Toy

Toyun oldu da, nikaha nə hacət?!

Baxış sayı: 468

10 il ərzində Azərbaycanda 175 956 uşaq qeyri-rəsmi nikahdan doğulub. Təsəvvür edirsiniz? Nikahı olmadan nə qədər qadın hamilə qalıb, nikahı olmadan nə qədər kişi hamilə qoyub. Suallar çoxdur. Nəyə görə rəsmi nikaha girmədən övlad dünyaya gətirilir? Burada ən çox kimin məsuliyyətsizliyi və məsuliyyəti var? Bu, problemdirmi və necə həll etmək olar?

Fikrimcə, çox ciddi ictimai-sosial yükü olan problemdir. Əslində, qadağa və cəza sistemi bu məsələdə bir işə yaramır, çünki Azərbaycan sivil ölkədir və yetkinlik yaşına çatan hər bir vətəndaşının seçiminə hörmətlə yanaşmaq məcburiyyətindədir. Amma bu seçim ilə gələcəkdə doğulacaq uşaqların sosial həyatını, statusunu ləkələyəcəksə, deməli, düşünməli, müzakirə edilməli və həlli vacib olan böyük bir problem var.

Bizim cəmiyyətdə ailə qurmaq, evlənmək deyəndə toy edilib nümayişkaranə gəlin getmək, gəlin gətirmək başa düşülür. Əgər 500 nəfərin önündə toy etdinsə, rəsmi nikaha ehtiyac duyulmur, gənclər qanuni ailə sayılır. Ən böyük səhv də buradan başlanır. Gənclər toy edir, bir evdə vətəndaş nikahında yaşamağa başlayır, övladları dünyaya gəlir, ya uşaqpulu almaq üçün sənədə ehtiyac olanda, ya da uşaq məktəbə gedəndə rəsmi nikah yada düşür. Bu vaxtadək ailədə doğulan uşaqlar qeyri-rəsmi yolla, vətəndaş nikahından doğulmuş hesab edilir.

Araşdırsaq görərik ki, rəsmi nikahı olmayan ailələrdə ya hər iki tərəf, ya da qadın yetkinlik yaşına çatmamış evləndirilib. Azərbaycan qanunlarına görə, 18 yaş nikah yaşı hesab edilir, istisna hallar üçün 17 yaşı da məqbul hesab edir qanunlarımız. Amma bəzi bölgələrimizdə 13-15 yaşda belə qızlar evləndilir, bu halda rəsmi nikah üçün müraciət edə bilməzlər, qanunla cinayət məsuliyyəti daşıdıqlarını bilirlər. Bu halda bir dini nikahla məsələni bitmiş hesab edirlər.

Çox narahat olduğum bir məsələ də var ki, bu da ailələrin və gənclərin dini nikahı rəsmi nikahdan daha üstün hesab etməsi məsələsidir. Problem ondadır ki, ailə böyükləri toyqabağı gəncləri dini nikaha girməyə məcbur etdikləri qədər rəsmi nikahı dilə gətirmirlər. Azərbaycan dünyəvi dövlətdir və ailənin dövlət tərəfindən qanuni tanınması üçün rəsmi nikah şərtdir. Əks halda dövlət o ailəni tanımır, orada doğulan uşaqlara görə hər hansı maddi öhdəlik daşımır. Uşaqlar üçün verilən müavinət də bu səbəbdən rəsmi nikahı olan ailələr üçün nəzərdə tutulub.

TOY

Fikrimcə, ailələrin, xüsusilə, gənclərin diqqətini sosial çarxlar, maarifləndirici video-roliklər, habelə, gənclərin və orta yaşlı nəslin çox aktiv olduğu sosial şəbəkələrdə təbliğatla rəsmi nikahın vacibliyinə yönəltmək mümkündür.

Bundan başqa doğuma hazırlaşan hər bir qadına qeydiyyatda olduğu qadın məsləhətxanasında rəsmi nikahın vacibliyindən danışılmalı, körpə doğulmazdan əvvəl bu işi reallaşdıramağa təşviq edilməli, uşağın doğumundan sonra rəsmi nikahı olmayan ailələri gözləyən çətinliklərdən bəhs edilməlidir. Niyə ata yeni doğulmuş uşağına öz soyadını vermək üçün doğum evində ərizə yazıb atası olduğunu sübut etməyə ehtiyac duymalıdır? Axı cəmi 5 manat rəsmi dövlət rüsumu və 5 dəqiqəlik bir müddətdə ailəni rəsmi nikahla təmin etmək mümkündür.

Rəsmi nikah olmayan ailələrin bir problemi də nikah üçün tələb olunan tibbi müayinədən keçməmələri, beləliklə də, gələcəkdə ailədə problemli uşaqların doğula biləcəyi ehtimalına yol açmalarıdır. Əgər rəsmi nikah üçün tibbi arayış aldıqdan sonra müxtəlif cür xəstəlik daşıyıcısı olduğunu bilən cütlüklərin evlənməkdən imtina etdiyi barədə rəqəmləri də nəzərə alsaq bunun vacibliyini də anlamış olarıq. Axı həm irsi, həm də daşıyıcısı olma ehtimalı olduğumuz xəstəliklər, AİDS kimi, Hepatitin azğınlaşmış virusları kimi xəstəliklər bu yolla daha geniş yayılma imkanı tapır.

Doğrudur, qanunvericiliyə əsasən, qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabərdir. Yəni, qanunda rəsmi nikahdan doğulan uşaq üçün nəzərdə tutulan hüquqlar qeyri-rəsmi nikahdan doğulan uşağa da şamil olunur. Lakin təcrübədə bu hüquqların reallaşmasında müəyyən çətinliklərin yaşandığı da müşahidə olunur. Çünki rəsmi nikahda ata və ana dəqiq bilinir və gələcəkdə uşağa qarşı hansısa qanun pozuntusu olarsa, qanun qarşısında məsuliyyət daşıyırlar. Qeyri-rəsmi nikahda isə atanın adı ananın razılığı ilə yazılır. Ona görə də, həqiqətən də, uşağın atası olmayan şəxsin adını yazdıra bilər ki, bu da uşağın öz atasını tanımadan böyüyəbilmə ehtimalını gücləndirir.

Yumruqlanan nağara, üfürülən zurna, bayağı mahnılar oxuyan müğənni, başı yeyib-içməyə qarışan 300 nəfər qonaq fonundakı toyxana ailə qurmaq demək deyil. Ailə, dövlətin təsdiqlədiyi sənədlə rəsmiləşir. Toy edib nikah kəsdirməyi gərəksiz hesab etmək, nələrisə gizlətmək, görməzdən gəlmək və ya qurulan ailəyə etinasız yanaşmaq deməkdir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir