə, 3 yaşından 121 avro, 10 yaşından sonra 141 avro, 19 yaşından sonra isə 165 avro ödənilir. Əlil doğulan və ya sonradan əlil olan uşaqlar üçün əlavə 156 avro dövlət dəstəyi verilir.

Belçikada aylıq uşaq pulu 60-168 avro arasındadır. Məsələn, Flaman əyalətində doğulan hər bir uşaq üçün təxminən 1144 avro məbləğində birdəfəlik startap dəstəyi ödənilir. Brüsseldə bu rəqəm 1122 avro və hər sonrakı doğuşa görə uşağa ödənilən məbləğ 510 avro təşkil edir. 2020-ci ildən sonra doğulan uşaqlar üçün 11 yaşa qədər ayda 152 avro, 24 yaşa qədər gənclərə əgər ali təhsili yoxdursa 163 avro ödənilir. Magistr təhsili alanlar üçün isə bu məblığ 18 yaşdan 24 yaşa qədər 173 avro qədər təyin edilir.

 

Karyeraya, işə, rahatlığa və kasıblığa qurban verilən demoqrafiya

Dövrümüzdə ailədə uşaqların sayı ailənin strukturundan, ailə münasibətlərinin intensivliyindən, qadının işindən, tərəflərin təhsil səviyyəsindən və ailənin maddi imkanlarından asılı olaraq dəyişir. Ailənin maddi səviyyəsi, dünyagörüşü və qadının iş həyatının qaynar olması ilə əlaqədar olaraq doğulacaq uşaqların sayı günbəgün azalır.

Azərbaycanda ailələrə uşaqpulu verilmir, doğulan hər uşaq üçün dövlət 300 manat birdəfəlik ödəmə edir. İşləyən anaların uşaqları üçün 1 yaşınadək aylıq müavinət də nəzərdə tutulub, lakin uşaqpulu müavinəti təyin edilməyib. Çoxuşaqlı ailə deyilsə, ölkəmizdə 5 uşağadək müavinət verilmir, 6 uşaqdan sonra dövlət dəstək göstərir. İctimaiyyət bu məsələdə dövlətin qanunlara dəyişiklik etməsinin tərəfdarıdır, çoxuşaqlılıq məfhumunun 3 uşağadək endirilməsi təklif edilir. Belə olarsa, Azərbaycanı yaxın gələcəkdə gözləyən demoqrafik problemlər də öz həllini tapmış olar.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir