yas

Yaşlanma qorxusuna qalib gəlmək üçün belə etməli?

Baxış sayı: 1. 682

Yaşa dolmaq, qocalmaq əksər insanların, xüsusən də qadınların qorxulu kabusudur. Gözəl görünməmək, dərinin qırışması, bir çox fəaliyyətlərin zəifləməsi, qamətin əyilməsi bəzilərini narahat edir. Bu narahatedici duyğuların varlığı isə insanı daha tez qocaldır.

Mütəxəssislərin fikrincə, hansı yaşda olursa-olsun, özünü gənc hesab edən insanlar daha gec qocalırlar. Amerikalı həkim Riçard Freydman hesab edir ki, yaşlı insanlar üçün zaman gənclərlə müqayisədə daha tez keçir. Bu isə yaşlıların keçmişə “itirilən zaman baxışı” ilə baxmasından irəli gəlir. Gənclər yeni dünyaya alışmağa, yeni maraqlar əldə etməyə çalışdıqları üçün zamanın necə keçdiyini hiss etmirlər, onlara elə gəlir ki, zaman çox ləng keçir. Yəni zamanın keçməsi insanın dünyaya baxışından asılıdır. Freydmana görə, yaşlılar zamanın ləng keçməsini istəyirlərsə, nəyisə yenidən öyrənməyə başlamalıdırlar. Yaşlanma bir tərəfdən məhdudlaşdırıcı kimi görünsə də, digər tərəfdən genişlədici bir dövrdür. Genetik uyğunluqlar və daha başqa bioloji faktorlar, ümumi sağlamlıq vəziyyəti, maliyyə qaynaqları, həyat təcrübələri və əlaqələr, çətinliklərlə mübarizə aparmaqda qazanılan təcrübələr insanın həyatına birbaşa təsir edir.

Ataların bir məsəli var “qocalmaq istəmirsənsə, qocalığı çiyninə alma”. Mütəxəssislər də hesab edir ki, qocaldığını qəbul edənlər daha tez ölür, ömürlərinin sonu depressiya və streslə keçir. Onlar ömürlərinin təsirli və canlı dövrünü belə düşüncələrə sərf edərək dünyadan gedirlər. Amma belə hal hamıda baş vermir. Belə fikirlərə düşməmək bir növ insanın özündən asılıdır. Pessimist düşüncələr özümüzə verdiyimiz dəyəri azaldır.

Psixoloq Aynurə Əlibəylinin sözlərinə görə, müxtəlif səbəblərdən artıq özümüzə diqqət göstərməyə bilər, bir çarəsizlik duyğusuna, bəlkə də hər şeyin sonu gəlibmiş kimi bir duyğuya belə qapıla bilərik. Əslində bir anda yaşlanma deyə bir şey yoxdur. Yaxşı, ya da pis, onsuz da hamımız günbəgün yaşlanırıq, digər tərəfdən isə müdrikləşirik. Yaşlılığı qəbul etməklə, yavaş-yavaş yaşlanmanın və zaman keçdikcə müdrikləşmənin üstünlüklərindən məhrum olmuş olarıq.

Həmsöhbətimiz deyir ki, psixologiyada həyat Erikson qaydasına görə 8 mərhələyə bölünüb. “İnsan bu mərhələlərin hər hansı birindəsə inamsızlıq yaşayırsa, bu, psixoloji zədə olaraq onu yaralayır. Və müəyyən bir dövrdən sonra (əsasən 45 yaşdan sonra) insan yaşlanma qorxusu yaşamağa başlayır”.

Psixoloqun bildirdiyinə görə, yaşlanma qorxusuna qalib gəlmək üçün insan istədiklərini etməyi bacarmalıdır. “Nəyi istəyirsinizsə, onu da etməyə çalışın. Sağlamlıq problemləriniz varsa, o problemləri həll etmək üçün yol axtarın. Bütün yaş qrupunda insanlarla ünsiyyət qurun, amma yetkinliyinizi və yaşınızı sevin. Yaşınıza uyğun dost, həyat yoldaşı sizi yaxşı başa düşə bilər. Amma digər yaş qruplarının da həyatınıza qatdığı rəngi qaçırmayın.

Güclü və təsirli hiss etdiyiniz müddətdə evinizdə qalın və özünüzə özünüz baxın”.

Əlibəyli hesab edir ki, yaşlı birinin ən əhəmiyyətli psixososial problemi təklik qorxusudur. “Yaşlı bir insan qocalar evinə və ya xəstəxanaya düşərsə, ani tənhalıq qorxusu ilə ölüm və depressiv çökmə yaşaya bilər. Çünki uşaqlarını və nəvələrini görə bilməyən birinin duyğuları həyat yükünü daşıya bilmir”.

Yaşlıları ən çox depressiyaya salan qorxu isə ölüm qorxusudur. Bu, universal qorxu adlanır. Amma insan övladının tək qaça bilmədiyi reallıqdır ölüm. Yaşlılarda saçın ağarması ilə bərabər ruh da ağarır. Yaşlılığı hiss edən qoca ölümü Allaha qovuşma kimi qəbul edərsə, qorxu ilə yaşamaz.

“Yaşlıların digər bir qorxusu isə çarəsizlik duyğusudur. Əvvəlki fiziki gücün olmaması, bəzi sağlamlıq problemləri, yaxın bildiyi, sevdiyi insanların həyatdan getməsi yaşlı insanı çarəsizlik içində buraxır” deyən müsahibimiz bildirir ki, bu dövrdə yaşlı insanlara övladının səsi, yaxınlığı güc verir və onu bəzi duyğulardan azad olmağa istiqamətləndirir. Övladı ilə telefonda danışan, ona güvənən yaşlı onu düşünərək həyatına davam edir və tək olmadığını düşünür. Hər bir insanın yaşlandığı zaman bu qorxuları olur, hətta güclü görünən insanların da. “Odur ki, yaşlılıq dövrünü yaşayan insanlara qayğı ilə yanaşmaq, diqqət göstərmək və onlara qarşı səbrli olmaq lazımdır. Çünki Allahın iznilə ilə hamımız yaşlanacağıq və hamımız eyni hissləri yaşayacağıq”.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir