Bağçalarda vahid menyu tətbiq ediləcək. Artıq 196 bağçada pilot qida layihəsi tətbiq olunub. Bunu Məktəbəqədər Təhsilin Təşkili və İdarəolunması Sektorunun müdiri İlahə Rəsulova deyib. O bildirib ki, hazırda bununla bağlı valideynlərdən və layihənin tətbiq olunduğu bağçaların rəhbərliyindən toplanan sorğular emal edilir. Bəs vahid menyu tətbiqindən sonra bu sahədə hansı dəyişikliklər gözlənilir? Ümumiyyətlə, bu addım nəyə hesablanıb?
Sorğular aparılır, qərar veriləcək
Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, layihə hələlik sınaq mərhələsindədir, bir müddət sonra qərar veriləcək: “Bildiririk ki, uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli, 103 nömrəli qərarı, qida normalarına nəzarət, uşaqların gün ərzində qidalanması, qidaların keyfiyyətinə nəzarət və sanitar-gigiyenik qaydalara əməlolunma Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” ilə tənzimlənir. Hazırda 196 uşaq bağçasında pilot qida layihəsi tətbiq olunub. Bununla bağlı valideynlərdən və layihənin tətbiq olunduğu bağçaların rəhbərliyindən toplanan sorğular təhlil edilir. Bundan sonra qərar veriləcək ki, layihə genişləndirilsin, yaxud dayandırılsın və ya modifikasiya edilsin. Pilot qida layihəsinin tətbiq olunmadığı bağçalarda qanunvericiliyə uyğun olaraq xüsusi menyu var və uşaqların qidalanması buna uyğun aparılır. Pilot qida layihəsi Bakının dörd rayonu və üç regionunu əhatə edir, dövlət bağçalarında həyata keçirilir. Pilot qida layihəsi tətbiq olunan yerlərdə həm valideyn, həm də direktorlarla sorğular aparılır”.
Dövlət sabit bir menyu hazırlayır ki…
Təhsil eksperti Qoşqar Məhərrəmov deyib ki, standartlaşma qanunsuzluqların qarşısını almaq üçün yaxşı addımdır: “ABŞ təcrübəsinə baxsaq görərik ki, məktəblərin və bağçaların bağlı olduğu bölgələr var. Menyu bir yerdən tərtib olunur. Azərbaycanda dövlət bağçalarında da bu təcrübə tətbiq ediləcək. Özəl bağçalar isə müstəqildir. Dövlət sabit menyu hazırlayır ki, müəyyən standartlar olsun. Pilot layihələrin tətbiq edildiyi bağçalarda ərzaq tədarükü də standartlaşacaq. Bu zamana qədər bağçaların təsərrüfat işlərində çoxlu yeyinti halları var idi. Dövlət bu sistemi gətirir ki, hansı bağçaya nə qədər məmulat, ləvazimat, yemək lazımdır, bəlli olsun”.
“Yemək şirkəti ilə müqavilələr imzalanacaq”
Q.Məhərrəmovun sözlərinə görə, bağçalar yemək şirkətləri ilə razılığa gəlsələr, bu, daha məqsədəuyğun olar: “Güman edilir ki, bağçaların yemək məsələsi bir mərkəzdən təşkil ediləcək. Yəni bir “ketrinq” şirkəti 15-20 bağçanın yemək işini təşkil edəcək və nazirlik də həmin şirkətlə razılışacaq. Bu yanaşma müasir sistemdir. Sadəcə, burada bir nüans var. Əvvəl bağçalara ərzaq gəlirdi və orada yeyinti olurdu. İndi isə nazirliklə həmin şirkət arasında yeyinti ola bilər. Ona görə bu prosesə xüsusi ehtiyat və diqqət göstərmək lazımdır. Yemək və təsərrüfat çox həssasdır”.
Təhsil ekspertinin fikrincə, bütün proseslər şəffaf olsa, bu yenilik uğurlu alına bilər: “Yeməklər həm keyfiyyətli olmalı, həm də uşaqların yaşına, sağlamlığına uyğun hazırlanmalıdır. Paket məhsullarından uzaq sağlam qidalar olmalıdır. Maliyyə səmərəliliyi təmin edilməli, burada şirkət də qazanmalıdır. Şirkətlər nazirliklə tenderə girəcək. Tender də düzgün və şəffaf aparılmalıdır. 196 bağçada sabit menyu tərtib olunsa, nahardan bir saat əvvəl isti yemək gətirilərək və bağçalara təqdim edilsə, bu, daha gözəl bir praktikadır. Nəinki bütün bağçalara ərzaq göndərilsin ki, eyni ərzaqdan eyni yemək bişirilsin. Amma hər halda standartlaşma çox yaxşı addımdır. Çünki standart olmayanda bağçalarda yeyinti halları daha çox olur”.
Kor-koranə menyunun qəbulundansa…
Qida eksperti Fərid Səfərov bildirir ki, bağçalar üçün nəzərdə tutulan vahid menyu zülallar, yağlar və karbohidratlardan təşkil olunmalıdır: “Hər bir halda pilot layihənin olmağı müsbət bir haldır. Ona görə ki, əvvəllər dövlət bağçalarında kor-koranə menyular tətbiq olunurdu və uşaqlara nə gəldi verilirdi. Artıq indi vahid bir sistemlə formalaşacaq. Uşaqlar bizim gələcəyimizdir və onların sağlam olması üçün mental sağlamlıqla yanaşı, qida da çox vacibdir. Ona görə də düşünürəm ki, bu layihə uğurlu olacaq. Vahid menyuda mütləq şəkildə uşaqların gündəlik enerjisini saxlamaq və təmin etmək üçün zülallar, yağlar, karbohidratlar olmalıdır. Menyu bunlardan təşkil olunmalıdır. Bu qidaların balansı qorunsa, həm uşaqlar, həm də cəmiyyətimiz üçün yaxşı olacaq”.
Zərif Salmanlı