utanmaq

İtirdiyimiz xüsusiyyətlər: həya – XV YAZI

Baxış sayı: 355

Tarixən bədii ədəbiyyatın, şeirlərin, vəsflərin ən çox istifadə edilən mövzularından olub həya məsələsi. Gözəllər vəsf ediləndə həyası qabardılıb, qızların özəlliyindən danışılanda görünüşündən çox abrı, arı, həyası diqqət çəkib. Oğlanların ədəbi təsvir ediləndə “qız kimi həyalıdır” ibarəsi işlədilib. Bir sözlə, həya insanlıq tarixi boyunca don olub insan üçün, geyim olub. İndi elliklə o donu çıxarıb atmışıq üstümüzdən, ya çılpaq gəzirik, ya da həyasızlıqdan tikilmiş paltar geyinirik.

Həya sözü utanmaq, arlanmaq mənasında işlədilir. Həya ədəb göstəricisidir, əgər insan utana bilirsə, utananda qızara bilirsə, bu, onun ədəbinin, dolayısı ilə həyasının göstəricisidir. Həya insani hissdir, bu bizdə yaşadığımız cəmiyyətə, adət-ənənələrə, həyat tərzinə uyğun olaraq formalaşır. Dəyər, milli ənənə, mentalitet və yaşayış tərzi həyanın formalaşmasına təsir edən başlıca faktorlardır. Ədəb, həya, ar bu gün dünyanın ən çox ehtiyacı olan insani xüsusiyyətlərdir.

Ədəb və əxlaqın təməl elementi olan həya bizim cəmiyyətdə də tarix boyu ən vacib məziyyət, insanın ən ali əxlaqi dəyəri olub. Amma mənəvi dəyərlərin getdikcə tənəzzülə uğradığı hazırkı cəmiyyətdə həya anlayışı da itirilib. Vəziyyət o qədər dəyişib ki, əvvəllər həyalı insan kim olmağından, hansı cinsdən və yaşdan asılı olmayaraq təqdir edilirdi, amma indi həya insanın əskik olması kimi xarakterizə edilir. İnsanlar damğa vurmağı sevir. Həyalı olana, ar edənə “yarımçıqdır, əskik böyüyüb, sevgisiz qalıb, dəyər görməyib, ona görə belədir” deyə xarakter biçirlər. Həya anlayışından xəbərdar olmayanlar, onun necə bir xüsusiyyət olması barədə ən kiçik təsəvvürü olmayanlar üçün bu xüsusiyyət təbii ki, əhəmiyyətsiz olacaq.

Həyasız insanlar efirlərə ayaq açan gündən həyamız itdi bizim. Həya barədə minimum anlayışı olmayanlar necə davranmaq lazım olduğu, nəyin daha yaxşı, nəyin daha pis olduğu barədə mühazirələr verməyə başladılar. Bütün vücudu 5 qəpiyə dəyməyənlər, hətta dırnağı elm istehsal edən insanlara həya, ar, namus dərsi vermək cəsarəti tapdılar özlərində. Onlara bu meydanı verdilər, onlara bu imkanı tanıdılar. Onlar üçün bağlı qapı, keçilməz sədd yoxdur. Həyasız insanlar üçün bütün mümkünsüzlər mümkün olur.

“Geyim əxlaq ölçüsü olmur”, “davranış ar göstəricisi deyil”, “danışıq həya dərəcəsini göstərməz” deyə-deyə həyanı qovub çıxardılar ölkədən. Bəs nədir əxlaq göstəricisi? Əgər geyimi, davranışı, danışığı ədəbsizlik, həyasızlıq, arsızlıq nümayiş etdirirsə o insanın həya ölçüsünü göstərən nəyi var? Geyinərkən soyunmuş olursansa, bütün məhrəm yerlərin açıqdadırsa, danışarsan təhqir edirsənsə, davranarkən ədəbsizlik edirsənsə həya səndə nə gəzir?

İctimai yerlərdə lüt gəzmək, başqalarının rahatlığını pozan davranışlar etmək, nalayiq ifadələr işlətmək cəsarətin, özünəinamın, azadlığın göstəricisi hesab olunmağa başladı. Əgər çılpaq gəzirsənsə, əlindəki içki səni sən olmaqdan çıxarıbsa, ictimai yerdə ədəbsiz bir tərzdə oturmusansa və istədiyin tonda, üslubda danışırsansa vəssalam, sən azadsan, cəsarətlisən, özünə güvənirsən. Bir nəfər çıxıb desə ki, bu ədəbsizlikdir, həyasızlıqdır, onu yarandığına peşman edərlər.

Qədim yunan filosofu Aristotel qadınlarda ən xoşagələn məziyyətin utandığı zaman üzündə yaranan qızartı olduğunu deyir. Bu bütün insanlar üçün keçərlidir. Qadın və ya kişi – insan utanmağı bacarırsa hələ insanlığını itirməyib deməli. Abır-həya bizi günah və ayıb sayılan işləri görməkdən də çəkindirir. Əgər həya edib bizi xəcalətli edəcək hər hansı bir işi görmürüksə, arlanıb bizi xar edəcək bir davranış göstərmiriksə, hələ insanıq deməli.

“İnsan düşünən heyvandır” deyir Aristotel. Bizi heyvanlardan fərqləndirən ən başlıca məziyyətimiz də budur. Birgə yaşamağın əsasını ədəb, hörmət, əxlaq, mədəniyyət, empatiya, həya kimi xüsusiyyətlər təşkil edir. Birinin azadlıq adlandırdığı ədəbsizlik başqalarına qarşı təhqirdir. Əgər bizi bütün həyasını itirib, arını unudubsa o birgəyaşayış qaydalarını tapdayacaq. Birgə yaşamağın əsasını təşkil edən hörməti aradan götürmək, sosial həyatda riayət edilməli olan qaydalara tüpürmək cəmiyyətin deqradasiyası deməkdir.

Mədəni-mənəvi tənəzzül cəmiyyətin məhvinə səbəb olur və biz o məhvə çox yaxınıq. Çünki digər əxlaqi xüsusiyyətlər kimi həya da cəmiyyət üçün vacibdir, lap hava kimi, su kimi. Mədəniyyət, mənəviyyat genetikdir, bizim genimizdə o mədəniyyətin də, o mənəviyyatın da toxumu var, biz xalq kimi, millət kimi o toxumu yenidən cücərtməyə borcluyuq. Biz ədəbi, həyanı, arı, təvazönü, nəzakəti öz qanımızda daşıyırıq, unutduğumuz bu xüsusiyyətləri oyatmaq şərtdir. Bu dəyərləri gənclərin yadına salmaq, o geni oyatmaq borcumuzdur. Lazım gəlsə lap diqtə etmək şərtdir.

Həyasızlıq azadlıq deyil, cəsarət deyil, özünə inam deyil. Həyasızlıq elə həyasını itirmək deməkdir, arını unutmaq deməkdir. Həyasızlığı adiləşdirmək bu xalqın mədəniyyətinin, mənəviyyatının, milliliyinin altına mina döşəmək deməkdir. Necə adiləşdirirlər? Efirlərə həyasız aparıcılar, ardan yoxsul münsiflər çıxarmaqla, həyanın ayaqlar altına atılıb tapdandığı verilişlər nümayiş etdirməklə adiləşir həya anlayışı. Həyasız, mənəviyyatsız insanları məşhurlaşdıraraq, efirlərdə namuslu, mənəviyyatlı biri kimi təqdim etməklə adiləşir. Əxlaqsızlığına görə ailəsi dağılmış insanlar efirdə əxlaqdan dərs verir xalqa. Həyasız olduğunu bir el bilir, çıxıb efirdə həyadan danışanlar basıb ölkəni bit-birə kimi.

Gənclərə təsir edən, onları milli xüsusiyyətlərdən uzaqlaşdırmağa çalışan qüvvələr var. Onlara təlqin edilir ki, cəmiyyətin fikrinə əhəmiyyət vermə, istədiyin kimi ol, başqalarının nə deməsi, ictimai qınaq sənə maraqlı olmasın. Gənclik uçurumun üstündədir, bu qüvvələrin çəkdiyi ipin üstü ilə yeriyir, o ip harada qırılacaq, o gənclik harada uçuruma düşəcək, gözləyirik. İradları qəbul etməyən, ictimai fikrə dözümsüzlük göstərən, həyasızlıqla azadlığın sərhəddini bilməyən nəsil formalaşır və normal insanlar bu gedişatdan narahatdır.

Həya, bir cəmiyyətin süzgəcidir, müdafiə mexanizmidir. Həya insanlığın təməlidir, zirvəsidir, insanın, xüsusilə qadının zinətidir. Əgər bir insan, fərqi yoxdur, kişi və yadın – həyasını itiribsə, bu, onun itirəcək heç nəyi qalmayıb deməkdir. Arını, həyasını itirən insan partlamağa hazır bomba kimidir, ondan hər an hər şey gözlənilir. Həyasını itirən insan heyvani duyğularla bəslənir, yaşayır. Həya bizim sığortamızdır əslində. Bizi insanlıqdan çıxmağa qoymayan, üzümüzü qızardan və utanmağı unutdurmayan sığortamız. Əgər bir cəmiyyətin həya adlı sığortası varsa o bütün mənəvi uçurumlardan xilas ola bilər. Bəs bizim necə, o sığortamız yerindədirmi?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir