USAQ BAGCASI

Dövlət və özəl uşaq bağçaları: hansına doğru?..

Baxış sayı: 399

Bağça uşaqların qədəm qoyduğu ilk sosial ünvandır. Burada uşaqlar sosiallaşır, onların dünyagörüşü formalaşır, dost və rəfiqə seçmək xüsusiyyəti yaranır. Ən əsası isə uşaqlar bağçalarda həyat və elm haqqında ilkin element və biliklərə yiyələnməyə başlayır.

Valideyn övladını günün bir neçə saatı ərzində uşaq bağçalarına etibar edir. Belə isə bağçalar elə bir səviyyədə olmalıdır ki, bu etibarlılığı daim qoruyub saxlaya bilsin. Müasir dövrdə isə dövlət və özəl bağçaları arasındakı oxşar və fərqli cəhətlər fonunda valideyn öz seçimini elə etməyə çalışır ki, həm özü, həm də övladı rahat olsun. Bu rahatlığı isə təbii ki, etibarlılıq ehtiva edir. Belə isə hazırda hansı bağçalara üstünlük verilir: dövlət, yoxsa özəl bağçalara? Bu seçim nəyə görədir? Bu barədə danışaq.

 

Seçim maddi vəziyyətə görədir

Hər bir valideyn istəyər ki, övladını hərtərəfli şəraiti olan bağçaya qoysun. Lakin burada təbii ki, maddi vəziyyət əsas tol oynayır. Elə uşaqların dövlət, yoxsa özəl bağçalara göndərilməsini də ailənin ümumi gəlirləri tənzimləyir.

Bu gün ölkəmizdə olan 1 844 məktəbəqədər təhsil müəssisəsinin 1 696-i dövlət, 148-i özəldir. Özəl məktəbəqədər təhsil müəssisələrinin daha çox hissəsi körpələr evidir. Körpələr evlərinin sayı 80, uşaq bağçalarının sayı isə 68-dir.

Baxmayaraq ki, dövlət uşaq bağçalarının sayı özəllərdən dəfələrlə çoxdur, lakin təəssüf ki, bu gün uşaqların cəmi 25 faizi bağçalara gedə bilir. Qalan 75 faiz isə kənarda qalır. Bu isə onun göstərir ki, uşaq bağçaları, istər dövlət, istər özəl olsun, azlıq təşkil edir. Qaldı bağçalardakı şəraitə, vəziyyətə, hazırda özəl bağçalar üstünlük təşkil edir. Elə bu səbəbdən də valideynlər özəl bağçaları seçirlər. Hansı valideynlər, təbii ki, özəl bağçaya uşaq qoymağa maddi vəziyyəti uyğun olan valideynlər.

Özəl bağçaların qiymətinə gəlincə isə, bu, heç də ölkədə hər kəs üçün əlçatan deyil. Qiymətlərə bir neçə bağçanın üzərindən nəzər salaq.

“Yaşıl ada” uşaq bağçası: aylıq ödəniş rus dili bölməsi üçün 750, ingilis dili bölməsi üçün 800 manatdır.

“Neo Kids” uşaq bağçası: Azərbaycan və rus dili qrupları üçün aylıq ödəniş 700 manat, ingilis dili bölməsi üçün isə 750 manatdır.

“Zümrüd” uşaq bağçası: rus dili qrupu 600, ingilis dili qrupu 700, Azərbaycan dili qrupunun aylıq ödənişi 550 manatdır.
“Şəkər” uşaq bağçası: Azərbaycan, rus və ingilis dili qrupları fəaliyyət göstərir, hər biri üçün aylıq ödəniş 760 manatdır.

“Modern Baby” və “Şəkər bala” uşaq bağçaları: aylıq ödəniş 650-700 manat təşkil edir.

“Göyərçin” uşaq bağçası: rus bölməsi 550, ingilis bölməsi isə 600 manatdır.

“Tumurcuq” uşaq bağçası: saxlanma saatına görə ödəniş 320- 450 manat arasında dəyişir, yəni bütöv gün 450, yarım gün isə 320 manat təşkil edir.

Qeyd edək ki, özəl bağçaların hər birində ödəniş yerləşdiyi rayona, göstərdiyi xidmətə görə dəyişir. Yəni özəl bağçalar arasında sadaladığımızdan aşağı qiymətlər də var, daha yuxarı, hətta ağıla gəlməyən qiymətlər də. Bu isə o deməkdir ki, hər kəs övladını istəsə belə, özəl bağçalara göndərə bilmir. Çünki, əksər bağçalardakı qiymətlər bir aylıq əmək haqqından yüksəkdir və bu hal çoxsaylı valideyni özəl bağça sevdasından kənarlaşdırır.

Hazırda ölkədə əksər valideynin seçimi dövlət uşaq bağçaları olur. Əsasən işləyən valideyn uşaqlarını hökmən bağçaya verməlidir. Əks təqdirdə çalışa bilməz. Qeyd etmək yerinə düşər ki, dövlət uşaq bağçalarına qəbul bir neçə ilə kimi çətinliklə başa gəlirdi. Belə ki, işləyən valideyn uşağını bağçaya yerləşdirə bilmirdi. Yəni bu sahədə bürokratizm var idi. 2020-ci ildən sonra isə qəbulun onlayn həyata keçirilməsi bu bürokratiyanı əngəllədi ki, bu da valideynlərin ürəyincə oldu.

Dövlət uşaq bağçaları müstəqillik illərində müəyyən qədər abadlaşdırılıb, maddi-texniki vəziyyəti yüksəldilib. Hətta yeni bağçalar da tikilib. Bunlardan 18-i Heydər Əliyev Fondu tərəfindən tikilib.

Baxmayaraq ki, ötən ilə qədər bağçalara nəzarət icra hakimiyyətlərinə verilmişdi, lakin onlar tərəfindən nə tikinti, nə də nəzarət səmərəli şəkildə həyata keçirildi.

Əvvəllər bu bağçalara kim gəldi işə qəbul edilirdisə, hazırda yalnız ixtisaslı mütəxəssislər işə qəbul edilir ki, bu da məktəbəqədər təhsilin keyfiyyətini artırmış olur.

Dövlət uşaq bağçalarında da uşaqlara rus və ingilis dilləri öyrədilir. Lakin görünən odur ki, özəl bağçalar bu sahədə dövlət uçaq bağçalarını üstələyir. Həmçinin də qidaların keyfiyyəti, bolluğu cəhətdən. Ümumiyyətlə, dövlət və özəl uşaq bağçalarının oxşar və fərqli tərəfləri var. Hətta üstün olan cəhətləri də var.

 

Oxşarlıq, yoxsa fərqlilik çoxdur?..

Oxşar cəhətlər yalnız budur ki, uşaqlar bağçaya gedir, orada bir neçə saat ərzində saxlanılır. Bu saatlar ərzində uşağın saxlanması necə təşkil olunur, o, nə öyrənir, nə ilə məşğul olur, gün boyu nəyi əxz edir, bax, dövlət və özəl uşaq bağçalarını bir-birindən məhz bu amillər ayırır.

Özəl bağçaların əksəriyyəti yeni tikili olan yaşayış binalarının aşağı mərtəbəsində yerləşir. Onların heç bir kvadratmetr də həyətyanı sahəsi olmur. Lakin dövlət uşaq bağçaları xüsusi layihə ilə tikildiyindən onların həyəti də olur ki, uşaqlar burada qoyulan əyləncə qurğularında əylənir, təmiz hava ala bilirlər. Özəl uşaq bağçaları isə bu üstünlükdən kənardır.

Özəl uşaq bağçalarında yemək menyuları rəngarəngdir. Lakin dövlət uşaq bağçaları bu məsələdə bir qədər geridə qalır. Çünki özəl bağçalara valideyn yüksək məbləğdə ödəniş edir, dövlət uşaq bağçaları isə ödənişsizdir. Məhz bu amil deyilənləri təsdiq edir.

Yataq, əyləncə məsələlərinə gəlincə, bu sahədə üstün dövlət uşaq bağçaları da var, özəl bağçalar da. Yəni bu bağçanın müdiriyyəti tərəfindən işin qurulmasından birbaşa asılıdır.

Təhsil məsələsinə gəlincə isə hər iki tip bağça təhsil verir. Lakin dillərin öyrədilməsi özəl bağçalarda daha yaxşı təşkil olunur. Çünki özəl bağçalar öz üstünlüyünü bu nəticə ilə qorumağı qarşısına məqsəd qoyur. Lakin burada ən vacib məsələlərdən birinə də toxunmalıyıq ki, özəl bağçaların bəzilərində Azərbaycan dili bölməsi yoxdur. Bu isə o deməkdir ki, gələcəyimiz olan uşaqlar ana dilində mükəmməl danışa bilməyəcək.

Dövlət uşaq bağçalarında isə Azərbaycan dili ilə yanaşı, həm rus, həm də ingilis dilləri tədris olunur. Uşaqlar öz dilləri ilə yanaşı, digər dilləri də mənimsəyir.

 

Ümumi nəzarət bəhrə verə bilər

Beləliklə, istər dövlət, istər özəl uşaq bağçaları olsun, bir qurumun nəzarəti altında fəaliyyət göstərməsələr, heç vaxt yaxşı nəticə ortaya qoya bilməzlər. Özəl bağçaları sahibkarlar istədiyi kimi idarə edə bilməz. Bu, göründüyü kimi həm qiymətlərin əlçatmaz olması ilə nəticələnir, həm də uşaqların ana dilini öyrənməsindən kənarda qalması ilə.

Həmçinin o da məlumdur ki, özəl uşaq bağçalarına kim gəldi, işə qəbul edilir. Bu da təbii ki, yolverilməzdir. Kimsə ingilis dilini yaxşı bilə bilər. Lakin bunun tədris planı əsasında uşağa öyrədilməsi daha vacib amillərdən biridir.

Bağçaların hər biri, dövlət və özəl olmasından asılı olmayaraq məktəbəqədər təhsil bazası əsasında fəaliyyət göstərməlidir. Təbii ki, belə olarsa, o zaman həm dövlət, həm də özəl bağçalarda uşaqların hər biri həm Azərbaycan dilini, həm də digər dilləri eyni səviyyədə mənimsəyə bilər. Biz Azərbaycanda yaşayırıq, bura bizim Vətənimizdir, hər bir vətəndaş isə mükəmməl şəkildə Azərbaycan dilində danışmağa borcludur. Lakin görünən odur ki, bağçalarda bu balans pozulur. Bunun ağrı-acısını isə gələcəkdə çəkən ümumilikdə bu xalq olacaq.

Beləliklə, bu qənaətə gəlmək olur ki, dövlət və özəl olmasından asılı olmayaraq, uşaq bağçalarının layihələndirilməsindən tutmuş işçilərin təhsilinə, uşaqların qidalanmasına, məktəbəqədər təhsilin həyata keçirilməsinə qədər nəzarət vacibdir. Bu isə hazırda nəzarət funksiyanı həyata keçirən Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Deməli, bu qurum uşaqların gələcəyinə cavabdehdir. Belə isə fəaliyyətini elə qurmalıdır ki, ona həvalə edilən işin öhdəsindən gələ bilsin. Yeni təkliflərlə çıxış etmək hər zaman səmərə verib. Əgər olarsa…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir