mekteb

Ağır çantalı yüngül uşaqlar – PROBLEM

Baxış sayı: 499

Ölkəmizdə məktəb yaşı 6-dır. Lakin 1 il öncədən, yəni hələ 5 yaşları olanda artıq məktəbəqədər hazırlıq qruplarına gedən balacalar məktəb çantaları ilə bu vaxt tanış olurlar. Mütəxəssislər xəbərdarlıq edir ki, məktəb çantalarının ağırlığı məktəbə gedən uşaqlar üçün olduqca çoxdur. Belə ağır çantalar uşaqlarda ağır bel-onurğa problemlərinə, “skolyoz” adlandırılan xəstəliyə səbəb olur.

mekteb

Övladınızın çəkisi çantası ilə uyğun gəlirmi?

Skolyoz xəstəliyi insan onurğasının C şəklini alması deməkdir. Skolyoz xəstəliyinin başlanğıcı da məhz kiçik yaşda onurğanın zədə alması, ağırlıq səbəbi ilə boy qısalığı, görünüş problemləri, ağciyər problemləri ilə başlayır.

Uşaqlarda bel ağrılarının ən birinci səbəbi ağır məktəbli çantaları ilə əlaqədardır. Uşağın çəkisinin 10-15 faizindən çox olan məktəb çantasının daşınması bel, çiyin və əllərdə ağrılara səbəb olur. 30 kq çəkisi olan bir uşağın maksimum götürə biləcəyi çanta ağırlığı 5,5 kq olmalıdır. Məktəb dövründə uşaqlar çantalarında kitab-dəftər, ləvazimat – ümumiyyətlə, çoxlu tədris materialları daşımalı olurlar. Üstəlik, hər dərsə əlavə iş dəftərləri, məktəbdən sonra hazırlıq kursları, məşğələləri varsa, çantalara əlavə kitablar, idman ləvazimatları, ayaqqabılar və başqa ləvazimatlar da qoyulur. Bu da məktəbli çantalarının çəkisinin daha da artmasına səbəb olur.

mekteb

Qalın qayışlı çanta alın

Ağır çantalardan istifadə etdiyinə görə uşaqlar bu ağırlıqları tarazlaşdırmaq üçün irəliyə doğru əyilir və bu da kürək nahiyəsində kifoz və lordoz dediyimiz deformasiyalara səbəb ola bilər. Ağır çantanın təzyiqindən çiyinlərdə ağrı və çanta asqı-qayışlarının çiyinləri sıxması səbəbi ilə qollarda və əllərdə uyuşma meydana gələ bilər. Ağır məktəb çantaları bel, boyun və çiyin ağrılarına, xroniki yorğunluğa və əzələ spazmlarına səbəb ola bilər. Bu hal da öz növbəsində uşağın məktəbə getmək istəməməsinə və xroniki ağrılardan əziyyət çəkməsinə səbəb ola bilər.

Məktəbli çantası, çantanın ümumi çəkisinə təsir etməmək üçün mümkün qədər yüngül materialdan hazırlanmalı, asqı-qayışları qalın olmalı, qayışın qalın hissəsi isə çiyinə uyğun olaraq tənzimlənməlidir. Beləliklə, çiyinə düşən yük bel tərəfindən də dəstəklənir. Məktəbli çantasının qayışları bərabər məsafədə və hər iki çiyində bərabər səviyyədə olmalıdır.

Bəzən valideynlər uşaqlarının ağır çanta daşımaması üçün təkərli çantalar seçir, lakin təkərli məktəb çantası təkərsiz və tutacaqsız çantadan daha ağır olur. Əgər uşaq məktəbdə pilləkan qalxmalı və enməli olursa çantasını əlinə almalı olur, o zaman təkərli çantaya üstünlük verilməməlidir, çünki bu, əlavə yük yaradacaq.

Uşaqların məktəb çantalarından istifadə edərkən etdikləri səhvlərdən biri də çantanı bir çiynində daşımaqdır. Çantanın qayışlarından yalnız birini istifadə edərək bir çiyində daşınması daha çox yükə səbəb ola bilər və daşındığı tərəfdə daha çox gərginlik yaradır. Bunun qarşısını almaq üçün çantaları hər iki çiyin qayışı ilə tam kürək nahiyəsində daşımaq lazımdır. Bundan əlavə, çantadakı bölmələrdən səmərəli istifadə edilməli və daha ağır kitablar və ya materiallar çantanın arxa hissəsinə yaxın yerləşdirilməlidir ki, çəki paylansın və balanslı çanta yaransın.

mektebli

Çanta düzgün seçilməsə…

Məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq yükə səbəb olur və ağrı meydana gəlir. Çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək. Bir çiyində daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolyoz ) kimi onurğa problemlərinə səbəb ola bilər.

Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq. Çantanın çiyin asqılarının incə, ensiz, uzun və çantanın ağır olması sinirlərə təzyiq edəcək. Bunun da nəticəsində əl və qola gedən sinirlər zədə alacaq.

Ağır çanta daşıma, yaxud da ağır çantanın tək çiyində daşınması zamanı boyun əzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları, baş ağrısı yaradacaq. Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillələri qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir