parklama

Parklanma ilə bağlı bitməyən problemlər

Baxış sayı: 494

Parklanma ilə bağlı yeni qaydalar avtomobillərini uzunmüddətli park edənlər üçün müəyyən problemlər yaradıb. Mövcud vəziyyətdən çıxış yolu olaraq bəzi ekspertlər qiymətlərə yenidən baxılmasını təklif edirlər. Bu təkliflərə dəstək verən deputatlar da var. Bəs parkinq qiymətlərində dəyişiklik edilməsi nə dərəcədə realdır?

İmtiyazların hazırda da mövcud olduğu deyilir

Nəqliyyat eksperti Adil Nəbiyev dedi ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tarifləri, həm şəhərin tarif zonalarını, eyni zamanda yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

A.Nəbiyevin sözlərinə görə, ödənişlə bağlı hazırda da müəyyən güzəştlər mövcuddur: “Yol hərəkəti haqqında” qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən də ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb”.

Parklanma üçün əlavə yerlərə ehtiyac var

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, parklanma ilə bağlı problemlərin əsas səbəbi yerlərin məhdud sayda olmasıdır: “Bu problem artıq özünü kəskin şəkildə büruzə verir. Problem ondan qaynaqlanır ki, hazırda Bakı şəhərində olan obyektlərin böyük əksəriyyətinin parklanma yeri yoxdur. Parklanma yerini yaşayış, qeyri-yaşayış obyektləri, onların sahibləri yaxud da qurum rəhbərləri təşkil etməyə borcludurlar. Amma təşkil etməyiblər. Məsələn, xəstəxana, alış-veriş mərkəzi, biznes mərkəzi, idarə və təşkilatların parklanma yerləri yoxdur”.

 

İş yerlərinə yaxın parklanmalar üçün güzəştlər istənilir

E.Cəfərovun fikrincə, hazırda parklanma qiymətlərinə yenidən baxılması və endirim və güzəştlərin edilməsi daha doğru addım olardı: “Boş yer tapa bilmədiyi üçün vətəndaş avtomobilini dövlətin balansında olan pullu parklanma yerində saxlamağa məcburdur. Bu da gün ərzində xeyli məbləğ deməkdir. Mən də tərəfdarıyam ki, məbləğlər yuvarlaqlaşdırılmalıdır. Məsələn, əgər şəhərin mərkəzində bir saatı bir manatdırsa, 4-5 saat mütəmadi maşınını saxlayan, həmin ərazilərdə işləyən şəxslər üçün güzəşt olunması doğru addım olardı. Yaxud, ümumiyyətlə saatı bir manatdan daha aşağı məbləğə endirilməlidirlər ki, vətəndaşlarımız üçün parklanma yerləri daha əlçatan olsun və problemlər yaranmasın”.

Vəziyyəti ancaq qiymət siyasəti ilə tənzimləmək olar

Nəqliyyat eksperti Yasin Mustafayev isə düşünür ki, hazırda parkalnma qiymətləri aşağı salınsa, bu halda vəziyyət daha da acınacaqlı olacaq: “Parklanmanın qiyməti tələb və təkliflə bağlıdır. Şəhərin mərkəzi hissələrində yer məhduddur. Adam var 15-20 dəqiqəlik hansısa quruma, idarəyə, şirkətə gəlir, yarım saat, bir saat maşını saxlayıb işini görüb gedir. Şəhərin mərkəzində bir manata, bir az kənarda 70 qəpiyə saxlayır. 5-10 saat saxlayan adam üçün bu, böyük bir məbləğdir. Amma məbləği də aşağı salıb bütün günü o yeri zəbt etmək başqalarının haqqına girmək hesab olunur. Şəhər mərkəzinə, parklama yerləri məhdud olan zonalara çox vaxt maşınsız getmək lazımdır. Bu layihə ictimai nəqliyyatdan daha çox istifadə etmək, populyarlığını artırmaq, insanları bu istiqamətə yönəltmək üçün reallaşdırılır. Qiymət aşağı salınsa, adamlar səhər maşını saxlayacaq, bir də işdən çıxanda götürüb gedəcək. Yeri ancaq qiymət siyasəti ilə məhdudlaşdırmaq, tənzimləmək olar. Qiymətlərə yenidən baxılacağını və aşağı endiriləcəyini düşünmürəm”.

 

Kim 6-7 manat vermək istəmirsə…

Y.Mustafayev bildirdi ki, bahalı parklanma yerlərindən bir az kənarda maşını saxlayıb mərkəzə piyada və ya ictimai nəqliyyatla gəlmək mümkündür: “Parklanma ilə bağlı bir boşluq görmürəm. Xidmətlə bağlı əməkdaşlar da həmişə ərazidə olur. Mobil tətbiqin istifadəsi də çox rahat, praktikdir. Mənim heç bir iradım yoxdur. Bir məsələ ilə bağlı qərar veriləndə, təbii ki, hamını razı salmaq mümkün deyil. Əgər istəyiriksə ki, şəhər tıxacdan azad olsun, çətinliklərdən qurtulaq, bunun üçün ictimai nəqliyyata keçməliyik. Bir az kənarda maşını saxlayıb daha ucuz, bəlkə də pulsuz parklanma yeri tapmaq mümkündür. Kim 6-7 manat vermək istəmirsə, bir az kənarda saxlaya, ictimai nəqliyyatdan istifadə edə bilər. Qiymətləri yenidən endirmək haqqında düşünsək, o zaman şəhərdə nəqliyyatın sıxlığı daha da artacaq”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir