Cəmiyyət olaraq hər zaman kişiləri qınamışıq. Ailənin dağılmasında, boşanmalarda əsas hədəf kişi olub. Bəs bir dəfə də olsa kişinin bu addımı niyə atmasını öyrənmişikmi? Kişinin dərdi nədir deyə düşünmüşükmü?
Əslində yox. Bu dəfə bu səbəbləri aydınlaşdırmağa çalışdım. Və ortaya çox qəribə tablo çıxdı.
I səbəb
Psixoloqlar iddia edir ki, kişilər nikahın pozulması haqqında qadınlardan daha çox düşünür. Amma qadınlar bu addımı daha çox atır, məhkəməyə müraciət edirlər. Bu da qadınların daha emosional olmasından irəli gəlir.
II səbəb
Qadın üçün evdə deyinmək, dava-dalaş etmək, qışqırmaq normadır. Qadın düşünür ki, əsas ailədir, uşaqlardır. Nə olsun ki, mən 7/24 həyat yoldaşımı psixoloji olaraq terror edirəm.
Amma kişi üçün ailədə, evdə olan bu ab-hava normal deyil. Əgər boşqablar, cehizlik servis qadın tərəfində döşəməyə çırpılıb sındırılırsa və bütün bu hadisə qışqırıqla müşayiət olunursa, o zaman kişinin beynində əsaslı fikir formalaşır. Belə davam etmək, belə yaşamaq olmaz. Deyəsən, bu ailə dramı çox çəkdi. Beləliklə, qırmızı həyəcan siqnalı işə düşür. Kişi ailəni tərk etmək qərarına gəlir.
III səbəb
Boşanma qərarı kişinin ailəli olan müddət ərzində evliliklə bağlı pozitiv xatirələrinin nə qədər olması ilə bağlıdır. Əgər yaşanan illər ərzində yaddaşda daha çox yaxşı hadisələr qalıbsa, o zaman bu məqam kişinin ailədən getməsinin qarşısını ala bilər. Yox, əgər bu dövrdə yada salınacaq xoş hadisələr yoxdursa, kişi asanlıqla onu boğan, incidən əhatədən qaçacaq.
IV səbəb
Biz bu barədə danışmaq istəməsək də, mövzu ətrafında danışmaq bizim cəmiyyətdə qəbul olunmasa da psixoloqlar bu səbəbin əsas faktorlardan biri olduğunu deyir. Həmin səbəb ər-arvad arasında olan intim münasibətlərdir.
V səbəb
Kişi psixologiyasında qətiyyətlik mövcuddur. Onun üçün ağ və qara rənglər mövcuddur. Onun üçün münasibət ya yaxşıdır, ya da pis. Bundan çıxış edərək o, ya ailədə qalmağa, ya da getməyə qərar verir.
VI ən əsas səbəb
Kişi üçün qadının ona xəyanət etməsi yolverilməzdir. Qadın isə çox zaman xəyanəti bağışlaya bilir. Amma onu da qeyd etməliyəm ki, son zamanlar bizim cəmiyyətdə də kişinin qadına xəyanət etməsi ayrılmağa səbəb ola bilir. Artıq qadınların çoxu bu səbəbi əsas tutaraq həyat yoldaşları ilə bir evdə yaşamaqdan imtina edirlər.
Bu sadaladığım səbəblərin bir hissəsi idi.
Bəzi səbəblər var ki, onlar təsnifatdan kənar qalır. Bu kişinin və ya qadının pis vərdişləri, alkoqoldan çox istifadə, ailədə şiddət, uşaqlara və qadına qarşı psixoloji terror, qadının evə-uşaqlara diqqət yetirməməsi, daha çox vaxtının qohum-qonşugildə keçirməsi və s. səbəbləri göstərə bilərik.
İstənilən halda bu gün nikahın pozulması çoxalır. Statistikaya görə Azərbaycanda hər üç nikahdan biri boşanmaqla sonlanır.
İnsanlar onları məhv edən münasibətdən çıxmağa meyl edirlər.
Bilmirəm, bəlkə də əvvəl Azərbaycan reallığı bu məsələdə daha sərt olduğu üçün insanlar ən pis halda belə boşanmırdılar. Dəfələrlə eşitdiyimiz fikirlər var. Məsələn, filankəsin əri içirdi, döyürdü, söyürdü, amma o dözdü. Balalarını böyüdüb ortaya çıxardı. Və ya əksinə. Filankəsin arvadı bütün günü deyinirdi, evdən elə qarğış səsi gəlirdi, pinti və səliqəsiz idi, amma kişi dözdü. Və bu fikirlər az qala şəxsiyyətin qələbəsi kimi səslənirdi. Amma əslində bu qəbildən olan insanlar ömürlərini puç ediblər. Cəmiyyətin basqısı da onlara bu işdə yardım edib.
Heç vaxt yadımdan çıxmır. Ömrünü belə qeyri-sağlam ailəyə həsr edən qadın dedi ki, kaş mən də vaxtında ayrılardım. Bu qədər zülmə dözməzdim. Ömrüm heç oldu. Onsuz da övladlarımı tək böyütdüm. Nə olsun ki, “ərdə” idim.
Hər nə qədər psixoloqlar, sosioloqlar danışsalar da, hansısa elmi əsasları gətirsələr də hər ayrılan insanın özünə görə çox vacib səbəbi var və bunu yalnız o özü bilir.
Bəs bu gün boşanma statistikasına baxanda dağılan ailələrin faizinin azalması üçün hansı tədbirlər görülməlidir?
Hansı dövlət və ya qeyri-dövlət qurumları işləməlidir?
Hansı proqramlar hazırlanmalıdır?
Təəssüf ki, bunun cavabı yoxdur.
Sonda – heç vaxt unutmalı deyilik ki, bu həyatda bir dəfə yaşayırıq. Vəssalam!
Kubra Məhərrəmli