Şəxsiyyət fərdi başqalarından fərqləndirən anadangəlmə və qazanılmış xüsusiyyətlərin məcmusudur. Şəxsiyyət fərdin əqli, emosional, sosial və fiziki xüsusiyyətlərinin davamlı tərəflərini əhatə edir. Şəxsiyyətin inkişaf prosesini izah etmək üçün bir çox nəzəriyyələr mövcuddur. Hər bir inkişaf nəzəriyyəsi insan inkişafının müəyyən bir sahəsini mərkəz nöqtəsi kimi qəbul edir və bu inkişafı ümumi olaraq digər sahələrlə birləşdirən şəkildə təqdim edir. Şəxsiyyətlə bağlı bir çox nəzəriyyələrin birləşdirdiyi fikirlərdən biri də uşaqlıq dövrü, xüsusən də həyatın ilk 5-6 ilinin şəxsiyyətə böyük təsiri var (O.Özdemir., S.Nasıroğlu., 2012). Anadangəlmə genetik xüsusiyyətlərin və ətraf mühit amillərinin qarşılıqlı təsiri uzun bir böyümə və inkişaf prosesində unikal şəxsiyyət yaradır. Ətraf mühit amillərdən ən vacibi, insanın münasibətləridir hansıki şəxsiyyətin inkişafında mühüm rol oynayır. İnsan dünyaya gəldiyi andan ilk öncə valideynləriylə ünsiyyət qurur bu insanın həyata, dünyaya ilk münasibətinin və bağının təməlini qoyur (İ.Taymur., 2012). Və bu münasibətlər insanın özünü ifadə etməsinə, emosional sabitliyinə, sosial bacarıqlarının formalaşmasına və ümumi rifahına təsir göstərir. Valideyn ilə qurulan sağlam münasibətlər, daha sonra dost, həyat yoldaşı və həmkarlarla sağlam münasibətlər formalaşmasına və onun daha da inkişaf etməsinə əhəmiyyətli dərəcədə təsir edir. Cəmiyyətlə konfliktə düşmədən əsas ehtiyaclarını ödəyə bilən insanların psixoloji cəhətdən sağlam olduqlarını söyləmək olar
Şəxsiyyətin inkişafında sağlam münasibətlərin əhəmiyyəti
Şəxsiyyətin inkişafı insanın həyatının müxtəlif mərhələlərində qarşılaşdığı sosial, emosional və psixoloji təcrübələrin təsiri altında formalaşır. Sağlam münasibətlər, bu inkişafın əsasını təşkil edən və onu yönləndirən mühüm faktorlardandır.
Şəxsiyyət inkişafı ilk olaraq uşaqlıq dövründə valideyn-uşaq münasibətləri əsasında başlayır. Bowlby-nin Bağlanma Nəzəriyyəsinə görə, valideynlərdən alınan sevgi və dəstək, uşağın emosional təhlükəsizlik hissini inkişaf etdirir və gələcəkdə sağlam sosial əlaqələr qurma qabiliyyətini təmin edir (Bowlby,1982). Bağlanma uşağın həyatında ilk dövrlərdə çox vacibdir, çünki bu dövr, uşağın dünyaya münasibətini formalaşdıran və onun gələcəkdəki sağlam münasibətləri üçün əsas rol oynayan kritik bir mərhələdir.Valideynlərdən alınan sevgi və qayğı, uşağın dünyada qarşılaşacağı çətinliklərə qarşı hazırlığını artırır. Bu emosional təhlükəsizlik hissi yetkinlikdə şəxsin stres və qeyri-müəyyənlik qarşısında daha sağlam və dayanıqlı bir şəkildə reaksiya verməyinə imkan verir.
Şəxsiyyətin inkişafında münasibətlərlə bağlı başqa bir araşdırma Steinberg və Morris (2001) tərəfindən aparılnışdır. Araşdırmalar (Steinberg, Morris 2001) göstərir ki,, dostluq münasibətləri və həmyaşıdlarla qurulan ünsiyyət şəxsiyyətin formalaşmasında nühim rol oynayır. Xüsusən yeniyetməlik dövründə sağlam münasibətlər, fərdlərin özünə inamının artmasına, emosional sabitliyinə və müstəqil qərar qəbul etmə bacarığına müsbət təsir göstərir. Daha sonra Yetkinlik dövründə həyat yoldaşı, həmkarlar və dostlarla qurulan sağlam münasibətlər, fərdlərin psixoloji rifahını təmin edir. Məsələn, müsbət romantik münasibət emosional dəstəyi artırır və stresin idarə olunmasına kömək edir (Bradbury et al., 2000).
Münasibətlərin psixoloji sağlamlığa təsiri
Sağlam münasibətlər insanın özünü dərk etməsi və ifadə etməsi üçün vacib bir mühit yaradır. Fərdlər, öz hisslərini, düşüncələrini və ehtiyaclarını başqalarına açıq şəkildə ifadə etdikdə, bu, onların daxili dünyalarını daha yaxşı anlamağa və öz şəxsiyyətlərini daha dəqiq şəkildə müəyyən etməyə imkan verir
Carl Rogers (1961), şəxsiyyətin inkişafında “özünüdərk” və “özünüifadə”nin əhəmiyyətini vurğulamışdır. O, insanların özlərini necə gördüklərini və başqalarına necə təqdim etdiklərini izah edərkən, açıq ünsiyyət və qarşılıqlı anlayışın şəxsi inkişafda mühüm rol oynadığını qeyd etmişdir. Rogers, insanlar arasındakı doğru və dürüst əlaqələrin, fərdin özünü və dünyanı daha yaxşı anlamağa və özünü tam şəkildə ifadə etməyə imkan verdiyini ifadə etmişdir. Ona görə də, sağlam münasibətlər, insanların özlərini daha yaxşı tanımalarına və inkişaf etmələrinə şərait yaradır.
Sağlam münasibətlərin əsas prinsipləri
Sağlam münasibətlərin qurulmasında bir neçə əsas prinsip xüsusi əhəmiyyət daşıyır. Bu prinsiplər, münasibətlərin sağlamlığını qorumağa və qarşılıqlı əlaqələrin daha dərin və davamlı olmasına kömək edir. Aşağıda bu prinsiplər izah ediləcəkdir.
Effektiv ünsiyyət
Sağlam münasibətlərin təməlində aydın, açıq və dürüst ünsiyyət dayanır. Fərdlər arasında düzgün və səmimi ünsiyyət qurmaq, qarşılıqlı anlayışın və etibarın əsasını qoyur. Belə ünsiyyət, hisslərin və fikirlərin açıq şəkildə ifadə edilməsinə imkan yaradır və əlaqələrin dərinliyini artırır.
Empatiya və dəstək
Empatiya, qarşı tərəfin hisslərini və təcrübələrini anlamaq, onları qəbul etmək və başqalarına dəstək olmaq, münasibətləri möhkəmləndirən əsas amillərdir. Empatik yanaşma, qarşılıqlı anlayış və güvən yaradır, hər iki tərəfi bir-birinə daha yaxınlaşdırır və əlaqələrdəki emosional bağları gücləndirir.
Münaqişələrin konstruktiv həlli
Hər bir münasibətdə münaqişələr ola bilər, amma bunların konstruktiv şəkildə həlli əlaqələrin davamlı və sağlam olmasına kömək edir. Münaqişə zamanı qarşılıqlı anlayış və kompromisə açıq olmaq, məsələlərin daha dərindən anlaşılmasına və daha sağlam əlaqələrin formalaşmasına şərait yaradır.
Bu prinsiplər, ünsiyyət, qarşılıqlı anlayış, etibar və güvən üzərində möhkəmlənərək, insanların daha məmnun və balanslı həyat sürmələrinə imkan verir.
Nəticə
Sağlam münasibətlər fərdlərin şəxsiyyətinin formalaşması və inkişafı üçün zəruri bir amildir. Valideynlərdən alınan sevgi, dost münasibətləri və sevgi fərdlərin emosional sabitliyinə, sosial bacarıqlarına və ümumi rifahına müsbət təsir göstərir. Sağlam münasibətlərin təşviqi yalnız fərdi inkişafı deyil, ümumilikdə cəmiyyətin harmoniyasını da təmin edir.
İstinad
- Bowlby, J. (1982). Attachment and Loss: Vol. 1. Attachment. Cambridge University Press.
- Steinberg, L., & Morris, A. S. (2001). Adolescent Development. Annual Review of Psychology, 52(1), 83–110. DOI:10.1146/annurev.psych.52.1.83
- Bradbury, T. N., Fincham, F. D., & Beach, S. R. H. (2000). Research on the Nature and Determinants of Marital Satisfaction. Psychological Bulletin, 126(1), 29–38. DOI:10.1037/0033-2909.126.1.29
- Rogers, C. R. (1961). On Becoming a Person: A Therapist’s View of Psychotherapy. Houghton Mifflin Company.
- Cohen, S., & Wills, T. A. (1985). Stress, Social Support, and the Buffering Hypothesis. Psychological Bulletin, 98(2), 310–357. DOI:10.1037/0033-2909.98.2.310
- Goleman, D. (1995). Emotional Intelligence: Why It Can Matter More Than IQ. Bantam Books.
- Taymur İ, Türkçapar MH. Kişilik: tanımı, sınıflaması ve değerlendirmesi. Psikiyatri-
de Güncel Yaklaşımlar 2012; 4:154-177.
- ÖzdemirO, Nasıroğlu S. Kişilik gelişimi.Psikiyatride güncel yaklaşımlar 4 (4), 566-589, 2012
Şərafət Şirinli
Klinik psixoloq, EMDR terapevt, ailə psixoloqu
“Rebrain Academy”nin rəhbəri
Yazını oxuyarkən cəmiyyətin ümumi rifahı ilə bağlı verdiyiniz fikir çox diqqətimi çəkdi. Şəxsiyyətin inkişafı və sağlam münasibətlərin yalnız fərd üzərində deyil, həm də cəmiyyət üzərində müsbət təsir yaratması mövzusu çox vacibdir. Bu, insanların cəmiyyətlə harmoniya içində yaşamasının təməlini qoyur. Bunu daha da inkişaf etdirə bilmək üçün sağlam münasibətlərin, xüsusən də kollektiv və iş mühitində necə formalaşdığı və bunun cəmiyyətin ümumi psixoloji rifahına necə təsir etdiyi haqqında daha geniş fikir yürüdə bilərsiniz.
Yazını çox bəyəndim, xüsusilə də şəxsiyyətin inkişafının sosial və emosional tərəflərinə toxunmağınız çox önəmlidir. Şəxsiyyətin formalaşmasında münasibətlərin rolu hər zaman əhəmiyyətli olub, amma bu yazı ilə bu aspekti elmi şəkildə ifadə etməyiniz mövzunun nə qədər dərin olduğunu göstərir. Mənim fikrimcə, sosial münasibətlər və şəxsiyyət arasında olan əlaqənin daha ətraflı incələnməsi, oxucuya daha çox fayda verə bilərdi.
Sağlam münasibətlərin müxtəlif mədəniyyətlərdə necə fərqləndiyinə dair mülahizələr əlavə etmək maraqlı olardı. Çünki fərqli mədəniyyətlərdə uşaqlıq dövrü və münasibətlərin qurulma forması da şəxsiyyətin inkişafına təsir göstərir. Həmçinin, bu mövzunun şəxsi həyatımıza olan birbaşa təsirini daha çox vurğulamağınız oxucunun əlaqə qurmasına kömək edə bilər.
Bu məqalə çox informativ və yaxşı strukturlanmışdır. Şəxsiyyətin inkişafı ilə bağlı verilən nəzəriyyələr, xüsusilə də uşaqlıq dövrünün və valideyn-uşaq münasibətlərinin önəmi mövzusunda çox aydın və müfəssəl izahlar var. Bowlby-nin Bağlanma Nəzəriyyəsi və Steinberg və Morris-in araşdırmalarına istinad etməniz mövzunun elmi tərəfini gücləndirir. Bu cür elmi yanaşmalar, daha geniş oxucu auditoriyasının məlumatlanmasını təmin edə bilər.
Bu yazı çox əhəmiyyətli və aktual bir mövzuya toxunur. Sağlam münasibətlərin, xüsusən də valideyn-uşaq münasibətlərinin, şəxsiyyətin inkişafına olan təsiri çox böyükdür. Müxtəlif araşdırmalara istinad edərək, sağlam münasibətlərin uşaqların gələcəkdəki sosial bacarıqlarına və emosional vəziyyətinə necə təsir etdiyini çox aydın bir şəkildə göstərmisiniz. Yazını oxuyanda fərdin şəxsi inkişafını daha yaxşı başa düşürəm və bu mövzunun cəmiyyətin inkişafında da mühüm yer tutduğunu düşünürəm.
Yazınız mənim üçün çox faydalı oldu. Şəxsiyyətin inkişafında valideynlərin və yaxın münasibətlərin necə böyük rol oynadığını bir valideyn olaraq daha yaxşı başa düşdüm. Xüsusilə uşaqların emosional təhlükəsizlik hissinin onların gələcəkdə sağlam sosial münasibətlər qurma qabiliyyətini necə inkişaf etdirdiyini izah etdiyiniz hissə çox diqqət çəkicidir. Valideynlər uşaqlarına sevgi və qayğı göstərməklə onların həyatında mühüm bir təməl qoyurlar. Mən də uşaqlarıma bu cür münasibət göstərməyə çalışacağam.