sohbet

İtirdiyimiz xüsusiyyətlər: söhbət -XVIII YAZI

Baxış sayı: 342

İnternetin, xüsusilə sosial şəbəkələrin hələ həyatımıza girmədiyi dövrləri xatırlayırsınızmı? Necə ünsiyyət saxlayırdıq, necə sosiallaşırdıq? Söhbət axşamlarını, çay dəstgahlarını, böyüklü-kiçikli ətrafına yığıldığımız o süfrələri xatırlamayan olmaz zənnimcə. Bir də pandemiya dövrünü xatırlayın, insan üzünə həsrət qaldığımız, söhbətə ac olduğumuz günləri…

Söhbət, insan münasibətlərini və ünsiyyəti təsvir edən ən vacib sosial ehtiyaclardan biridir. Hətta gündəlik həyatın ən vacib ehtiyacıdır desək, daha doğru olar. İnsanlarla sosiallaşmaq və söhbət etmək yemək qədər, su qədər vacibdir. Necə ki, qida qəbul edib, su içib fiziki bədənimizin ehtiyaclarını ödəyirik, eləcə də sosiallaşaraq, ünsiyyət quraraq, söhbət edərək ruhi bədənimizin ehtiyaclarını ödəməliyik. Amma özümüzü virusdan qoruduğumuz o qapanma müddətində sosial həyatımız, ünsiyyət bacarığımız deformasiyaya uğradı. Milli dəyərlərimizdən hesab etdiyimiz o böyük süfrələr, qonaqlı-qaralı evlərin sayı azaldı, hər kəs əlindəki ekranın əsirinə çevrildi. Bizi özünün böyük, vahiməli toruna salan virtual dünya üzərimizdə bir az da çox hakimiyyət qurdu.

Rəqəmsal sistemə keçməzdən əvvəl ünsiyyət qurmaq üçün müəyyən vaxta ehtiyacımız var idi, əvvəl görüş təyin edirdik, sonra qarşılıqlı, real olaraq görüşür, söhbətləşir, çay içir, yemək yeyir, beləcə sosiallaşırdıq. Həyat normal axarında idi, tələsmirdik, qaçmırdıq, yorulmurduq. Lakin indi hər şeyi virtuallaşdırmışıq, ən doğmamızla belə internet vasitəsi ilə ünsiyyət saxlayırıq. İnternet bizə bir neçə saniyə ərzində dünyanın istənilən nöqtəsindəki tanışımızla ünsiyyət qurmağımıza, mesajla, adi zənglə, görüntülü zənglə və s. üsullarla danışmağımıza imkan yaradır. Bu, əlbəttə, yaxşıdır. Amma qonşuluğumuzda yaşayan dostumuza, valideynimizə baş çəkmək yerinə video-zəng etmək də internetin “hədiyyəsidir”. Bu hədiyyələr bizdən nələri alıb aparır, fərqində deyilik…

İnsan təbiəti elədir ki, mütəmadi sosiallaşmaq, ünsiyyət qurmaq istəyir. Söhbət etmək insanın ruhi-psixoloji sağlamlığında böyük rol oynayır. Biz hər şeyi virtual etməyə meyllənirik, əvvəl zövq aldığımız adətlərimizin yerinə onunla eyniləşdirməyə çalışdığımız yeni adətlərimiz yaranır. İndi əksəriyyət daha çox təkliyə, tənha qalmağa meyllənir. Belə adamlar cəmiyyətdən, sosial çevrəsindən uzaq durmağı seçirlər və sosial əlaqələr qurmaqdan çəkinən olurlar. Əslində söhbət etmək də bir mədəniyyətdir, dövrümüzün insanlarında bu mədəniyyət getdikcə azalır. İnsanlar söhbətin dəyərini getdikcə unudurlar. Söhbət monoloq deyil, çıxış deyil, diqtə deyil. Söhbət qarşılıqlı sosiallaşmaqdır, söhbət edə bilmək qədər qarşıdakı insanı dinləyə bilmək də mədəniyyət göstəricisidir. Ona görə də bir-birini başa düşməyən, ortaq maraqları olmayan insanların söhbəti də maraqlı olmur.

Müasir dünya bizə nəyi öyrətdi, bilirsinizmi? Hər addımımızı planlı atmağı. Axşamdan sabahın planını qururuq, saat neçədə, harada olacağımızı, kimlərlə görüşəcəyimizi, nə iş görəcəyimizi detallı planlayırıq. Həyatımızda gözlənilməz nəsə baş vermir, sürpriz olmur, qəfil heç nə olmur, bir sözlə monoton yaşayırıq. Halbuki bizim də ehtiyacımız var qəfil qonaq getməyə, qəfil gələn qonağı qəbul etməyə. Modern həyat tərzi bizi bu cür söhbət masalarından, qarşlıqlı müzakirələrdən də uzaqlaşdırdı. Plan-proqram ilə qurduğumuz günümüz bizi elə mühasirəyə alıb ki kiminləsə söhbət etmək ehtiyacımız kölgədə qalıb, üstünü toz basıb.

Söhbət etməyin, ünsiyyət qurmağın dəyərini dərk etməyənlər ordusu yaranır. Bir də ayılır ki, ömrü tək-tənha, virtual sosiallaşmaqdan başqa bir məşğuliyyəti olmadan keçib gedib. Əslində, bir çox sosial bacarıqları hələ körpə yaşarımızdan əldə etdiyimiz kimi, söhbəti də uşaqlığımızda öyrənirik. İnsan uşaq ikən ətrafında nə görürsə sosial bacarıqları da ona uyğun formalaşır. Məsələn, daimi zorakılıq görən uşaq onu təqlid edir, daimi ünsiyyət, söhbət görən uşaq da söhbəti, sosiallaşmanı, qonaq getməyi, qəbul etməyi təqlid edir. Ona görə də o söhbət mühitini görənlər, onun həzzini vaxtı ilə yaşayanlar bu gün yoxluğu ilə barışa bilmir, əskikliyini hiss edir.

image

Söhbətin ləzzəti, faydası hər iki tərəfin məmnuniyyətini təmin edərsə olur. Söhbət zamanı yalnız öz doğrularını diqtə edən, dinləməyi bacarmayan insanlar yaxşı həmsöhbət deyil, aqressiv müzakirəçidir. Söhbətləşmək bir ehtiyacdır və o ehtiyac ödənilmədikcə sağlamlığımıza problemlər yaradır – insan zamanla öz-özünə danışır, virtual asılılıq artır, ünsiyyətsizlik xəstəliyə çevrilir.

Texnologiya nə qədər inkişaf edisə etsin, hər gün virtual ünsiyyət vasitələri təkmilləşsin, yenə də real ünsiyyətin, söhbətin verdiyi enerjini və səmimiyyəti heç nə əvəz eləmir. Bunun səbəbi isə virtual ünsiyyətdən fərqli olaraq real ünsiyyətin yalnız sözlərlə deyil, bədən dilinin köməyi ilə baş verməsidir. Çünki bəzən ünsiyyət zamanı tərəf müqabilimizin nə dediyini, nəyi demədiyini hərəkətləri və enerjisi sayəsində anlayırıq. Söhbət zamanı etiket qaydalarına əməl etməsi, nəzakətli və ya narahat olması, söhbətdən məmnun qalıb-qalmaması da məhz hərəkətləri ilə anlaşılır.

Ailə süfrələrində, dost məclislərində ruhən qidalandığımız anları xatırlayın. Üzbəüz ünsiyyət, canlı söhbət, real münasibətdən sonra necə də rahatlamış, dincəlmiş hiss edirdi insan. Həm ruhən , həm mənən sakit həyatımız vardı. Qaçhaqaç, qovhaqov deyildi heç nə, 24 saat necə uzun idi, hər şeyi sığışdıra bilirdik içinə. Xatırladınız? Bir də indiki vəziyyətimizə baxın, 24 saat bizə yetmir, hər işimiz yarımçıq qalır, yeriməyi, dincəlməyi, gəzintiyə çıxmağı, söhbətləşməyi unutmuşuq. İnkişaf, texnologiya bizdən ən vacib sosial bacarığımızı – söhbət mədəniyyətimizi aldı.

O ailə məclisləri yenə də var, amma fərqli formada. Ailəsi ilə eyni süfrədə oturub başını telefonuna əyən insanlar var. Sevdiklərinin çevrəsində sevdiklərindən ayrı bir dünyanın təsirində olur insan. Bu əvvəl könüllü olsa da, sonra əsir həyatı yaşamaqdır. Qurtulmaq lazımdır o buxovlardan, geri qaytarmaq lazımdır o söhbət mədəniyyətini, ünsiyyət bacarığını. Xoşbəxt, sosial çevrəsinin məhəbbəti ilə bürünmüş, canlı ünsiyyət problemi olmayan insanın süfrədə, ən xoşbəxt olduğu anlarda telefon, sosial şəbəkə yadına düşmür. Ailəsi ilə eyni süfrədə ikən canlı ünsiyyətin keyfinə varmayan, əlində telefon sosial şəbəkələrdə canlı yayım açmaq dərdinə düşən insan sosiallaşmır, xəstələnir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir