beden

Empatiya yoxsulu cəmiyyət: Haradan gəldik, hara gedirik? -TƏHLİL

Baxış sayı: 519

Empatiya, insanın özünü qarşıdakı insanın yerinə qoyaraq onun hiss və düşüncələrini düzgün başa düşməsidir. İnsan münasibətləri empatiya vasitəsilə inkişaf edir. İnsanlar arasında münaqişə, empatiya hissi inkişaf etdikcə azalır və yox olur. Empatiya, cəmiyyətdə, ailədə, işdə, məktəbdə, yolda, ictimai nəqliyyatda – hər yerdə ehtiyac duyulan davranış hissidir.

 

İnsan niyə başqalarına qarşı bu qədər aqressivdir?

Gündəlik həyatda, evdə, işdə, məktəbdə və münasibətlərimizdə bir çox stress faktorları ilə qarşılaşır, müəyyən səviyyələrdə münaqişələr, narahatlıqlar, başqaları ilə mübahisə və qarşıdurma yaşayırıq. Bu münaqişələrin baş verməsi təbiidir, çünki əksəriyyətimiz ipi çəkilmiş bomba misalı həyat yaşayırıq. Buna görə də qarşılaşdığımız, səbəbi olduğumuz və ya təsadüfi münaqişələri həll etmək üçün üstünlük verdiyimiz bəzi şüurlu və ya şüursuz üsullar bizə problem yarada bilər. Yaranan problemi kimimiz ünsiyyət yolu ilə, kimimiz də qol gücünə həll etməyə çalışır.

Özümüzü ifadə edə bilmək, duyğularımızı, düşüncələrimizi bölüşmək ünsiyyətin təməl qaydasıdır. Ünsiyyət qurmadıqca, sosiallaşmadıqca bu hisslər içimizdə yığılıb qalır. Ziqmund Freyd deyirdi ki, ifadə edilməmiş duyğular heç vaxt ölmür, onlar sadəcə diri-diri basdırılır və sonra daha dəhşətli şəkildə təzahür edir. İnsan yaşadığı gizli qəzəbi təsadüfi hadisələr zamanı qarşı tərəfə yönəldir.

conforting-coworker-empathy

Nə qohumluq qalıb, nə qonşuluq…

Aparılan bütün elmi araşdırmalar psixi problemli insanların empatiya hissinin olmadığını deyir. Yəni dəhşətli qətllər törədən qatillər, canilər, təcavüzçülər bu hissdən məhrumdurlar. Buna görə kimisə soyuqqanlılıqla öldürə, doğraya bilirlər. Çünki həmin an başqalarının nə hiss etdiyini heç bilmirlər.

Cəmiyyətdəki münasibətlər də belədir. Xüsusilə, sosiallaşma virtual platformaya keçəndən insanlarda aqressivlik pik həddədir. Nə qohumluq əlaqələri qalıb, nə qonşuluq, nə yoldaşlıq. Siz son illər bir yerə toplaşan qohumlar müşahidə etmisiniz? Ya evində bişəndən qonşusuna pay aparan? Bunlar sosiallaşmanın təməl qaydalarıdır, əvvəllər normal olan, indi anormal kimi qələmə verilən. Ünsiyyət qurmayan insanların bu tələbatı ödənmədiyi üçün aqressiyası içində yığılır, bir gün yolda, işdə, ailədə kiməsə yönəlir. Ya öldürür, ya döyür. Yəni, nəticəsi bütün hallarda təhlükəlidir.

İnsanlar sosial problemlərini həll edə bilmədikləri üçün də aqressiya ilə yüklənirlər. Təsəvvür edin, ailəsinin ehtiyacını ala bilməyən hər hansı bir şəxs var və biz ondan empatiya gözləyirik. O isə başqalarından gözləyir bunu. Yəni, qarşılıqlı təmənna var, amma təminat yoxdur. Zehni, fikri ailə qayğıları, maddi problemlər, dolanışıq dərdi ilə yüklənmiş bir adam aqressiya ilə yüklənir, problemləri onu partlayacaq bomba halına gətirib çıxarıb. Dolayısı ilə yolda, dükan-mağazada, işdə qarşılaşdığı hər hansı bir neqativ vəziyyətdə bu aqressiyasını boşaldır.

Empatiya duyğunun olmamasının arxasında narsisizm, eqo hissi var. Narsist insanlar empatiya qura bilmirlər və başqalarının düşüncəsi onlar üçün əhəmiyyətli deyil. Bu insanlarda hökmranlıq, hakimiyyət, hissi inkişaf edir. Dünyadakı bütün münaqişələrin arxasında da bu hissin yoxsulluğu dayanır. İnsanlara empatiya hissi aşılansa, bu hisslə tərbiyə edilsələr dünyadakı problemlərin böyük faizini münaqişəsiz, qol gücü lazım olmadan həll edərlər.

 

Heç kim özünü başqasının yerinə qoymur

Empatiya hissi insana verilmiş ən gərəkli hissdir, insan o zaman müdrikləşir ki, qarşısındakı insanın yerinə özünü qoya bilir. İndi insanlar bu hissi özlərindən uzaqlaşdırıblar. Hamı kinini, nifrətini qusmağa bəhanə axtarır. Xüsusilə, pandemiyadan sonra vəziyyət çox gərgin oldu. İşsiz, təminatsız, sosial çevrəsiz qalan insan bütün pandemiya dövründə aqressiyasını içində böyütdü, bu aqressiyanı əvvəl ailədəkilərə, küçəyə çıxma qadağası ləğv edildikdən sonra ictimai yerlərdə başqalarına, iş yerləri açıldıqdan sonra isə iş yoldaşlarına yönəltdi.

empathy

Xüsusilə qeyd etmək lazımdır ki, pandemiya dövründə boşanmaların sayının artmasında empatiya hissinin yoxluğu və ya yetərli qədər olmaması da rol oynadı. Həmin dövrdə bir çoxumuzun yaşadığı sosial-psixoloji və maddi problemlər fonunda baş verən boşanmalarda tərəflər bir-birini başa düşmədən, empatiya göstərmədən ailə bütövlüyünü pozdu. Ailə başçısı işini itirdi, ailənin maddi təminatı zəiflədi deyə ailələrdə problemlər yarandı, aylarla evdə oturmağa məcbur olan tərəflər bir-birini yaxından tanımağa, kəşf etməyə başladılar və əslində, qaranlıqda qalmış bəzi problemləri gün üzünə çıxardılar. Güzəştə getmədikləri, bir-birini anlamadıqları üçün münasibətlərinə son verdilər.

 

Urbanizasiya empatiyanı qətl etdi

Cəmiyyətlərin inkişafında şəhərlərin əhəmiyyəti artdıqca, şəhər əhalisinin çoxalması, şəhər həyat tərzinin yayılması özü ilə bərabər həyatımıza çox yenilik gətirdi. Ümumiyyətlə, urbanizasiya həyatımızda çox dəyişiklik etdi. Böyük şəhərlərdə kiçik insanlar daha da kiçildi. Dəyərlərimiz dəyişdi, adətlərimiz fərqli don geyindi, insanlar empatiya hissini tanımadan qəddarlaşdılar.

Kiçik qəsəbələrdə, kəndlərdə hələ də yaşayan, yaşadılan isti münasibətlər böyük şəhərlərdə qeyb oldu. Küçədə halı pisləşənə yaxınlaşıb kömək edən olmadı, ayaqüstə gedən qoca sərnişinə yer verən tapılmadı, qonşusunun aclıqdan ağlayan uşaqlarının səsinə qulağını tıxayıb öz evində naz-nemətlə dolu süfrə açmağa utanmadı. Bütün bunların fonunda ətrafımızdan empatiya gözləmək ümidimiz nə qədər cılız görünür, deyilmi?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir