xeyanet

Ailədə xəyanət: niyə yaranır, haradan qaynaqlanır?

Baxış sayı: 600

Ailədə xəyanəti yaradan səbəblər çox ola bilər. Bütün hallarda, əgər xəyanət baş veribsə, deməli, münasibətdə boşluq var. İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, evli olan cütlüklərin hər yüz nəfərindən 21-i həyat yoldaşına xəyanət edir. Bu göstərici vətəndaş nikahında yaşayan cütlüklərdə hər yüz nəfərdə 51-dir. Araşdırmanın nəticələrinə görə, qadınların 50 faizi aşiq olduqları üçün, kişilərin isə 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət edir.

Kanadada aparılan bir araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantika və hisslərinə qarşılıq görmədiyindən, 30 faizi yoldaşı ilə “dil taba bilmədiyindən”, 20 faizi isə xanımı ilə cinsi problemlər yaşadığı üçün xəyanət edir.

xeyanet

Qadınlar niyə xəyanət edir?

Bizim cəmiyyətdə milli mentalitetimizdən qaynaqlanan belə bir fikir var: “Kişilər xəyanət edər, amma qadınlar əsla!” Maraqlıdır ki, bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb. İndi kişilər qədər olmasa da, qadınlar da həyat yoldaşına xəyanət edir, hətta ildən-ilə həyat yoldaşını aldadan qadınların sayı artır. Amma qadın və kişilərin xəyanət etmə səbəbləri bir-birindən fərqlidir.

Türkiyədə aparılan bir araşdırma zamanı ailəli qadınlara belə bir sual ünvanlanıb: “Nə vaxtsa həyat yoldaşınızdan başqa bir kişini bəyənmisiniz?” Cavablar 3 kateqoriyada dəyərləndirilib. Evliliyində heç bir problemi olmayan qadınların 13 faizi, ailə münasibətləri normal olanların 9 faizi, evliliyi pis olanların isə 100 faizi bu suala müsbət cavab verib. Beləliklə aydın olur ki, dövrümüzdə ailədə özünü bədbəxt hesab edən qadının aldatma və xəyanət ehtimalı 100 faizdir.

Psixoloqlar deyir ki, xəyanət edən kişi özünü bəzi hərəkətləri ilə “ələ verir”. Əvvəlcə xanımı bunu hiss edir, öncə bəzi məsələlərin yolunda olmadığının fərqinə varır. Daha sonra həyat yoldaşının bir sözünün digəri ilə uyğun gəlmədiyini anlayır, yalanları ardıcıl və tutarsız olur. Həmçinin, xanımına xəyanət edən kişi onun gözünün içinə baxmaqdan çəkinir, göz təması qurmur. Xəyanət edən kişilər evdə mümkün qədər az zaman keçirir, ailəsinə az maraq göstərir, xanımına olan marağı azalır.

Həyat yoldaşı tərəfindən aldadılan qadın bunun fərqinə vardığında və xəyanətə əmin olanda isə çox vaxt bunu gizlədir. Araşdırmalar zamanı məlum olub ki, yoldaşı xəyanət edən qadınların 50 faizində özünə güvən və inam hissi “ölür”, 35 faizi ailənin dağılmaması naminə özünü bu vəziyyətdən xəbərsizmiş kimi aparır, 15 faizi isə konkret olaraq boşanır. Qısası, əri xəyanət edən qadınların 85 faizi “taleyi ilə barışır”.

Bəzən xəyanətlərin əksəriyyəti ailədəki bədbəxtliyini kompensasiya edilməsi məqsədi ilə başlayır. Xəyanətlər, əsasən, evliliyin ilk 10 ili ərzində baş verir. Psixoloqlar, adətən, xəyanət edən kişiləri 2 kateqoriyaya bölürlər.

Birincisi, daima xəyanət meyilində olanlardır ki, bu cür kişilər qısa və davamlı olmayan əlaqələrə üstünlük verirlər və heç bir əlaqələrində uğurlu ola bilmirlər. Müsəlman ölkələri arasında bu cür əlaqələrə daha meyilli olan kişilər osmanlı türkləri hesab edilir. İkinci kateqoriyada isə təsadüfən xəyanət edənlər var. Bu cür kişilər “istəmədən” bu vəziyyətə düşürlər. Daha çox evli və nisbətən daha yaşlı qadınların bir növ “toruna düşürlər” və bir çox hallarda bu kişilər üçün “göydəndüşmə” olur.

Əslində, xəyanət başqasını deyil, özünü aldatmaqdır. Çünki real həyatından razı olmayanlar xəyanət edir və bu xəyanəti ilə gerçəkliyi dəyişə bilməz. Həm psixoloqlar, həm də sosioloqlar deyir ki, əgər tərəflərdən biri xəyanətə uğradığını hiss edirsə, heç bir halda əmin olmadan qəti hərəkət etməməli və mütləq şübhələrini həyat yoldaşları ilə paylaşmalıdırlar. Xəyanətin səbəblərini öyrənmək, vəziyyəti dəyərləndirmək lazımdır. İstər kişi olsun, istərsə də qadın, xəyanəti yaradan səbəb, ilk növbədə, ailədə yaşanan problemlərdir. Əks tərəfin diqqətinin azaldığını və sevgisinin tükəndiyini görən qadın və ya kişi xoşbəxtliyini kənarda axtarır.

Son illərdə, sosial şəbəkələrin həyatımıza bu qədər pərçimlənməsi nəticəsində ailələrdə, fərdlərdə müxtəlif formada münasibət deformasiyası baş verib. Bəziləri sosial şəbəkənin xeyrini görür, çünki informasiya təlabatını ödəyir, intellekti, dünyagörüşü gücləndirir, biliyi təkmilləşdirir, yeni tanışlıqlar yaradır. Bəziləri isə zərərini görür, virtual aləmin köləsinə çevrilir, sosial şəbəkələrdə “yaşayır”, psixologiyasına, səhhətinə, ailəsinə təsir edəcək zərərli vərdişlər qazanır.

xeyanet

Biz əvvəl sosiallaşmaq üçün canlı ünsiyyətdə olurduq, qohumla, qonşuyla münasibət yaradırdıq, indi sosial şəbəkədən hal-əhval tuturuq. Amma indi ər arvadına sözünü bu otaqdan o birinə keçib demir, şəbəkədən yazır. Hər nə qədər gizli qalsa da, sosal şəbəkələr ucbatından bizim ölkəmizdə də ailələr dağılır. Düzdür, çoxları heç bilmir ki, bu ailə nə səbəbdən dağıldı, çünki məhkəmə onları “yola getməmək”, “davamlı mübahisə” kimi səbəblərlə boşayır. Əslində, ailələrin bəzilərində boşanma səbəbi belədir: “qadın və ya kişi davamlı olaraq sosial şəbəkədə, messencerdə olduğuna və bir-biri ilə ünsiyyət saxlamadığına görə ailədaxili söz-söhbət yaranıb və tərəflər boşanmağa qərar veriblər”. Sosial şəbəkədə başqasının yalançı vədlərinə inanan, aşiq olduğunu düşünən insanlar getdikcə artır və bu da təbii olaraq ailələrin dağılmasına səbəb olur.

Hər gün mətbuatda xəyanətlə bağlı cinayətlər yer alır, ailədaxili münasibətlərdə bu vəziyyətin nə qədər təhlükəli olduğunu bu cinayətlər vasitəsi ilə görürük. Xəyanət özü özlüyündə insani vəziyyət deyil, istıər aildaxili münasibətlərdə olsun, istər yoldaşlıq, dostluq, ictimai münasibətlərdə, bu vəziyyət əlaqələrə zərər verir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir