agadadas

Kimdir günahkar: Ağadadaş Ağayev, yoxsa “Medera”?

Baxış sayı: 388

Bəlkə də deyəcəksiniz ki, nə üçün Nurəddin Cəliov yox, “Medera”? Çünki günlərdən bəri analizlərimə əsasən deyə bilərəm ki, Nurəddin Cəlilov tək öz fikirlərini ifadə etmir, həm də “Medera” hospitaldan aldığı tapşırıqları icra edir.

Hadisədən hər kəsin xəbəri var. Ona görə ki, hadisənin bir tərəfində tanınmış müğənni dayanır, bir tərəfində o boyda “Medera”, digər tərəfdə isə “like jurnalistikası”nın bütün nümayəndələri. O “like jurnalistikası” ki, sonda Nurəddin Cəlilov həmin media nümayəndələrini artist adlandırdı. Hadisəyə mən də bir jurnalist kimi münasibət bildirmək istədim. Həm də “lake jurnalistikası” terminini mətbuata gətirən bir jurnalist kimi.

Hadisə belə başlanır ki, xalq artisti Ağadadaş Ağayev öz evinin balkonundan yaxınlıqdakı tibb müəssisəsinin mühafizəçisindən kömək istəyir. Mühafizəçi isə yaxına gəlmir. Sonra isə Ağadadaş müəllimin əlibaltalı xəstəxanaya hücumu gündəmə gəlir. Lakin çox az adam bu suala cavab axtarmağa çalışır ki, Ağadadaş bəyi əlibaltalı evdən çıxmağa nə vadar edir.

Söhbət illərdir, tanıdığımız Ağadadaş Ağayevdən gedir. Hər birimizin təxəyyülündə ağır, sanballı şəxs fikrini formalaşdıran, səhnədə hər zaman mükəmməl şəkildə gördüyümüz, əlinə balta almağı ağlımıza heç vaxt gətirə bilmədiyimiz Ağadadaş bəydən. Bəs o, baltanı haradan tapdı, xəstəxanaya nə üçün hücum etdi?

Bizlərdən bəziləri öyrəşib məşhurlarımızı gözdən salmağa. Ötən günlərdə Səməndər Rzayevin qəbrini çəkib “like” yığmağa çalışan bizim “like” mediası deyildimi? Anarın yazıçılığını müzakirə edən necə, “like” mətbuatı deyildi? İndi isə günlərdir ki, Ağadadaş Ağayev bunlara mövzu verib. Xalq(x) bir cümlə yazan yoldankeçənini yazıçı edir, bir bənd yazanını şair, dodaqaltı zümzümə edənini görkəmli müğənni adlandırır, bizim bəzilərimizin də sənəti göz önündə olanlara qoyduğu hörmət budur?..

Nə üçün Ağadadaş bəyin ağır xərçəng olduğundan xəbərsizdir bu mühafizəçi? Yoxsa bilir, bildirmək istəmir. Heç o, tanınmış şəxsiyyət deyil, xəstə bir insandır, köməyə çağırır səni. Nə üçün yardım etmirsən? Axı bu, azərbaycanlı kişiyə yaraşmayan xislətdir.

İkincisi, Ağadadaş Ağayevin hər kəs bilir ki, 70-sən artıq yaşı var. Mühafizəçi isə deyilənə görə 56 yaşındadır. Nə olardı ki, özündən böyüyə hörmət edərdi bu mühafizəçi? Axı bu da bizim milli mentalitetimizə uyğun deyil ki, yaşlı adama biganə yanaşaq.

Üçüncüyə gəlincə isə, adama sual verərlər ki, sən nə dedin ki, üstünə balta ilə gəldilər? Hətta ailə üzvlərin də səni danladılar ki, gərək belə etməzdin. Gərək özündən yaşda 20 yaş böyük olan ağsaqqalı təpiyin altına salmazdın.

Ağrı elə bir şeydir ki, o, adamın ağlını başından alır. Adi dişimiz ağrıyır, əzizlərimizdən biri bizə dərman gətirəndə onun bu yaxşı əməlini aqressiv qarşılayırıq. Bəs qulağından qan süzən, yaralı, içinə xərçəng sarılmış bir insanı belə olan anda anlamaq nə qədər çətindir?

Bir də ki, təəssüf ki, bizim klinikaların əksəriyyətini aqressiv mühafizəçilər qoruyur. Görəsən onları işə kim götürür? Axı onlara tibb müəssisəsinin, tibb işçilərinin, bir də ki, xəstələrin taleyi tapşırılır. Nə vaxtadək tibb müəssisələri yoldan keçənləri özünə mühafizəçi edəcək? Görəsən bizdə elə bir kurs təşkil olunacaq ki, insanların taleyi tapşırılan belə mühafizəçilər orada ən azından müəyyən biliklər alsınlar? Və yaxud da işə götürülən zaman onların psixoloji vəziyyəti necə, yoxlanılır? Yoxlanmalıdır ki, Nurəddin Cəlilov kimi müsahibəsində müstəntiqdən “razılıq” edib hadisəyə ədalətlə yanaşdığını bəri başdan söyləməsin. Çünki hələ istintaq zamanıdır. Müstəntiqin isə qərarı sonda olur.

Bir sözlə, bizim xalq böyüyə hörməti ilə tanınan xalqdır. Bizim xalq bir-birinə yardım etməsi ilə tanınan xalqdır. Bizim xalq el içində hörmət sahibi olan insanlara sayğı ilə yanaşan xalqdır. Xalqın bu kimi keyfiyyətlərini qoruyub saxlamaq isə hər kəsin borcudur.

Ağadadaş bəy xalqından üz istədi. Günlərdir gündəm olaraq onları yorduğu, aqressiv olduğu üçün. Nurəddin bəy necə, bunu edə biləcəkmi? Etməsi məsləhətdir. Olan olub artıq, keçən də keçib. İndi yalnız bağışlamaq lazımdır. Çünki bağışlamaq Allahın sevdiyi xüsusiyyətlərdəndir. Haqlı və haqsız tərəflərin hər ikisi üçün.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir