mezar

“Qara bayram” nədir və onu qeyd etmək nə dərəcədə doğrudur?

Baxış sayı: 648

Hər il Novruz bayramı öncəsi yeni dünyasını dəyişmiş insanların yaxınları “qara bayram” adlı mərasim keçirirlər. Bu bayram zamanı adətən insanlar dünyasını dəyişənlərin qəbirlərini ziyarət edir, məzarları üstə şirniyyat boxçası, xonça, səməni qoyurlar.

Bəs “qara bayram” nədir, yaranma tarixi, məişətimizə gəlişi nə vaxt baş verib? İslamdan əvvəl, yoxsa sonra yaranıb?

AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy qeyd edir ki, el arasında keçirilən “qara bayram” Azərbaycan milli mədəniyyətinin mərasimlər sisteminin mühüm tərkib hissəsidir:

“Yəni, bu bayramın bizim bayramlar sistemində çox mühüm rolu var. Əvvəla “qara bayram”ın vaxtına diqqət edək – bu bayram nə zaman keçirilir? Bir şəxs dünyasını dəyişdikdən sonra onun ölümündən sonra hansı bayram birinci gəlirsə o, “qara bayram” hesab olunur. Azərbaycanda 2 əsas bayram var – Novruz və Ramazan bayramı. Ölən şəxsin dəfnindən sonra gələn ilk bayram Ramazan olursa bu zaman “qara bayram” Ramazanda qeyd edilir, yox əgər Novruz olarsa, Novruzda keçirilir.

Без названия.jpg (7 KB)

Nəyə görə “qara bayram” adlandırılır? Təbii ki, bu, ölümlə, kədərlə bağlı deyil. Yəni, burada ölümü, kədəri bayram etmirlər. Məsələnin mahiyyəti bayramın mənasındadır. Xüsusən də Novruz bayramının mahiyyəti budur ki, bütün hər şey təzələnməli, təzələnmə ritualından keçməlidir. Yası düşən insanlar isə bayram etmirlər. Onlar köhnə bədənlə köhnə ildə qala bilərlər. Məsələn, insanlar odun üzərindən atılanda deyirlər ki, “ağırlığım-uğurluğum odda qalsın”, yəni od vasitəsi ilə təzələnirlər. Hətta tərəkəmələr tövlənin qapısında iki od yandırır və heyvanları, o cümlədən inəkləri, qoyunları da oddan keçirirlər ki, onların xəstəlikləri, ağrı-acıları köhnə ildə qalsın. Həmçinin insanlar evləri yeniləyir, köhnə əşyaları, paltarları atırlar. Yəni, bu təzələnmə, yenilənmə bayramıdır. Yası düşmüş insan isə bunu özü edə bilməz. Ona görə də qohum-qonşu, el gəlib onların evinə gəlib, onlara baş çəkir, onların əvəzinə yenilənməni, bayramı icra edirlər. Yəni, bu bayramın bütün mahiyyəti bundan ibarətdir”.

Seyfəddin Rzasoy “qara bayram”ın İslama heç bir aidiyyəti olmadığını da vurğuladı: ““Qara bayram” anlayışının İslam dininə heç bir aidiyyəti yoxdur. Bu, sırf bizim, türklərin öz adətidir”.

2017-05-27-11-31-54ken.jpg (27 KB)

Dini ekspert Kənan Rövşənoğlu da qeyd etdi ki, İslam dinində Novruz bayramı və onun rituallarına daxil olan bayramlar yoxdur: “Adından bəlli olduğu kimi söhbət dindən gedirsə, ancaq dini bayramlar qəsd olunur, yəni dinlə əlaqədar olan.

İslam dinində isə iki əsas bayram var: Qurban və Ramazan (Fitr) bayramı. Novruz bayramı daha çox mili bayramdır. Yəni əslində millidən də çox coğrafi bir regiona aid xalq bayramıdır. Asiya coğrafiyasında əsasən də 4 fəslin qabarıq seçildiyi bizim yaşadığımız coğrafiyada xalqların qədimdən qeyd etdiyi il dəyişikliyi ya da belə desək torpağın oyanışı ilə əlaqədar bayramdır. Asiyanın şərqindən Qara dənizə qədər müxtəlif xalqlar yazın gəlişini qeyd edirlər. Hətta müsəlman olmayan xalqlarda belə qədim bayramlar var. Yəni Novruzu dində axtarmağın bir anlamı yoxdur.

O ki qaldı “qara bayram” və ya qəbir ziyarəti deyilən mərasimlərə, bu daha çox xalq adətidir. Yəni insanlar İslamdan əvvəl də bayram edərkən dünyasını dəyişənləri də unutmayıb. Bayram öncəsi qəbiristanlığa gedərək ölmüş yaxınlarını ziyarət edir, yad edirlər. Bu dini mərasim deyil. Daha çox qədim inanclardan gəlir. Qəbir üzərinə bayramda istifadə etdiyi yemək və şirniyyatları da aparmaq oradan gəlir. Hər kəs bilir ki, bunun ölülər üçün bir faydası yoxdur. Yəni burda dini motiv axtarmaq mümkün deyil. Axtarsaq da tapa bilmərik. Çünki İslam dininin bu mövzularda yanaşması aydındır, qətidir”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir