bosanma

Boşanma mədəniyyət(sizliy)i – Gənc ailələri qayınanalar dağıdır iddiası

Baxış sayı: 592

Azərbaycanda boşanma statistikası ürəkaçan deyil. Bunu statistik göstəricilər də sübut edir. Səbəblər müxtəlifdir. Oxşar olan isə yalnız bir şeydir: quru statistik rəqəmlərin arxasındakı ailə-məişət konfliktləri, uşaqların mənəvi-psixoloji sarsıntı keçirməsi, bəzən də qətllər, yaxud intihar həddinə çatdırma.

“Boşanmalarda ən çox günahkar valideynlərdir. Hətta deyərdim ki, xanımların analarının (qayınanalar – red.) mövqeyi daha çoxdur. Boşanan hər bir qızın arxasında anası dayanır. Sırf əmlaka görə düşmən olurlar. Çox vaxtı barışma ehtimalları sıfıra düşür”.

Bunu hüquq müdafiəçisi Samir Zeynalov deyir.

Onun sözlərinə görə, son 3 ildə boşanmaların əsas səbəbləri maddi vəziyyət yox, valideynlərin təzyiqidir: “Qısası, bu gün insanlar bir-biri ilə uzunmüddətli evlilik üçün araya gəlmirlər. Sadəcə, öz rahatlıqları üçün ailə qururlar. Gənclər maddi maraqlar üçün yox, mənəvi dəyərlər üçün ailə qurmalıdır. Nikahdan öncə xidmət yaradılsa, o zaman insanlar qeyri-rəsmi münasibətdə olacaqlar. Ölkəmizdə də bu say az deyil”.

Hüquq müdafiəçisi haqlıdırmı? Doğrudanmı, boşanmalarda qayınanaların rolu həlledicidir? Ümumiyyətlə, milli mentalitet Azərbaycan ailəsinin möhkəmliyində nə dərəcədə neqativ və ya pozitiv rol oynayır? Niyə Azərbaycanda sivil qaydada, mədəni şəkildə boşanma faktları azdır, mütləq dava-qırğın, polisə şikayət, hətta qətl hadisəsi baş verməlidir? İşgəncədən bezən qadının, gənc ananın polisə müraciət etməsinə niyə pis baxılır?

Şeirlər - Əhməd QƏŞƏMOĞLU | Edebiyyatqazeti.az

Mövzu ilə bağlı tanınmış sosioloq Əhməd Qəşəmoğlu qeyd edir ki, indiki cəmiyyətdə qayınanaların rolu 50 il əvvəlki qədər deyil: “Hazırda cəmiyyət dəyişib, qayınanaların da rolu əvvəlki kimi güclü deyil. Bu məsələdə başqa amilləri nəzərə almaq lazımdır. Qayınana amili Azərbaycan cəmiyyətində get-gedə azalmaqdadır. Çünki  indiki gənclər ailə quranda çalışırlar ki, evləri ayrıca olsun, işlərinə müdaxilə olunmasın, qayınanalar təsir etməsin. Əlbəttə ki, qayınanaların rolunu sıfır saymaq da olmaz, lakin onlar həlledici rol deyil. Beləliklə, qayınanalar boşanmalara təsir edən amillərdən biridir, amma əsas səbəb deyil. Bu səbəbi əsas gətirmək qeyri-peşəkar yanaşma olardı”.

Sosioloq milli mentalitetin Azərbaycan ailəsinin möhkəmliyində neqativ və ya pozitiv rol oynamasından söz açdı: “Milli mentalitetimiz məsələsinə gəldikdə, ümumiyyətlə, insanlarımızın əksəriyyəti bir sıra hallarda yarımçıq bildiyi məsələlər barəsində danışır. Yəni milli mentalitetin mahiyyətini bilməyənlər ondan danışmağa çalışır.

Milli mentalitet  çoxdan yaranmış, amma ortadan götürülə bilən xüsusiyyətlərdir. Biri var ki, milli kod, hansı ki, onu ortadan götürmək mümkün deyil, çünki insanların səsində, yerişində ədalarında əks olunur. Yəni milli kod elə bir şeydir ki, onu dəyişmək mümkün deyil. Amma mentalitet vərdişdir, onu dəyişməyə nə var ki? Elə bütün teleseriallar ona görə yaranmışdı ki, psixoloqlar, sosioloqlar bir araya gələrək milli mentaliteti dəyişmək üçün bu üsuldan istifadə edilməsini təklif etmişdilər. Yəni əgər vərdiş etdiyimiz davranışlar, xüsusiyyətlər bizə mane olursa, onları hansısa üsullardan istifadə edərək aradan götürmək olar”.

Əhməd Qəşəmoğlu qeyd edir ki, dəyişən cəmiyyətdə hansısa problemi həll etmək üçün yeniləşmiş  cəmiyyətin xüsusiyyətlərini nəzərə alaraq işlər görülməlidir: “Mürəkkəbləşmiş cəmiyyətin yeni xüsusiyyətlərini nəzərə alaraq texnologiyalar qurulmalıdır, bunun üçün isə dünyada geniş elmi metodlar var və bu elmi metodları dərk edən, başa düşən məmurlar lazımdır ki, bu məmurlar çatışmır. O ki zorakılığa məruz qalan qadının polisə müraciət etməsinə cəmiyyətimizin pis baxmasına, düz edirlər. Şəxsən mən də bu məsələyə pis baxıram. Qadınların rahat şəkildə dərdini, problemini deyə biləcəyi sosial iş xidməti yaradılmalıdır.

Dəfələrlə bu barədə rəsmi orqanlara da bildirmişəm ki, necə ki, məhəllələr üzrə polis müvəkkili var, eləcə də sosial iş xidməti də olmalıdır. Qadınlar rahat şəkildə bu mərkəzlərə müraciət etməlidir. Sosial işçinin borcudur ki, problemli, gərgin ailələri qeydə alsın, ailələr müraciət etməyəndə belə, özləri həmin ailələrə gedib, qohumlarla və yaxud digər şəxslərlə söhbətlər aparsın, elmi metodlardan istifadə edərək qabaqlayıcı tədbirlər görsün.

Beləliklə, bir daha qeyd edirəm ki, gərginləşən cəmiyyətimizdə sosial iş xidmətinə böyük ehtiyac var. Həmçinin təhsildə də ailə, din, həyat bilgisi ilə bağlı dərslər tədris olunmalı və bunun sosial iş xidmətinin əməkdaşları həyata keçirməlidir. O ki qaldı hələ də boşanmaların sivil formada olmamasına, düşünürəm ki, bu məsələdə də sosial iş xidməti mühüm işlər görə, boşanmanın mədəni şəkildə olmasına və yaxud boşanmaya qədər ailədəki gərginliyin azalmasına nail ola bilər”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir