Dünyaca məşhur niderlandlı filosof və tarix professor Yohan Heyzinq oyunların sosial funksiyalarından bəhs edən, hələ ötən əsrin 30-cu illərində qələmə aldığı “Homo Ludens” adlı tədqiqat əsərində yazırdı: “Mədəniyyət və oyun arasındakı əlaqə, bütün göstəricilərdən də anlaşıldığı kimi xüsusilə sosial oyunun ən yüksək formalarında axtarılmalıdır. Şəxsin tək halda oynadığı oyunlar mədəniyyət hadisəsi baxımından çox az məlumat verir. Qrup halında oynanan oyunların bütün təməl xüsusiyyətləri heyvanlar aləminin təqliddən ibarətdir: mübarizə, stimul, təqlid, ifşa və s. İnsanlara xas oyunlar sadəcə heyvanlar aləmini deyil, təkamül olaraq bizdən çox-çox uzaqda olan quşları da təqlid xarakteri daşıyır: dəmlənən quşlar (quşlar meyvələri deşərək günəşdə gözlətdikdən sonra suyunu içirlər – A.N.) rəqslər edir, qarğalar uçuş yarışına çıxır, səsi gözəl quşlar əsrarəngiz melodiyalar səsləndirir”.
Göründüyü kimi, professor Y.Heyzinq təxminən yüz il öncə oyunların təməlində heyvanları təqlidin yatdığını, ən təməl proseslərdə belə ilk əcdadların təbiəti analiz və təqlid izlərinin mövcudluğunu qeyd edirdi. Mədəniyyət antropologiyası kitablarında primitiv həyat yaşayan bəzi qəbilələrdə insanların quşa bənzər paltarlar geyinməsi, üz-gözlərini quş tükləriylə bəzəyib qəribə səslər çıxarmaqla rəqs etdiklərini oxumuşdum. Amma belə görünür ki, təkcə primitiv həyat yaşayan qəbilələr deyil, ən modern insanlar da ilkin əcdadlarının təqlidi müşahidələri əsasında ortaya çıxan oyunları min illərdir, davam etdirirlər.
Qədim türklər köçəri həyat sürdükləri, daima düşmənlə savaşdıqları üçün daxili və ya xarici təhlükələrə fiziki və ruhi cəhətdən hazır olmalı idilər. Döyüşçü və köçəri mədəniyyətə malik türklər döyüşlərdə qalib gəlmək üçün hər zaman çevik, cəld və hər cür gözlənilməz situasiyalar hazır olmağın zəruriliyini hiss edirdilər. Bu hal türklərə xas idman və uşaq oyunlarında da özünü göstərir. Məsələn, “Kitabi-Dədə Qorqud”da idman və oyun tariximizlə bağlı olduqca maraqlı məlumatlar var.
On birinci əsrdə Mahmud Kaşğari tərəfindən qələmə alınmış “Divani Lüğat-it Türk” sözlüyündə bir çox oyunlar haqqında bilgilərə rast gəlinir. Burada “Munquz-munquz”, “Çərpələng”, “Qaraquni”, “Əbə-əbə”, “Köç” kimi bir çox uşaq oyunları barədə məlumat verilir.
“Munquz-munquz (buynuz-buynuz)” oyunu yuxarıda bəhs etdiyimiz keyfiyyətlər baxımından olduqca təsdiqləyicidir. Bu oyunda uşaqlar bir çay kənarında diz çöküb əllərini torpağa vuraraq otururlar. Uşaqlar arasından bir başçı (əbə) “munquz-munquz” deyir. Uşaqlar “nə munquz?” deyib soruşur. Başçı bir-bir buynuzlu heyvanların adını sayır, uşaqlar da təkrar edir. Arada buynuzsuz heyvan adı keçdikdə təkrarlayan oyunçu oyundan kənarlaşdırılıb çaya atılır. “Quş uçdu” oyunu da təxminən bu minvalda olan oyundur. Orada da quş adları sayılır.
“Qizlənpaç (qizlən qaç)” da qədim əcdadların ovçuluqla bağlı təsəvvürləri nəticəsində ortaya çıxan oyunlardan biridir. Mərhum professor Mirəli Seyidov “Gizlənqaç”da oxunan “Əki-Bəkil quş idi” mahnısını və bu mifik fiqurları ovçuluqla əlaqəli olaraq dəyərləndirir:
Əkil-Bəkil quş idi,
Ağaca qonmuş idi.
Getdim onu tutmağa,
O məni tutmuş idi.
Bəkilin adı ilə bağlı uşaqların oxuduğu bu əski şeirdə, simvolik də olsa, ovçuluqdan danışılır. Bəlkə də, bu şeir hansısa qədim ov ritualında oxunan bir şeirin şəkil dəyişmiş forması ola bilər. Bununla belə, şeirdə ovçuluqla bağlı bir sıra mətləblər iz, qalıq şəklində özünü b2ruzə verir. Deməli, “Əkil-Bəkil” qədim çağlarda zoomorfik onqon olub. “Kitabi-Dədə Qorqud” dastanının “Bəkil oğlu İmranın boyu”nda bu qədim ada rast gəlmək mümkündür. “Əkil” sözünün, bilindiyi kimi Azərbaycan dilində “qaçmaq” anlamı var. “Gizlənpaç” oyununda bu sözün işlənməsi, əlbəttə, təsadüf deyil. Ola bilsin, bu oyun ən qədim versiyada uşaqların ova hazırlığı kimi ortaya çıxıb. Necə ki təbiətdə heyvanlar, quşlar öz balalarına ovlanmağı öyrədirlərsə, eləcə də insanlar belə bir oyunla ova hazırlıq prosesini uşaqlarına aşılamışlar.
Belə ibtidai vərdiş izlərinə sanamalarda da rast gəlmək mümkündür. Azərbaycanda məşhur olan və bir çox versiyası bilinən sanamalarda ovçuluqla bağlı təsəvvürlərin izləri var. Uşaqlara barmaqları sayarkən öyrədilən bu sanamada olduğu kimi:
Bura bir quş qondu –
Bu vurdu,
Bu tutdu,
Bu bişirdi,
Bu yedi,
Buna qalmadı.
Bu sanamanın bir başqa versiyasında isə şeirin “hözə-hözə-hözə, bir quş qondu közə” deyə başladığı məlumdur. Buradakı simvolizm zəif olanın, ovun və ov sonrası proseslərin iştirakçısı olmayanın özünə yer tapa bilməməsinin ifadəsi ola bilər.
Bu inancların və uşaq oyunların mətləbində özünə yer tapan ibtidai görüşlərin izləri demək olar ki, bütün dünya xalqlarının, ələlxüsus da türk xalqlarının oyunlarında boy göstərir. Maraqlı bir Başqırd oyununda isə uşaqlar ovçuluğu tərənnüm edirlər. Həmin şeiri belə tərcümə etmək olar. Bizim “Əkil-Bəkil” şeiriylə olduqca səsləşən bu şeir də bənzər motivlərə sahibdir:
– Ağ qovaq, göy qovaq,
Göylərdə nələr var?
Rəngarəng, alaca quşlar var,
Qanadında nələr var?
– Şəkər ilə müşk var.
– Şəkərini ver mənə.
– Vermərəm sənə.
Qəribədir, professor Y.Heyzinqin də yazdığı kimi, insanlar daha çox quşları təqlid ediblər. Maraqlısı budur ki, Azərbaycan və Yaxın Şərq mifologiyasında quşlar həmişə ya səmavi-astral mənanın ifadəsi, ya da odun hamisi, ixtiraçısı olaraq qarşımıza çıxır. Bu oyunlar ovçuluğun və ilkin təsəvvürlərin təzahürü olmaqdan başqa çox az ehtimal olsa da, astal və kozmik hansısa hadisənin yerdə insanlar tərəfindən teatral canlandırması kimi də ortaya çıxmış ola bilər. Özəlliklə də “Əkil-bəkil” və qeyd etdiyimiz Başqırdlara aid mətndəki ağac simvolizmi bu ritualların həyat ağacı və quş paralelinə aid inancın simvolik bir əksi ola biləcəyi təəsüratı doğurur.
Amin Namazlı