xestelik

Payız qapıdan girdi, xəstəliklər bacadan

Baxış sayı: 336

İqlim dəyişikliklərinin bəşəriyyətə verdiyi “töhfə”lərdən biri də anomal hava şəraitidir. İndi fəsildən fəsilə keçid də dəyişib, axşam isti, boğucu yay fəslində yatırsan, sabah küləkli, yağışlı, boz payıza oyanırsan. Havaların anormal dəyişikliyi təbii ki, insan orqanizminə mənfi təsir göstərir. İctimai nəqliyyatda, iş yerlərində burnunu çəkən, xırıltı ilə öskürən, asqırmaqdan gözləri yaşaran adamları artıq tez-tez görəcəyik. Nəqliyyatdan düşər-düşməz əllərimizi nəm salfetlərlə “dezinfeksiya” da edənimiz də çoxdur, tibbi maska ilə gəzənimiz də. Amma bütün tədbirlərimiz çox vaxt boşa gedir, payızın məşhur qripi, öskürəyi bizim də qapımızı döyür. Hətta bir çoxumuzda bu xəstəlik allergiya halına çevrilir. Bəs payızın gətirdiyi bu allergik xəstəliklərdən necə qorunmalı?

Payızın ən çox xəstəlik yayan iki elenmenti kif və göbələkdir. Evdəki nəmlik, zirzəmidəki rütubət göbələklərin yayılması üçün ən əlverişli mühitdir. Göbələk yayan mikroblar hava yolu ilə asanlıqla yayılır. Göbələk və kifdən qorunmaq üçün hamam və mətbəxin nəmlik dərəcəsini normal tutmaq lazımdır. Bundan əlavə, isidici və kondisionerinizi uzun müddət işlətməmisinizsə işə salmazdan öncə filtrlərini təmizləmək lazımdır. Əks halda ora yığılan tozlar hava vasitəsi ilə burun və ağıza dolaraq allergik reaksiyalara səbəb olur. Evdə çox xalça-palaz istifadə etməyin, siz yeridikcə onlara hopmuş tozlar da sizə zərər verir.

 

Küləklər şəhərinin xəstəlikləri

Bu mövsümdə xüsusilə Bakıda külək bol olduğu üçün tozları havada yayır, hava vasitəsi ilə ağciyərlərimizə yol açan tozlar ciddi xəstəliklərə – xroniki qrip, ağciyər xərçəngi kimi xəstəliklərə səbəb olur. Payız allergiyalarından qorunmaq üçün bu mövsümdə küləkli havalarda pəncərələrinizi açıq saxlamayın və bayırda gəzməyin. Yaxşı olar ki, saat 10:00 ilə 16:00 arasında bayırda olmayasınız. Bayırdan gələn kimi paltarlarınızı dəyişin, mümkün olduqca paltarlarınızı sadəcə isti su ilə durulayın, çünki külək havadakı tozcuqları üstünüzə hopduraraq evdə də allergik havada nəfəs almanıza səbəb ola bilər.

Bu mövsümdə allergik xəstəliklərə səbəb olan heyvan tükü də təhlükəlidir. Mövsümü allergiyası olan insanların 30 faizində heyvan tükünə allergiya var. Xüsusilə it, pişik kimi ev heyvanlarının tükü, idrarı, ağız suyu allergiyaya səbəb olur. Küçədə gördüyünüz pişik və iti tumarlasanız belə əllərinizi dərhal yuyun, evinizdə bu tip heyvanlarınız varsa veterinar müayinəsindən keçirməklə özünüzün və ailənizin təhlükəsizliyini təmin etmiş olarsınız. Pişiklər itlərə nisbətən daha çox allergik zəmin yaradır, buna görə də evinizdə pişiyiniz varsa ona divan-kresloya çıxmağı, mətbəxə, yataq otağına girməyi qadağan edin.

 

Halsızlıq, asqırıq, öskürək…

Bacamcıqların şişməsi, iltihablanması bu fəslin ən çox rastlanan xəstəliyidir. Əslində badamcıqların iltihablanması bədəndə baş qaldıran başqa bir xəstəliyin xəbərdarlıq siqnalıdır. Boğaz ağrısı, udqunmada çətinlik və qızdırma ən birinci əlamətləridir. Bu əlamətləri özünüzdə hiss edən kimi ətraflı müayinədən keçin. Xəstəliyin irəliləməsi üçün həkim təyinatı ilə antibiotik qəbulu vacibdir.

Soyuqdəymə və qrip də payızın “sevdiyi” xəstəliklərdəndir. Adətən halsızlıq, asqırıq, sulu burun axıntısı, burunda durğunluq, boğazda quruluq kimi əlamətlərlə müşahidə olunur. Öskürək, arqırıq hava yolu ilə virus yayır. Soyuqdəymə qripə təkan verən, nisbətən yüngül xəstəlikdir, amma qrip ağır nəticələrə belə səbəb ola bilər. Kəskin əzələ ağrıları, qızdırma və halsızlıqla müşahidə olunur. Həm soyuqdəymə, həm də qrip öz-özünə keçdiyi üçün həkim müalicəsinə ehtiyac yoxdur, ən etibarlı sağalma üsulu bol maye qəbul eləmək, dincəlməkdir. Qızdırma salan dərmana və qrip əleyhinə spreylərdən istifadə eləmək olar.

Payızın gətirə biləcəyi ən ağır xəstəliklərdən biri də haymoritdir. Burun tıxanıqlığı, sarı, yaşıl və ya qanlı burun axıntısı, gözlər ətrafında dəhşətli ağrı, diş ağrısı ilə qarışan yanaq ağrısı, üzdə təzyiq hissi, qabağa əyilməklə artan üz və ya baş ağrısı, pis ağız qoxusu əlamətləri ola bilər. Bəzən də quru öskürək, yüngül temperatur və ya mədə narahatlığı kimi şikayətlər də görülə bilər. Adətən antibiotik müalicəsi təyin edilir. Lakin müalicə düzgün aparılmasa qış boyu öskürək, qızdırma da verən haymorit xroniki hala keçərsə cərrahi müdaxilə qaçınılmaz olur.

Payızın bəxş elədiyi xəstəliklərdən biri də qırtlağın iltihabı olan laringitdir. Səs telleri laringit zamanı vibrasiya qabiliyyətini itirir, xəstənin səsi xırıltılı olur və ya tamamən itir. Tənəffüs çətinləşir, ağrılı öskürək əmələ gəlir. Tənəffüs yolunun tıxanması bəzən çox ciddi ola bilir, xüsusi ilə uşaqlarda yalançı boğulma şəklində təzahür edir. Müalicə sırasında qətiyyən siqaret çəkmək və çox danışmaq olmaz.

Bu fəslin xəstəliklərindən olan bronxit bronxların iltihabıdır. Əlamətlər çox zaman soyuqdəymədən sonra ortaya çıxır. İlk günlərdə quru olan öskürək daha sonra bəlğəmli öskürəklə əvəzlənir. Həkimlər bəlğəmsökücü dərmanlarla bərabər bronxları da müalicə edən preparatlar təyin edir. Payız astma xəstələri üçün də əlverişsiz fəsildir, çünki astma tutmalarına səbəb allergik reaksiyalar, havadakı tozlar və viruslardır. Həkimlər astma xəstəliyi olanlara payız fəslində bayırda maska ilə gəzməyi, çox yorulmamağı, tərləməməyi məsləhət görür. Bundan əlavə astma olan xəstələr mümkün qədər pambıqdan olan geyimlər geyinməli, yorğan-döşəyi pambıqdan olmalıdır, yaşadıqları evdə xalça-palaz yerinə sadə döşəmə olmalıdır. Astma tutması öskürək, nəfəs darlığı, xırıltı ilə müşahiə olunur.

Payızın gətirdiyi xəstəliklərdən olan sətəlcəm ağciyər toxumalarının iltihabıdır. Üşümə, titrəmə, yüksək qızdırma və öskürəklə başlayır. İlkin diaqnoz çox əhəmiyyətlidir. Uyğun antibiotik müalicəsi ilə tamamilə sağalan bir xəstəlikdir. Həkimlər, bəzi risk qruplarının, məsələn əməliyyat ilə dalağı götürülmüş olan insanların, yaşlıların, xroniki ağciyər xəstəliyi olanların pnevmoniya peyvəndi etdirmələrini məsləhət görür.

Payız allergiyasından qorunmaq üçün ən birinci şərt bol D və C vitamini qəbul etməkdir, yaxşı olar ki, D vitaminini günəş vasitəsi ilə alasınız. İkincisi, qidalanmanız mükəmməl olmalıdır. Unutmayın, çox yemək yox, nəyi və necə yemək vacibdir. Bol meyvə və tərəvəz yemək lazımdır, daha çox qırmızı, sarı meyvələrə üstünlük verin. Bu fəsildə də idmanda aktiv olun, ən əsası bol-bol üzün.

3 gündən artıq davam edən üşütmə-qızdırma həkimə getmək üçün birinci səbəbdir. Həkim müalicəsindən əlavə yaxşı qidalanma, normal yuxu, idman xəstəlikdən xilas olmağa kömək edəcək. Payız xəstəliklərinə yoluxmamaq üçün əlləri gündə bir neçə dəfə sabunla yumaq vacibdir, mövsümə uyğun geyinməklə özünüzü həm soyuqdan, həm də tərləmədən qoruyun. Olduğunuz yerdə temperatura diqqət edin, nə çox isti, nə də çox soyuq mühitdə qalmayın. Həkimlər normal zamanda 25, yuxu vaxtı 22 dərəcə olan istilik məsləhət görür. Xüsusilə də iş yerlərində fincan, kompyuter, qələm kimi əliniz dəyən əşyaları ortaq istifadə etməyin. Hər gün ən az 7 saat yatmaq, meyvə, tərəvəz, maye qəbul etmək vacib şərtlərdəndir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir