Bətnində uşaq daşıyan hər bir ana öz sağlamlığını diqqətlə izləməli və bu vəziyyətdə həm onu, həm də körpəni gözləyə biləcək təhlükələrdən xəbərdar olmalıdır.
Hamiləlikdə tez-tez rastlanan ağırlaşmalardan biri də anemiyadır. Hamiləlikdə yaşanan anemiyanın 90 %-i dəmir çatışmazlığı ilə bağlı olur. Bu xəstəlik qadın bədənində hemoqlobin çatışmazlığının xəbərçisidir. Məhz hemoqlobin sayəsində orqanlar və döl toxumasına oksigen daşınır. Dəmir anemiyası insan bədənində dəmir və onu təmin edən, təsirini sürətləndirən, orqanların dəmirlə təmin edilməsinə kömək edən element əskiliyindən irəli gəlir. Dəmirin törəmələri olan mis, sink, kalsium, A, C, B 6 vitaminləridir. Buna görə anemiyanın müalicəsində təkcə dəmir preparatı deyil, kompleks preparat qəbul edilməlidir.
Hamiləlikdə yaşanan anemiyanın ağır, orta, yüngül dərəcələri var. Anemiyanı nəinki ananın səhhətinə, həmçinin körpənin inkişafına mənfi təsir edənə kimi ciddiyə almaq lazımdır.
Anemiya hamiləlikdə hansı risk daşıyır?
Anemiyanın ağır dərəcəsi daha çox hamiləliyin ikinci yarısında baş verir və 29-cu həftədən 36-cı həftəyə qədər davam edir. Anemiyanın səbəb olduğu ən böyük təhlükə erkən doğuş, ağır qan zəhərlənməsidir.
Anemiya qan laxtalanmasının azalmasına səbəb olur. Nəticədə doğuş zamanı qanaxma yaşana bilər. Ağır anemiya dölə təsir edərək inkişafın gecikməsinə, oksigenlə tam təmin olunmamasına səbəb olur. Bu cür doğulan uşaqlar zəif, az çəkili olurlar. İmmuniteti güclü olmadığından həmyaşıdlarından fərqli olaraq çox tez-tez xəstələnirlər. Doğuşdan sonra südün olmaması halı da yaşanır.
Anemiyası olan hamilə qadın özünü zəif hiss edir, tez-tez baş gicəllənmə yaşayır, dərisinin quru və solğun olduğunu görür. Ən ağır halında isə qadının saçları belə tökülməyə başlayır. Qadın təbaşir, əhəng yemək istəyə bilər.
Necə müalicə edək?
Müalicə üçün ilkin olaraq düzgün qidalanmağa başlamaq lazımdır. Dəmir, zülal tərkibli qidalar, qaraciyər, mal əti, balıq, süd və süd məhsulları, qarabaşaq yeyin. Meyvə, tərəvəzləri bol kəsmiklə yeyin. Kök, alma və kələmə üstünlük verin.
Düzgün qidalanma ilə yanaşı həkim məsləhəti ilə dəmir tərkibli preparat qəbulu da lazımdır.
lent.az