Havanın temperaturunun yüksək olması bir çox insanların su və mineral itkisi problemi ilə üzləşməsinə səbəb olur. Bəs maye itkisinin qarşısını almağın yolları hansılardır?
Dr. Buğra Adil Buyrukçu bildirir ki, yay aylarında bədəndə su itkisi ilə əlaqədar yaranan yorğunluq, baş ağrısı, baş dönməsi, şüur darlığı və kəskin böyrək çatışmazlığı kimi problemlər aşkara çıxır. Günəş yanığı və gün vurması ilə yanaşı, bədəndəki maye itkisi sağlamlığa mənfi təsir göstərir.
Bədəndə maye itkisinin ən əhəmiyyətli səbəbi tərləmədir. Maddələr mübadiləsi tərləmə və tənəffüs yolu ilə artan bədən istiliyini balansda saxlamağa çalışır. Ancaq havanın temperaturunun yüksək olduğu vaxtlarda bədənin bu müdafiə mexanizmi kifayət etmir, həddindən artıq tərləmə ilə su və elektrolit itkisi baş verir. İtirilən maye və minerallar əvəz olunmazsa, orqanlar, hüceyrələr və toxumalar düzgün işləyə bilməz. Bu vəziyyət həyati orqanlara mənfi təsir edir və ciddi sağlamlıq problemləri yaradır. Bədənin şoka düşməsinə səbəb olan yüksək susuzluq hallarının müalicəsi isə yalnız xəstəxana şəraitində həyata keçirilə bilər.
Mineral çatışmazlığı
Yaz aylarında həddindən artıq tərləməklə bədənimiz yalnız suyu deyil, həm də duz və mineralları da itirir. Bu isə bədənimizdə elektrolitlərin balansının pozulmasına səbəb olur. Xüsusilə də bədənimizin natrium və kalium balansı qarışıqdır. Şiddətli dehidratasiya ilə yanaşı istilikdən qaynaqlanan xəstəliklər, məsələn, istilik vurması, böyrək problemləri, şok və koma kimi sağlamlıq problemləri də baş verə bilər.
Maye və mineral itkisinin qarşısı necə alınır?
Gündəlik maye qəbulunuzu diqqətdə saxlamaqla tərləmə nəticəsində yaranan maye və mineral itkisinin qarşısını almaq mümkündür. Gündə hər 20 kilo üçün 1 litr su içə bilərsiniz. Ancaq isti havalarda daha çox suya ehtiyac olacağı üçün bu miqdarı bir az da artırmaq sizin əlinizdədir. Ancaq susuzluğu gözləmədən su içməyi vərdiş halına gətirsəniz, susuzluğun qarşısını çox daha asan almaq mümkündür. Bədənin tərləmə yolu ilə atdığı mineralları əvəzləməyin, elektrolit balansını bərpa etməyin və su itkisini aradan qaldırmağın ən sadə yolu mineral suyu içməkdir. Kalsium, maqnezium və kalium kimi minerallarla zəngin olan bu suyun bir çox faydaları var. Gün ərzində qəbul etdiyiniz mineral sular bədəninizin yorğunluğunu aradan qaldırır, həmçinin mədə və bağırsaq sisteminə faydalıdır. Onun tərkibindəki minerallar əzələ ağrılarını azaltmaqla yanaşı, daha parlaq dəriyə sahib olmağa kömək edir.
Soda, yoxsa mineral su?
Soda və mineral su eyni içkilər kimi qəbul edilir. Amma bu yanlış fikirdir. Çünki soda içməli suya və ya digər təmizlənmiş suya karbondioksit əlavə etməklə əldə edilir. Yəni süni içkidir. Ancaq mineral su yer qabığının müxtəlif dərinliklərində uyğun geoloji şəraitdə təbii olaraq meydana gəlir. Yəni yeraltı qaynaqlardan gələn təbii bir içkidir və bu xüsusiyyət onun tərkibində bol miqdarda mineral ehtiva etməsinə imkan verir. Gündə bir-iki şüşə içilməsi bədənin ehtiyac duyduğu mineralları almağa kömək edir. Xüsusilə də yeməkdən sonra və ya idmandan sonra içmək daha məsləhətlidir. Ancaq hər şeyin həddindən artıq olması kimi, mineral suyu içməyin də bir limiti var. Əksər insanlar üçün təhlükəsi olmasa da, bəzi insanlar minerallardan əziyyət çəkə bilər. Bu səbəbdən də suyun həddindən artıq miqdarda qəbul edilməməsi ən yaxşısıdır.
Şəfa mənbəyi kompotlar
Kompot təzə meyvələrdən hazırlandığı üçün tam bir vitamin anbarıdır. Susuzluğu aradan qaldırmaqla yanaşı immunitet sistemini gücləndirməyə kömək edir. Xüsusilə gavalı, alma, ərik, alça və heyva kompotu içmək həm daha ləzzətli, həm də daha faydalıdır.
Diqqət!
Qızmar istidə maye itkisinin qarşısını almaq üçün bunlara əməl edin:
Susuzluq hiss etməsəniz də, gün ərzində müntəzəm olaraq su içməyə davam edin.
Susuzluğunuzu qazlı içkilər, çay və qəhvə ilə aradan qaldırmağa çalışmayın. Çünki suyu heç nə əvəz edə bilməz.
Gün ərzində su ilə yanaşı mineral suyu, süd və bitki çayı qəbul edin.
Gün ərzində sulu meyvələr yeyin.
Pəhrizinizə vitamin və minerallarla zəngin qidaları mütləq əlavə edin.
İsti havalarda yağlı və ağır yeməklərdən uzaq durun və zeytun yağı ilə bişirilmiş yeməklərlə qidalanın.
Nigar Orucova