Çox müzakirə olunan bu məsələyə yenidən qayıdaq. Çünki bu mövzu qəti şəkildə “dəbdən” düşmür. Ona görə düşmür ki, kişilər özlərinə onlardan gələn bütün qoxular üçün haqq qazandırır. Beləliklə də mövzu köhnəlmək bilmir.
Kişiləri danlayanda…
Məsələn, kişiləri onlardan gələn tütün iyinə görə danlayanda, deyirlər ki, kişidən tütün iyi gələr də, bəs nə iyi gəlməlidir? Tər qoxusu üçün danlayanda, deyirlər ki, kişisən tər qoxusu gələr də. Özlərinə haqq qazandıra-qazandıra tütünün xoşagəlməz iyini evlərimizə, iş otaqlarımıza daşıyırlar. İşdə, evdə birgə paylaşdığımız dolablara paltar asmağa peşman oluruq. Çünki onlar ya tütün, ya da tər iyi verir. Lakin nədənsə bəzi kişilər özlərindən gələn qoxunu duya bilmirlər. Bəlkə də bu geniş bir araşdırma mövzusudur ki, nə üçün onlar öz qoxularını hiss etmirlər. Lakin onlardan fərqli olaraq qadınlar özlərində olan hər hansı bir qoxuya qarşı həssasdır və dərhal onun qarşısını almağa cəhd göstərirlər.
Kişilər isə buna əsla məhəl qoymur, tütün və tər qoxusu verməkdə davam edirlər. Sözsüz ki, bunu bütün kişilərə şamil etmək olmaz. Lakin əksəriyyət belədir, desək, yanılmarıq. Tütün çəkənlər isə xüsusilə xoşagəlməz qoxu verir. Hələ üstəlik çayxanalarda özləri kimi tütün çəkənlərlə birlikdə saatlarla çay içib, dama oynayandan sonra evə gələndə içəriyə elə qəribə bir qoxu çökür ki, gəl, görəsən. Qadınlar onlara “səndən gələn iydən xəbərin var?”,- deyəndə isə açıqca görürlər ki, kişilərin özlərindən gələn qoxudan əsla xəbəri yoxdur. Ya bu qoxu onların burunlarına dolub adiləşir, ya da hissetmə qabiliyyətlərində problemlər var.
Eləcə də tər qoxusu olan kişilər. Onlar da sözsüz ki, qoxu verdiklərindən xəbərsizdir, yoxsa bunun qarşısını almaq barədə fikirləşərlər. Tez-tez ictimai nəqliyyatda bu kimi hallarla qarşılaşmaq olur. Və Allaha yalvarırsan ki, qarşıdakı dayanacaqda bu kişi enə. Bəzən istədiyin kimi olur, bəzənsə düz mənzilbaşına qədər bu iyi qoxulamalı olursan.
Boğucu tünd kişi ətirləri
Bəzi kişilər isə həddindən artıq ətirdən istifadə edirlər ki, adamın yanından ötəndə boğulduğunu hiss edirsən. Həm də əksəriyyət kişinin seçimi tünd ətirlərdir. O qədər tünd ki, yoldan ötəndə dəqiqələrlə bu qoxu çəkilmir. Və yaxud da evdə bu ətirdən vurub çıxandan sonra saatlarla qoxu evdən çəkilmir. Hətta dolablarına da bu ətir çökür və hər dəfə açanda yenidən otağa dolur. Yuyulub ütülənən paltar da bu qoxunu verir.
Ən pis hal isə, bilirsiniz, nə vaxt yaranır? Həmin o tünd ətirlərdən istifadə edən kişilər üstəlik tütün çəkəndə. Deməli, siqaret çəkirlər, bunun qoxusunu guya öz aləmlərində dəf etmək üçün üst-başlarına da ətir, odekolon vururlar, həm də necə deyərlər, ətirlə çimirlərmiş kimi. Bundan sonra hünər o kəsə ki, bu qoxunun əhatəsində nəfəs ala bilsin. Həmin qoxu nə evdən, nə iş otağından saatlarla çəkilmək bilmir.
Bu qədər tünd ətirləri necə bəyənirlər, demək istərdik, lakin bu onların seçimi olduğu üçün sayğı ilə yanaşırıq. Çünki biz qadınlar arasında da tünd ətirləri sevənlər çoxdur. Bizim isə kişili-qadınlı insanların seçiminə hörmətlə yanaşmaqdan başqa çarəmiz yoxdur.
Kişilər nə vaxtsa qoxularının fərqinə varacaqlar?
Lakin bir məsələ hələ də qaranlıq olaraq qalir ki, kişilər görəsən nə vaxtsa özlərindən gələn qoxuların fərqində olacaqlarmı? Yoxsa tütün çəkmələrinə haqq qazandırdıqları kimi, tütün iyinə də haqq qazandırmağa davam edəcəklər. Bu iy guya gəlməsin deyə ətirlənib daha da xoşagəlməz qoxuya sahib olacaqlar.
Bir sözlə, kişilərdən nə qoxusu gəlməlidir, sualı məncə çox yanlış və yersiz bir sualdır. Kişilərdən də, qadınlardan da normal olaraq nə qəbul olunursa, o qoxu gəlməlidir: xoşagəlim, heç kimi narahat etməyən qoxu. Bunu isə necə etmək lazımdır, hamı əməl etməsə də, yaxşı bilir.
Qoxu səbəbindən dağılan ailələr
Ailələr tanıyıram ki, qoxu səbəbindən boşanmaya qərar veriblər. İstər qadın, istər kişidən gələn qoxu ilə bağlı olaraq. Düzdür, bəzi qoxular var ki, onlar insanın özündən asılı olmayaraq gəlir. Yəni, hansısa bir xəstəliklə, orqanizmdə çatışmazlıqla bağlıdır. Lakin əksər qoxular isə baxımsızlıqdan gəlir. Hər iki halda isə bunun qarşısını almaq mümkündür. Tibbin bu qədər inkişaf etdiyi bir dövrdə kimdənsə xoşagəlməz qoxunun gəlməsinin qarşısını alacaq onlarla müalicə metodu vardır. Lakin biz məsuliyyətsizlik edib, bunu boş bir məsələ sanıb həkimə müraciət etmiriksə, bu səbəbdən ailəmiz dağılırsa, deməli, heç bizim düşüncə səviyyəmiz də yerində deyil. Və yaxud da yuxarıda dediyim kimi, tütündən tüstülədib, saatlarla çayxanalarda əyləşib üzərimizə bu qoxuları hopdurub evlərimizə yollanırıqsa, danlanmamaq üçün üstümüzə ətir vurub daha kəskin qoxu veririksə, yenə də günah özümüzdədir.
Fəsad verən qoxu
Bu qoxuları hər kəs təbii ki, eyni qarşılamır. Adamlar var ki, tütün iyinə də, kəskin ətir qoxusuna qarşı da allergiyası var. Və bu qoxular onu vuranda, necə deyərlər, anadan əmdiyi süd burnundan gəlir. Mədəsi bulanır, baş gicəllənməsi baş verir, qusma halı yaşayır. Ona görə də bu cür insanları da nəzərə almaq lazımdır. Xüsusilə ailədə, iş yerlərində insanları narahat edəcək qoxulara qarşı hər kəs özlüyündə mübarizə aparmalıdır. Siqaret tüstüsündən boğulan iş yoldaşına, həyat yoldaşına sayğı ilə yanaşıb, onun xətrinə tütün çəkməyi azaltmaq da olar.
Kişilərə söyləyəndə, onların əksəriyyəti bunu heç də birmənalı qarşılamır. Hələ üstəlik “tütün, ətir iyindən də allergiya olmaq olar” kimi kobud cavab da verirlər. Bu isə işdə, ailədə narazılığa səbəb olur. Tər qoxusu isə dözülməz olduğu, bunun üçün kişi müalicəyə getmədiyi üçün ailənin dağılması səbəbi də ortaya çıxa bilir.
İnsanlara sayğı duyun, kişilər!
Kişilərin insanlara sayğı duymasını istərdik. Onların öz xoşagəlməz qoxuları ilə insanları pərişan etməsini istəməzdik. Özləri barədə düşünmələri, təmizliyə riayət etmələri, tütündən bir qədər qaçmağa çalışmaları çox yaxşı olardı: görürsünüzmü, tütün sizin sağlamlığınızı əlinizdən aldığı kimi, həm də sizə verdiyi “ətirlə” danlanmağınıza səbəb olur. Hamı sizdən uzaq durmaq istəyir ki, üst-başınıza hopmuş bu qoxulardan kənar qalsın. Görün bu tütünün qoxusu ətrafı belə bürüyürsə, sizin iç orqanlarınıza hansı ziyanı vurur.
Nəticə isə onu tələb edir ki, tütün çəkən və tərlə bağlı problemləri olan kişilər özləri barədə düşünsünlər. Və “kişidən kişi iyi, tütün iyi, tər iyi gələr” iddiasından bir qədər kənarlaşsınlar. Belə olarsa, anlayacaqlar ki, kişidən də, qadından da bir-birini narahat etməyən qoxu gəlməlidir, vəssalam.
Mətanət Məmmədova