Elektromobil

Elektromobillər niyə sərfəli deyil? - SƏBƏBLƏR

Baxış sayı: 344

Elektrik avtomobillərinin dünyada dəb halına düşməsindən sonra milyonlarla insan bu maşınlardan almağa başladı. İlk vaxtlar hər şey cazibədar görünürdü- qənaətcil, ekoloji təmiz, müasir elektronikalı maşın. Həmişə, elektromobillərin ancaq müsbət tərəflərindən danışırlar. Lakin zaman keçdikcə problemlər ortaya çıxmağa başladı. Belaurs saytlarının birində (abw.by) bir elektromobil sahibinin öz real təcrübəsi haqda təəssüratları əsasında məqalə dərc olunub. Məqalənin maraqlı olduğunu nəzərə alıb oxucularımıza təqim edirik.

 

“Bu, mənim ilk və son elektrikli avtomobilimdir!”

Minsk sakini İqor daxili yanma mühərriki olan avtomobildən elektrikli maşına keçib və onunla demək olar ki, 30.000 kilometr yol qət edib. O, buna peşman olduğunu deyir. O qeyd edir ki, elektromobil satıcıları adətən avtomobillərinin üstünlükləri və müsbət tərəfləri haqda danışırlar, amma mənfi tərəfləri daha çoxdur. Bəs problem nədədir?

İqor Çində istehsal olunan 2022-ci il buraxılışlı “Honda e:NP1” markalı avtomobili hər gün və ən azı 200 kilometr sürür, onun iş qrafiki sıxdır. Bu elektrikli “Honda” bu qədər pisdir, yoxsa İqor avtomobildən istifadənin fərqli modelini sadəcə qəbul edə bilmir? İqor fikirlərini belə ifadə edir:

 

“Həyat yoldaşım maşına baxıb bunun oyuncaq olduğunu söylədi”

– Uzun müddətdir maşın sürürəm. Bu “Honda”dan əvvəl daxili yanma mühərrikləri olan bir çox avtomobilim olub və onların arasında sonuncusu dizel “Hyundai Santa Fe” idi- 2020-ci il buraxılışlı. Ondan əvvəl isə “Honda CR-V Touring” 2022-ci il istehsalı. Sonra elektromobilin nə olduğunu, onun üstünlükləri və çatışmazlıqlarının nə olduğunu sınamağa qərar verdim. CR-V sürdüyüm və markaya öyrəşdiyim üçün yenə “Honda” aldım- bu dəfə elektrik modeli. Bu marka mənə balanslı və etibarlı görünürdü, o cümlədən qiymət və keyfiyyət nisbəti baxımından. Buna görə də yenə də eyni markadan “Honda” götürməyə qərar verdim. Mən fikirləşdim ki, həyat yoldaşım da bəyənəcək və o da bu maşını sürəcək. Amma arvadım maşına baxıb dedi: “Bu uşaq oyuncağıdır”.

Bu “Honda” mənə 2023-cü ilin sonunda gəldi- yeni, yürüşsüz, sellofan örtükdə. Hələ də hamısını çıxara bilməmişəm. Bir daşıma şirkəti vasitəsilə və adekvat qiymətə sifariş verdim. Çindən Belarusa bir ay yarımda gətirdilər.

Əvvəlki bütün avtomobillərim maksimum komplektasiyada idi, ona görə də onlardan sonra bu “Honda” sürpriz olmadı. Əvvəlcə məni sevindirən yeganə şey o idi ki, elektrik maşından istifadə etdiyim üçün hər həftə yanacağa 150-200 rubl xərcləməli deyiləm- iş də daxil olmaqla ayda 5-7 min kilometr yol qət edirəm. İndi odometr təxminən 30.000 kilometr göstərir, baxmayaraq ki, mən avtomobildən yalnız bu ilin yazında aktiv istifadə etməyə başlamışam.

Belarusa gəldikdən sonra sürət qutusundakı yağı yoxlamaq qərarına gəldik və oradan cəmi 300 mililitr yağ çıxdı! Görünür, sadəcə maşının işlədiyini göstərmək üçün. Buna görə də, servisdə yağın səviyyəsini lazımi həddə qaldırdılar və istifadə etdiyim müddət ərzində avtomobillə etdiyim yeganə iş budur.

Bu avtomobili qısa müddətdə hesab etsək, o, ümumiyyətlə xərcsizdir- onu ya qarajda, ya bağda, ya da kənd evində doldururam. Əslində, elektrik avtomobilinizi daim doldurmazdan əvvəl, ayda bir dəfə elektrik enerjisi üçün əvvəlkindən 50-70 rubl çox ödəyirsiniz.

Amma digər tərəfdən ümumi sərfəlilik məsələsini nəzərə alsaq, yekunda elektrik avtomobili daxili yanma mühərrikli avtomobildən daha çox zərərə salır. Nəyə görə? “Santa Fe”-ni 35.000 dollara almışamsa, eyni qiymətə satmışam. Mən bu “Honda eNP1”-i təxminən 30.000 dollara almışam və indi ən yaxşı halda 18-19 min dollara satmaq olar, yəni azı 10.000 dollar itirmişəm.

 

“Enerji yükləmə prosesi vaxtımı çox itirir”

Öz evinizdə yaşayanda və ya qarajınız olduqda “elektrik maşın”a sahib olmaq yaxşıdır. Əgər belə deyilsə, elektrik avtomobili tamamilə yararsız bir şeyə çevrilir. O, insanı azadlıqdan məhrum edir və hər şeyi məhdudlaşdırır: marşrutu və enerji imkanını hesablamaq lazımdır. Şəhər stansiyalarında enerji doldurmağa vaxtım yoxdur və onların sayı çox azdır.

Tətbiqdə xəritəyə baxanda pulsuz enerjidoldurma məntəqələri görürsünüz. Siz gələndə isə o məşğul olur. Başqa bir enerji yükləmə mərkəzinə gedirsiniz- eyni vəziyyətdir. Bəli, rezervasiya funksiyası var, lakin bu yaxınlaradək o, hələ mövcud deyildi. Üstəlik, getdikcə enerji yükləmə prosesi mənim üçün əverişsiz hala gəldi, o mənim vaxtıma qənaət etmir.

Söhbət təkcə iş səfərlərindən getmir. Məsələn, istirahət etmək üçün Qrodnoya getmək istəyirsinizsə, əvvəlcə enerjidoldurma məntəqələrinə baxacaqsınız ki, harda boş yer var. Minskdən gəldikdən sonra enerji bitir, Qrodno ətrafında yenidən stansiya axtarmaq lazımdır ki, heç bir problem olmadan geri qayıtmaq üçün kifayət qədər enerji ehtiyatınız olsun.

Düşünürəm ki, elektrik maşınlarının pərəstişkarı olanlar səhvlərini etiraf etmək istəmirlər. Amma mən səhv etdiyimi etiraf edirəm. Elektriklə işləyən avtomobildən heç bir rahatlıq görmədim. Maksimum konfiqurasiyada belə, elektrik avtomobili daxili yanma mühərriki olan oxşar avtomobildən daha az komfortludur– halbuki mən əvvəlki avtomobillərimdə komfort versiyalara öyrəşmişəm. Yenə deyirəm, mobillikdə də problemlər var.

Yalnız bir nəzərə çarpan üstünlük var- bu ekologiya və sıfır emissiyadır. Başımı yelləyirəm və dünya üçün nə qədər böyük iş gördüyüm üçün özümə təsəlli verirəm.

 

“Magistral yolda rahat sürət 90-95 km/saatdır”

GB/T adapterinin (sürətli enerji yükləmə- red.) qiyməti 1100–1200 dollardır, hətta daha bahadır. Buna görə də, müntəzəm olaraq sabit şəbəkədən 220 Vt-dan enerji yükləmə ilə kifayətlənirəm. Həyatımı məhdudlaşdırmalı və dəyişdirməli oldum: işdən evə, bağa və ya valideynlərimin evinə qayıdıram və bununla kifayətlənirəm. Bütün istifadə müddəti ərzində bunu necə edəcəyimi unutmamaq üçün enerji yükləmə stansiyalarının “sütunlarında” cəmi 3 dəfə dayandım. Qalan bütün hallarda evdə doldururdum.

Məsələ odur ki, ev şəbəkəsində avtomobil 2,1-2,3 kVt / saat enerji yığır- bu olduqca yavaşdır. Bütün gecə boyu qarajda yükməməyə qoya bilsəniz, bu yaxşıdır. Amma evə gəlib bir az sonra da başqa yerı getmək lazımdırsa, o zaman elektrik avtomobili bu cür tapşırıqlar üçün sadəcə uyğun deyil. Ailədə yalnız bir avtomobil varsa, heç bir halda bu elektromobil olmamalıdır. Əgər uzunmüddətli işgüzar səfərim olsa, həyat yoldaşımın daxili yanma mühərrikli avtomobili ilə gedirəm.

Elan edilmiş diapazon 510 kilometrdir və şəhər dövrəsində bundan xeyli az məsafə qət edə bilir. Magistral yolda isə 420–460 kilometr, sürətdən çox şey asılıdır. Onun üçün ən rahat sürət 90-95 km/saatdır. Sürətli sürsəniz, ehtiyat 390-400 km-ə düşür.

Akkumulyatorun tutumu– 58,8 kVt/saat. Əlbəttə ki, Malankada elektrik avtomobilini sürətli doldurma portu var. Amma mənim üçün əlverişsizdir. Üstəlik, mən ümumiyyətlə batareyanı sıfıra boşaltmıram, ən azı 50-60% enerji səviyyəsi ilə qayıdıram və səhərə qədər 90-100-ə qədər doldururam. Mən 400 dollar xərcləyib ev stansiyası ala bilərdim, o, təxminən 7,5 kVt istehsal edərdi, amma istəmirəm.

 

“Baqaj kişikdir, əlavə sərnişin sürüş məsafəsini azaldır”

Bu “Honda”nın müsbət cəhətləri varmı? Burada çox yaxşı düşünülmüş “Honda” elektronikası var: adaptiv kruiz-kontrol, zolaq saxlama. Mən bu sistemlərə o qədər öyrəşmişəm ki, onlarsız necə idarə edəcəyimi bilmirəm: əllərinizi sükandan çəkə, özünüzə qəhvə tökə və ya nəsə yaza bilərsiniz. Bu, çox gözəldir! “Musiqi” də yaxşı səslənir. Salon eksteryeri yüksək səviyyədədir- təəccüblüdür! Normal dəri.

Dinamika sadəcə çılğındır! Əgər siz onu idman rejiminə keçirsəniz, o zaman yol ayrıcından risksiz keçmək mümkün deyil, təkərlər az qala asfalta toxunmur. Daxili yanma mühərriki olan “Honda”-dan daha sakit sürüşdürmü? Mən bunu deməzdim. Səs izolyasiyası təxminən eynidır. Ancaq ön asma olduqca zəifdir, qeyri-bərabər səthlərdə qırılır.

Sürücü oturacağı narahatdır və bel dayağı yoxdur. Xüsusilə uzun məsafələrə səyahət edəndə və 2-3 saat sükan arxasında olanda darıxırsan. Maşın məncə bir nəfər üçündür. İki və ya üç nəfərlə səyahət etmək enerji istehlakına nəzərəçarpacaq dərəcədə təsir göstərir. Yeri gəlmişkən, bu, elan edilənlə üst-üstə düşür, 100 kilometrə 13,8 kVt/saat.

Dil bilməmək problem yoxdur, məlumat menyudakı ikonalarla təkrarlanır. Ancaq görünür ki, bir növ Çin kartı var və saat daim saat qurşağımızı itirir və “doğma” saat rejiminə qayıdır. Maşında radio yoxdur və siz onu daim telefonunuzdan qoşub işə salmalısınız. Bildiyimə görə, bu problem təkcə bu “Honda”da deyil, daxili bazar üçün nəzərdə tutulan digər Çin avtomobillərində də olur.

Baqaj çox kiçikdir, yalnız kiçik əşyalar daşımaq olar. Əgər siz sadəcə olaraq hər şeyi əvvəlki avtomobillərə uyğun olaraq götürmüsünüzsə, onda siz artıq onları necə və hara yerləşdirməyinizi düşünməlisiniz. Arxa oturacaq cərgəsinin aşağı qatlanması yaxşıdır.

 

“Az işlənmiş” elektromobili satmaq demək olar ki, mümkün deyil”

Elektromobil yay avtomobilidir və ondan artıq deyil. Qışda güc ehtiyatı 300 kilometrə, şiddətli şaxtalarda isə hətta 250 kilometrə düşür- bu xoş deyil. Dayanacaqda dayanırsınız, kimsə iş məsələlərini müzakirə etmək üçün maşına minir və siz maşını işə salıb-salmamağı, isitməni yandırıb-yandırmamağı düşünürsünüz. Buna görə də qışa qədər başqa bir maşın götürmək və bu avtomobili gələn yaya qədər işlətməyib saxlamaq planı var.

Təbii ki, kimsə belə bir avtomobildən alış-veriş səfərlərində və ya uşağını məktəbə aparmaq üçün istifadə edir. Bu halda bir yükləmə ilə bir həftə davam edəcək! Amma mənim üçün belə deyil.

İndi bütün pulumla maşından istifadə etməkdən başqa çarəm yoxdur. Az işlənmiş elektormobili satmaq demək olar ki, mümkün deyil. Buna görə də, lazım gələrsə, ayda 6-7, hətta 10 min kilometr sürəcəm başqa yolum yoxdur. Amma yenə də etiraf edirəm ki, elektromobil alanda böyük səhv etmişəm.

Daxili yanma mühərrikli avtomobildən elektromobilə keçmisinizmi və razısınızmı? Ümumiyyətlə, sizcə hansı daha sərfəlidir? Fikrinizi bizə yazın.

 

Müəllif – Vadim Zenkeviç

Tərcümə – Elçin Bayramlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir