usaqlar

Qanun da şahdır, uşaq da

Baxış sayı: 433

Uşaqlar hamımızın həssas nöqtəsi, qırmızı xətti, müqəddəsi, toxunulmazıdır. Bizim kimi mühafizəkar cəmiyyətlərdə ikiqat düşkün olur valideynlər övladına. Hamımızın bir arzusu var, övladımız sülh, dinclik və əmin-amanlıq hökm sürən bir dünyada yaşasın.

 

Bir uşaq, bir göyərçin

Dünyada sülhün iki simvolu var, biri ağ göyərçinlər, digəri gülümsəyən uşaqlar. Hər ikisi saflığın, təmizliyin, dincliyin simvoludur. Dünyada sabitliyi, dincliyi, sülhü ən çox arzulayan da övladı olan insanlardır. Dünyanın yaşanacaq yer olması üçün, uşaqlarımızın sülh içində böyüməsi üçün bu sabitliyi qorumaq məcburiyyətindəyik. Bəşəriyyətin xoşbəxtliyi uşaqların qorunmasından, onların yaxşı tərbiyə olunmasından asılıdır. Axı bu günün uşaqları sabahın böyükləri, dolayısı ilə idarəçisidirlər. Sülhü təmin etmək üçün bütün dünya uşaqları arasında dostluq əlaqələrini qurmaq, bütün xalqlarının vəhdətini yaratmaq, uşaqlara sülhün nə demək olduğunu anlatmaq lazımdır.

Əslində, valideyniksə, bütün söhbətlərin sonu dönüb-dolaşıb uşaqlara gəlir. Ən vacib qərarlarımız onlar haqqındadır, ən ciddi planlarımız uşaqlarımızın barəsindədir, ən böyük arzularımız onların gələcəyi ilə bağlıdır. Əgər valideyniksə bütün həyatımız özümüzdən nələri isə uşaqlarımıza ayırmaqla keçir – diqqətimizi, qayğımızı, sevgimizi, sağlamlığımızı onlara sərf edirik. Hər uşağın böyüyərkən ehtiyacı olan duyğuları ona ötürmədikdə, yalnız fiziki olaraq böyüyən, ruhən həmişə uşaq qalan insanlarla zəngin cəmiyyət formalaşır. Dolayısı ilə bizim ona verə bilmədiyimizi o da öz övladına verə bilməyəcək.

 

Qanun onların rifahı üçündür

“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Ailə Məcəlləsinə əsasən, uşağın hüquq və mənafeləri pozulduqda, o cümlədən valideynlər uşağın təhsili və tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirmədikdə, uşağın hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Uşaq pozulmuş hüququndan və onun müvafiq prosessual qaydalarından asılı olaraq fərdi qaydada və ya öz təmsilçisi vasitəsilə müraciət edə bilər.

Azərbaycan hökuməti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq sahədə beynəlxalq qurumlarla əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycan əlil uşaqlar, evsiz uşaqları, uşaqlara qarşı zorakılığın qarşısının alınması, erkən nikahlar, uşaq ölümləri, məktəbəqədər təhsil kimi təhsil, səhiyyə və digər sosial məsələlərdə UNICEF ilə sıx əməkdaşlıq edir.

1992-ci ildə Azərbaycanda BMT-nin ” Uşaq hüquqları haqqında” Konvensiyası və səkkiz il sonra onun “Uşaqların silahlı münaqişələrə cəlb edilməsi” və “Uşaqların satışı, uşaq fahişəliyi və uşaq pornoqrafiyası” daxil olmaqla iki Fakültativ Protokolu ratifikasiya edilib.

Azərbaycan 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsinin həyata keçirilməsinə dair Standart Minimum Qaydalarını, 1996-cı ildə Nikahın bağlanmasına razılıq, nikah üçün minimum yaş və nikahların qeydiyyatı haqqında Konvensiyanı, 2004-cü ildə Avropa Sosial Xartiyasını və Ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiyanı və 2006-cı ildə Təhsil Sahəsi üzrə hüquqi sənədləri qəbul edib.

Hökumətimiz, BMT-nin Uşaq Hüquqları Komitəsinə (UNHCR) Konvensiyanın və onun iki Fakültativ Protokolunun həyata keçirilməsi üçün dövri hesabatlar təqdim edir. Bundan əlavə, Azərbaycan “Uşaqların yaşaması, qorunması və inkişafı haqqında” Ümumdünya Bəyannaməsinin tərəflərindən biridir. “Uşaq hüquqlarının müdafiəsi haqqında” da bir sıra milli qanunvericilik aktları təsdiq edilib. Azərbaycan, 1998-ci ildə qanunvericiliyini Uşaq Hüquqları Konvensiyasında (UHK) qeyd olunan prinsiplərə uyğunlaşdıran “Uşaq hüquqları haqqında” qanunu qəbul edib.

 

Heydər Əliyev Fondunun uşaqlara diqqəti

2004-cü ilin mayında əsası qoyulmuş Heydər Əliyev Fondu uşaq müəssisələrinin infrastrukturunun inkişafı, uşaq evlərinin və internat məktəblərinin təmiri, körpələr evi və uşaq bağçalarının tikintisi üçün maliyyə vəsaiti ayırmaqla bağlı bir sıra layihələr həyata keçirir. Bundan əlavə, fond valideynlərini itirmiş və uşaq evlərində tərbiyə alan uşaqların, habelə sağlamlıq imkanları məhdud şəxslərin sosial inteqrasiyasına yönəlmiş layihələrin həyata keçirilməsi ilə məşğul olur. “Uşaq evlərinin və uşaq evlərinin inkişafı” proqramı çərçivəsində Fond tərəfindən 34 uşaq müəssisəsi bərpa və avadanlıqla təchiz edilib.

Fond uşaqların dünyagörüşünün genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə onların iştirakını təmin edir, həmçinin digər ölkələrin analoji müəssisələrində tərbiyə alan uşaqların Azərbaycana gəlməsi və ölkəmizlə tanış olması üçün şərait yaradır. Eyni zamanda, Heydər Əliyev Fondu sağlamlıq problemləri olan uşaqların ölkədə və xaricdə sağlamlığına qovuşması üçün zəruri bütün dəstəyi göstərir. Azərbaycanda müalicəsi olmayan körpələrin xaricə göndərilməsi, əməliyyat və müalicə xərclərini də Fond ödəyir.

 

Sosial müdafiədə uşaq izi

Azərbaycanda uşaqların müdafiəsi aparılan sosial siyasətin mühüm tərkib hissəsidir və hazırda qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlar sosial təminat sistemi ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 18 yaşadək əlilliyi olan şəxslər, ailə başçısını itirən, aztəminatlı, ünvanlı sosial yardım alan ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və s. kateqoriyadan olan uşaqlar, habelə 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər, işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn himayəsindən məhrum uşaqların qəyyumları aylıq sosial ödənişlə təmin edilir. Uşağın anadan olmasına görə isə birdəfəlik müavinət ödənilir.

Nazirliyin 3 ayrı uşaq reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikası təyin edilərək, fərdi reabilitasiya planları əsasında onların tibbi, sosial, tədris-peşə reabilitasiyası işləri aparılır. Şəmkir, Ağcabədi və Quba rayonlarında da Uşaq Reabilitasiya Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

Təmənnamız, eyni zamanda, uşaqlara uşaqpulu ödənilməsi istiqamətindədir. Bu istiqamətə uzun müddətdir müzakirələr aparılır, sosial yardım kimi təyinatlı müavinət modeli uşaqpulu təyinatında da əlverişli ola bilər. Aztəminatlı ailələrin övladına dövlət öz dəstəyini bu yolla hiss etdirə bilər.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir