dogum

Qeysəriyyə əsarəti: sifarişlə doğuş və “zerkalni” ad günü

Baxış sayı: 676

Hələ 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

 

Sifarişlə doğuş olar?

Qanunlarımıza görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunurlar. Lakin bu günədək belə bir cərimənin tətbiqi ilə bağlı heç bir müvafiq orqan açıqlama etməyib, nümunə göstərməyib.

Ümumiyyətlə, qeysəriyyə əməliyyatı ana tərəfindən verilən qərar olmamalıdır. Qeysəriyyə əməliyyatı həkim nəzarətində olan ananın təbii doğuş problemləri yaşayacağına əmin olan mütəxəssisin rəyi əsasında reallaşdırılmalıdır və hamiləliyin sonlarına doğru bu qərar qətiləşməlidir. Qeysər kəsiyi ilə əməliyyat olanacaq ana bunun təbii doğuş edə bilmədiyi üçün edildiyinin fərqində olmalıdır.

Üstəlik, o bilməlidir ki, qeysər kəsiyinə özü istədiyi üçün yox, həkim əsaslandırdıqda icazə verilir. Amma təəssüf ki, bizdə bu gün qeysər kəsiyi ilə doğuş əməliyyatlarının çoxusu əsassız icra olunur. Çox zaman qadınlar özləri qeysəriyyə ilə doğmağa qərar verir ki, təbii doğuş ağrılı olur, bədənin forması korlanır. Lakin aparılan araşdırmalar, ÜST hesabatları sübut edir ki, təbii doğuş qadın qamətini uzun illər şux saxlayır.

 

Dünyaya gələndə ilk zərbə

Tibb elmi deyir ki, qeysəriyyə fizioloji quruluşun tamamilə əksinə yönəlmiş bir əməliyyatdır. Məlumat üçün bildirək ki, uşaq yaşının 3 dövrü olur ki, bunlar bətndaxili dövr, intranatal dövr və doğuşdan sonrakı dövr adlanır. Körpə ana bətnindəki dövrü, eləcə də doğuşdan sonrakı dövrü özü yaşayır, təbii prosesə uyğun böyüyür.

Körpə bu dövləri yaşadığı kimi intranatal dövrü də təbii olaraq yaşamalıdır. İntranatal dövr doğuş prosesinin gedişi dövrü deməkdir və hər bir canlı bu dövrü yaşamalıdır. Bu proses xüsusilə insan doğulan zaman onun orqanizmi üçün çox vacibdir. İntranatal dövr başlandığı zaman dölün orqanizmi hazırlıq prosesi keçir, uşaqlıqdan kənar sərbəst nəfəs almağı və yaşamağı öyrənir, uşaqlıq yolu ilə irəlilədikcə ananın çanağı onun ciyərlərində qalan suyu sıxaraq təmizləyir, ciyərlərin tədricən nəfəs almasına hazırlıq görür. İntranatal dövrü keçid dövrüdür və bu keçiddən keçmədən dünyaya gəlmək normal deyil.

Körpə ana bətnində olanda onun nəfəs yolları minimum 30-40 ml. maye ilə dolaraq tutulur. Doğuş zamanı doğuş yolu ilə yavaş-yavaş irəliləyən döl ananın çanağında təbii yolla sıxılır. Bu sıxılma zamanı körpənin döş qəfəsində, ağciyərlərində, nəfəs yolunda olan maye təbii yolla orqanizmdən xaric olur. Ana orqanizmi özü təbii yolla körpəsini həyata hazırlayır. Körpəni qeysəriyyə əməliyyatı ilə kəsib birbaşa havaya çıxaranda bu proses baş vermir və dolayısı ilə körpənin ağciyərlərində su qalır və bu da gələcəkdə tənəffüs yolu xəstəliklərinə təkan verir.

 

İTS qeysəriyyəni təminata alır, lakin…

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hamilə qadınların profilaktik müayinələri, ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlər təminata alınıb. Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Lakin bu qadınların vaxtından əvvəl qeysəriyyə edilərək övladının dünyaya gəlişini istədiyi günə salmaq sevdasına mane olmur.

Bu məsələdə böyük məsuliyyət həkimlərin üzərinə düşür. Sığorta ilə qeysəriyyə olacaqsa, bunun üçün əsaslı tibbi göstəriş şərtdir. Lakin göstərişi əsas olmadan da yaza biləcək həkimlərin olma ehtimalı var və bu kimi hallarda qanunun tələbi yerinə yetiriləcəkmi, müəmmalıdır. Çünki həkimlərin və anaların ortaq istəyi qeysəriyyə olarsa, əməliyyat üçün bəhanə də tapmaq asan olacaq.

 

“Zerkalni” gündə doğulan balam!

Qeysəriyyə əməliyyatı qadınların “zerkalni” gün istəyi ilə olmamalıdır. Toy gününə, ad gününə, nişan gününə, başqa hər hansı bir əlamətdar günə salmaq üçün övladını təbii doğuş vaxtından əvvəl əməliyyatla götürülməsində israrçı olan, bunun üçün əlindən gələni edən valideynlər üçün bir ölçü götürülməlidir. Onların bu tələbinə alət olan, heç bir tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatı icra edən həkimlər barədə də həmçinin.

Şəxsiyyət vəsiqəsində 01.01.2011, 12.12.2012 yaxud 03.03.2003 yazılan çox uşaq var, eləcə də buna bənzər başqa “zerkalni” rəqəmlərlə zorakı doğulanlar çoxdur. Valideynlərinin toy günün doğulan, ata və ya ana ilə eyni gündə ad gününü qeyd edən çox uşaq var. Burada günah tək valideynlərdə deyil, öz növbəsinə, iş saatına uyğun gəlsin deyə zorakı qeysəriyyə əməliyyatı edən həkimlər də çoxdur. Hər il şahidi oluruq, tətilə gedəcəyini, ölkədə olmayacağını deyərək normal doğuş vaxtından 3-4 həftə əvvəl əməliyyatla uşağı götürən həkimlər barədə sosial şəbəkələrdə valideynlər tərəfindən şikayətlər olur.

Təbii doğuş vaxtına 3-4 həftə qalmış uşağı bir həvəs üçün ana bətnindən vaxtından əvvəl götürən və götürdənlər üçün ciddi tədbir görülməlidir. Qanunlar bu tədbiri görməsi üçün müvafiq icra orqanlarına ixtiyar verir, bəs əməldə necə, icra edilirmi? Bu günədək tibbi göstəriş olmadan aparılan qeysəriyyə əməliyyatına görə kiminsə məsuliyyətə cəlb edilməsi barədə məlumata rast gəlmisinizmi?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir