psixoloq

Məktəb psixoloqlarının işi niyə qənaətbəxş deyil? – EKSPERT RƏYİ

Baxış sayı: 1. 503

Gəncədə məktəbin önündə şagirdin bıçaqlanması, Bakıda şagirdlərdən birinin digər yeniyetməyə qarşı alçaldıcı hərəkətlər etməsi və son olaraq Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanması məktəblərdə vəziyyətin yaxşı olmadığını, həmçinin problemli şagirdlərlə işləyən məktəb psixoloqlarının fəaliyyətinin qənaətbəxş olmaması məsələsini yenidən gündəmə gətirdi. Bəs, görəsən, orta məktəblərimizdə çalışan psixoloqlar öz vəzifə funksiyalarını necə yerinə yetirirlər və ən əsası bu sahədəki problemlər nədən qaynaqlanır?

Bu suala cavab tapmaq üçün PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı ilə həmsöhbət olduq və o mövzuyla bağlı aşağıdakıları qeyd etdi:” Təhsildə psixoloji xidmət uşaqların, şagirdlərin psixoloji, sosial-psixoloji və tədrislə bağlı davranış, mənimsəmə və intellektual inkişaf problemlərinin həllinə yönələn, xüsusi üstünlüklərə malik universal xidmət sahəsidir. Ümumilikdə bu xidmət əqli və fiziki baxımdan aktiv inkişaf edən uşaq şəxsiyyətinin sağlam və hərtərəfli formalaşması üçündür. Təhsildə psixoloji xidmət bağçalarda, məktəbəqədər hazırlıq və orta ümumtəhsil müəssisələrində, ümumiyyətlə bütün növ orta məktəblərdə yaradılır, amma təəssüf ki, hazırda vəziyyət o qədər də ürəkaçan deyil.

Almara

Məktəb psixoloqlarının başlıca vəzifələri haqda da danışan mütəxəssis deyir ki, məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir.

Almara xanım həmçinin qeyd etdi ki, məktəb psixoloqu uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir. O, şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyənləşdirərək onları ibtidai təhsil pilləsindən ümumi orta, tam orta təhsil pillələrinə və peşə məktəblərinə keçərkən psixoloji müayinə etməli, müəllim, valideyn və ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlamalıdır.

Mütəxəssis həmçinin vurğulayır ki, psixodiaqnostik iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışa meyilli olan uşaqları, habelə ümumi və xüsusi istedadlı uşaqları üzə çıxarmalıdır. Alkoqolizmin, narkomaniyanın, cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparmalıdır.

Ekspertin sözlərinə görə, məktəblərdə psixoloji xidmətin zəif olmasının bir çox səbəbləri var: “Bu sahə yeni olduğu üçün məktəblərdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi daha da geniş formada aparılmalıdır. İkinci bir tərəfdən də psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün uyğun otaq və şəraitlərinin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar”.

 

Təqdim etdi: UĞUR




7 şərh “Məktəb psixoloqlarının işi niyə qənaətbəxş deyil? – EKSPERT RƏYİ

  1. Nuridə

    Təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri və bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir.

    Cavabla
  2. Rasim A.

    Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır.

    Cavabla
  3. Aqil Məmmədli

    Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların çoxu orta məktəb şagirdləri tərəfindən edilir. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var. Bu hadisələrin fonunda yeniyetmənin özünün fərdi daxili psixoloji problemi meydana gəlir və onu valideyn təyin edə bilmir. Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu, sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Və hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır

    Cavabla
  4. Məsudə SEYİDOVA

    Məktəbə psixoloji xidmət böyük bir sahəni əhatə edir və onunla işləmək ayrılıqda bir sahədir. Ölkəmizdə yeni inkişafına baxmayaraq düşünürük ki. bu sahənin inkişafına olan qayğını hər birimiz inkişaf etdirməliyik

    Cavabla
  5. Konul Kamilova

    Məktəb psixoloqları şagirdlərin təhsil və psixoloji ehtiyaclarını dəstəkləmək üçün müəllimlər, idarəçilər, valideynlər və digər mütəxəssislərlə fəal əməkdaşlıq etməlidirlər. Onlar təlim strategiyaları, davranışın idarə edilməsi üsulları və müdaxilə planları üzrə məsləhət verə bilərlər.

    Cavabla
  6. Şamil Şirinov

    Məktəb psixoloqları mədəni cəhətdən səriştəli olmalı və şagirdlərin və onların ailələrinin müxtəlif mənşəyinə və ehtiyaclarına həssas olmalıdır.

    Cavabla
  7. Xəyalə A.

    Məktəb psixoloqları bu sahədə ən son tədqiqatlar, ən yaxşı təcrübələr və etik qaydalardan xəbərdar olmaq üçün davamlı peşəkar inkişafla məşğul olmalıdırlar. Onlar etik standartlara riayət etməli və tələbələr və ailələrlə qarşılıqlı əlaqədə məxfiliyi qorumalıdırlar.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir