nikah

Evdən nikahsız qız çıxarmayaq… ARAŞDIRMA

Baxış sayı: 484

Nikah əsrlərdən bəri xalqımızın böyük dəyər verdiyi, təntənəli şəkildə qeyd etdiyi mərasim olub. Bunun müəyyən səbəbləri var. O səbəblərdən birincisi xalqımızın möhtəşəm ailə dəyərlərinin olmasıdır. Bu dəyərlər əsrlərin süzgəcindən süzülərək formalaşıb. Formalaşdıqca da müqəddəsləşib. Biz ailəni hər zaman müqəddəs hesab etmişik. Ailənin qurulması həyatımızın unudulmaz anı olub. Valideynlər əsrlər boyu övlad toyu görməyi arzulayıb, bu toyu taleyin ən gözəl bəxşişi hesab ediblər. Bütün bu gözəlliklərin açarı isə nikahdır.

Nikaha daxil olmağı, ailə qurmağı xalqımız vacib bir əməl kimi qəbul edib. Və bu, bütün ailələrdə təlqin olunub. O dərəcəyə çatdırılıb ki, mərhələli şəkildə həyata keçirilən, vaxtı çatanda vacib sayılan məsələlərdən biri olub. Xalqın folklorunda, yazılı və şifahi ədəbiyyatında ailə dəyərlərimizi özündə əks etdirən çoxsaylı məqamlar vardır.

Ta qədimdən nikah günü evlərimizdə təntənəli şəkildə qeyd olunub. Bunun üçün analarımız süfrə açıb, üzərinə min bir adda, ləzzətdə şirniyyatlar düzüb, yeməklər hazırlayıb. Bütün yaxınların, rəfiqə və dostların iştirak etdiyi nikah mərasimi süfrə başında, deyib-gülməklə, subaylara da bu günün nəsib olması diləyi ilə xatirələrə köçüb.

Nikahlanmağımızı təsdiq edən sənəd evimizin ən yuxarı hissəsində, etibarlı bir yerdə saxlanılıb. Hər zaman qorunub. Bütün bunlar isə yenə də ailəyə verdiyimiz dəyərdən, iki gəncin rəsmi şəkildə bir araya gəlməsinə müqəddəs yanaşmağımızdan qaynaqlanıb. Hər il nikah gününün qeyd olunması, bu münasibətlə evlilərin bir-birinə hədiyyələr bağışlaması bu müqəddəsliyin göstəricisidirsə, ailələrimizdə Gümüş, Qızıl, Brilyant toyların qeyd edilməsi isə bu xalqın nikaha verdiyi dəyərin bariz nümunəsidir.

 

Nikahsız yaşamaq günahdır

Nikahda məsumiyyət, paklıq, həm də bərəkət var. Nikah öz rəsmiliyi ilə paklıq gətirir bu bağlantıya. Nikah həm də bərəkətdir. Bərəkəti verən Ulu Yaradan olduğu üçün onun təlqin etdiyi nikaha daxil olanların da evlərinə bərəkət yağır göydən.

“Qurani-Kərim”də kəbinsiz, yəni nikahsız bir yerdə yaşamaq günah hesab edilir. Həm də cəzası ağır olan günah. Müasir dövrümüzdə kəbin kəsdirməklə bir yerdə yaşamağa başlayanlar belə hesab edirlər ki, bununla iş bitmişdir. Lakin bu, belə deyil. Əsrlər öncə bu iş yalnız dini formada həyata keçirilirdisə, lakin sonralar rəsmi şəkildə də olması vacib hesab edilibsə, biz onların hər ikisinə riayət etməklə düzgün nikaha daxil ola bilərik. Birtərəfli-yəni kəbinlə qurulan ailə fikrimcə, ailə deyil. Onların yaşadığı ev də abad ola bilməz, o ev bir günah yuvasıdır. Çünki o ailələr qanunlar xaricində qurulur.

Valideynlərin xeyir-duası olmayan yerdə ailədən söhbət gedə bilməz. Kimin harada kiminlə istəyirsə bir araya gəlib yaşaması bizim ailə dəyərlərinə, milli kaloritimizə uyğun deyil. Belə ailələrdə nə din, nə də bərəkət ola bilər. Dəfələrlə müşahidə etdiyimiz hadisələr yığnağıdır nikahsız evlər. Problemlərin, bitib-tükənməyən, həlli olmayan məsələlərin ünvanıdır. Sadəcə iki insanın hissləri daxilində, lakin düşüncəsi xaricində bir araya gəlməsidir. Buna nə ailə demək olar, nə də onların yaşadıqları yerə ev. Çünki ailə, ev məfhumları özündə yalnız bir tərəfi qədim dövrlərə söykənən dəyərləri, qayda-qanunları ehtiva edir.

 

Qapılarımızı açdıq: gələn çoxaldıqca, qalan azaldı…

Bizim bədbəxtliyimiz o zaman başladı ki, Avropaya evlərimizin qapısını açdıq. Bu qapılardan Avropaya məxsus olanlar girdikcə bizim olanları unutdurdu. Danışığımız, saçımız, geyimimiz dəyişdi. Dilimizə yeni sözlər əlavə etdik. Saçımıza yeni rənglər qatdıq. Geyimlərimiz dizləri çırıq- çırıq şalvarlara, ətəklərimiz dizdən iki qarış yuxarı, qolları ikicə qatmadan ibarət olan geyimlərə çevrildi. Parkda, nəqliyyatda ayaqlarımızı bir-birinin üstünə aşırdıq, utanmadıq, müasir hesab etdik, hansı ki, vaxtilə evlərimizdə böyüklərimizin yanında oturmaq belə qəbahət idi. Küçədə-bacada ucadan danışıb-gülməyə başladıq, nə olsun ki, müasir dünyadır, dedik. Hansı ki, bizə verilən tərbiyədə bundan qəbahətlisi yox idi. Bir-birimizlə əl-qol zarafatlarına başladıq, kənardan baxanlara məhəl qoymadan. Axşam evə gec gəldik, səhər tez çıxdıq, hansı ki, illər öncənin ailə sistemində bunlar qətiyyən yolverilməz idi.

Beləliklə, ailə qurmağa da özümüz qərar verdik. Əşi, Avropada heç rəsmi nikaha girənlər yoxdur, vətəndaş nikahı ilə yaşayır camaat, bizdə niyə olmasın ki, dedik. Unutduq keçmişimizi, ailə dəyərlərimizi.

Bu deyilənlərin mərkəzində gənclik dayanır. Lakin gəlin, biz orta nəslin nümayəndələri heç də özümüzü kənara çəkməyək. Çünki bütün bunların səbəbkarları elə bizik, övladlarımız deyil. Biz bacarmadıq. Qapılarımızı möhkəm kilidləyib, Avropanı içəriyə buraxmalı deyildik. Hansı ki, qapıları taybatay açdıq. Bu qapılardan girənlər çoxaldıqca, qalanlar azaldı, yəni mentalitetimiz, milli dəyərlərimiz tükənməyə başladı.

Nə etdiksə, biz etdik. Övladlarımızın hər hərəkətini diqqətdə saxlamalı idik. Danışığına, geyiminə, özünü küçədə aparmasına biz nəzarətçi olmalı idik. Bizim səhvlərimizdir bunlar. Boşluğu biz yaratdıq. Bundan isə istifadə edənlər qazandılar.

İndi övladlarımız avropasayağı “ailə” qururlar. Acısını kim yaşayır, biz. Çünki nikahsız ailə ilk gündən problemli ailədir. Biz buna hazır olmalıyıq. Hazır olmalıyıq ki, 1-2 ilə kimi başımıza gələnlərə sinə gərək.

 

Statistik göstəricilər həyəcan təbili çalır

Gəlin statistikaya nəzər salaq. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gələn uşaqların sayı 2021-ci ildə 17566, 2020-cu ildə 17714, 2019-cu ildə 21 453, 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.

2014-cü ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların 9772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9 411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9 592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb. 2018-ci ildə belə qadınlar şəhər yerlərində 7509, kənd yerlərində 13 207 uşaq, 2019-cu ildə şəhər yerlərində 7790, kənd yerlərində 13 663, 2020-ci ildə şəhər yerlərində 6667 uşaq, kənd yerlərində 11 047 uşaq dünyaya gəlib.

nikah muqavilesi

Kəndlər şəhərlərdən öndədir

Bu rəqəmlər adamın canına sanki bir üşütmə salır. Qeyri-rəsmi nikahla yaşayanlar haqqında çox eşidirik, onların dünyaya gətirdikləri uşaqların necə çətinliklə üz-üzə qaldığını bilirik. Həmin qadınların evlərdən qovulması hadisəsi ilə dəfələrlə qarşılaşırıq. Onların heç bir mülkdə hüququ olmaması barədə də yetərli məlumatımız var. Lakin yuxarıdakı rəqəmləri belə bir arada görmək daha dəhşətlidir.

Müqayisə edərkən bir nüans da diqqətimdən kənarda qalmadı. Nikahdankənar doğulan uşaqalrın sayı yuxarıda göstərilən illərin hər birində kənd yerlərində daha artıq olmuşdur. Bu isə daha böyük faciə deməkdir. Çünki ailə dəyərlərimiz, adət-ənənələrimiz həmişə şəhərlərdən çox, kənd yerlərində qorunub saxlanılıb. Lakin bu rəqəmlər Avropanın şəhərlərimizdən sürətlə ötüb kəndlərimizdə dayanmasını sübut edir.

2021-ci ildə ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17566 uşaq dünyaya gətiriblər. Bu həm də 17566 uşaqla yanaşı, bir o qədər qadın deməkdir. Dünyaya gətirdikləri uşaqlarla birlikdə həyatın çətinliklər girdabına atılan qadınlar. Onların sabahı necə olacaq? Övladlarına atalarının soyadını verə biləcəklərmi? Sevib inandıqları insanlarla başladıqları yolu sona qədər addımlaya biləcəklərmi? Sadah bir problem yarananda həyat yoldaşları onların arxasında olacaqmı? Əgər ayrılmalı olsalar, bir ev tapıb övladları ilə orada yaşaya biləcəklərmi? Axı qanunvericilik mülklə bağlı nikahlı evliliklərlə müqayisədə nikahsız evliliklər üçün ayrı söz deyir.

Bu məsələ ilə bağlı həyacan təbili onsuz da illərdir, çalınır. Lakin düşünürəm ki, indi bu təbili ara vermədən, yorulmadan, gecə-gündüz çalmalıyıq. Çünki statistik rəqəmlər çox qorxuncdur. Hələ fikir versək, son illərin statistikasında nikahsız bir araya gələnlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Bu da ölkəmizdə nikah yaşının 18 olaraq müəyyənləşməsidir. Lakin bunun da qarşısında 17 mindən artıq nikahsız uşağın doğulması faciəvi rəqəmdir. Bu səbəbdən də oyanmalıyıq. Rəsmi nikahına göz yumduğumuz, sadəcə kəbinlə ailə quran övladlarımızın gələcəyi naminə oyanmalıyıq. Ətrafımızda bu cür evliliyə yol verənləri tənbeh etməliyik. İmkanımız daxilində belə evlilikdən insanları çəkindirməli, bunun üçün əlimizdən gələni etməliyik. Evlərimizdən isə qızlarımızın heç bir halda nikahsız çıxmasına icazə verməməliyik.

 

Söhbətləşdiyim nikahsız qadınlar…

“C” adlı qadın deyir ki, pandemiya dövründə ailə qurmuşam. Rəsmi nikahımız olmadı, qayınanamgil dedilər ki, belə bir dövrdə mümkün deyil, pandemiyadan sonra hökmən nikahınız olar. Sonra bu işin ardınca gedən olmadı. Oğlum düyaya gəldi, yoldaşım ona atalıq verdi. Hazırda nə qədər deyirəmsə, məni eşidən, nikah barədə düşünən yoxdur.

“L” adlı qadınla 2-3 il olar bu barədə söhbətləşmişdim. Nikahı yox idi. Deyirdi ki, uşağımız olmadı, məni qayınanam evdən qovdu. İndi valideynlərim nə qədər çalışırsa, cehizimi oradan götürə bilmir. Deyirlər ki, sübut et ki, ailə qurmusan, bu evə gəlin gəlmisən. Sənun bu evdə heç nəyin yoxdur.

“D” adlı xanımın da iki övladı olmasına baxmayaraq hələ də rəsmi nikahı yoxdur. Deyir ki, oxumuşam ki, nikahsız bir evdə yaşamaq günahdır. Nə qədər edirəmsə, yoldaşımı nikahımızı bağlamağa razılaşdıra bilmirəm. Mənə elə gəlir ki, bir cinayət törətmişəm. Bu hiss rahat olmağıma imkan vermir. Lakin ailədə məni anlayan kimsə yoxdur.

“S” adlı qadın da nikahsız uşaq dünyaya gətirib. Sonra ayrılıblar. Uşağa heç cür aliment ala bilmir. Deyir ki, həyat yoldaşım aliment verməkdən boyun qaçırır. Mənə deyir ki, nikahın yoxdur, hara gedirsən, get.

“M” adlı qadın isə ata-anasının razılığı olmadan evdən sevdiyi oğlana qaçdığını deyir. Nə nikahları, nə də toyları olub. Qayınanasının təkidi ilə kəbinlə kifayətlənib, artıq 5 ildir birlikdə yaşayırlar. 2 övladları var, ikisi də ananın soyadını daşıyır. Məsələni qadın ata-anasına danışmaqdan çəkinib. Ona görə ki, onların razılığı ilə ailə qurmayıb. Soyad məsələsi də birbaşa qayınanasının göstərişi ilə olub. Qadın oğulla ananın söhbətini eşidib. Ana oğluna “uşaqlara soyadını vermə, birdən ayrılmalı olarsınız, o zaman aliment verməli olacaqsan”, deyirmiş. Oğlu da budur, ananın dediklərinə riayət edib.

Qadın deyir ki, nə çıxıb atasıgilə getməyə üzü var, nə də bu vəziyyətdə olan ailədə yaşaya bilir. Çarəsizlikdən bilımir ki, nə etsin. Çox peşmandır.

Göründüyü kimi, nikahsız qurulan ailələrdə hər zaman əziyyət, zərər çəkən tərəf qadınlar olur. Ona görə də bu sahədə maarifləndirmə işlərinin artırılmasına ciddi ehtiyac var. Düşünürəm ki, bu barədə elə bir qanun qəbul edilməlidir ki, kişilər öhdəsinə düşən məsuliyyətdən boyun qaçıra bilməsinlər.

 

Mətanət MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir