Arıqlamaq insanı öldürə bilər

Baxış sayı: 1. 650

Qarşıdan yay fəsli, çimərlik mövsümü gəlir. İnsanlar çəkilərinə yay aylarında daha çox diqqət edir, qışda aldıqları kiloları verməyin yollarını axtarırlar. Televiziyalarda, saytlarda, qəzet səhifələrində arıqlamaq üçün dərmanlar, cihazlar, xüsusi geyimlər reklam olunur. Dünya əhalisinin təxminən 60 faizi bu problemlə mübarizə aparır. Hamıya məlumdur ki, artıq kilolar sağlamlıq baxımından orqanizmə zərərlidir. Bu, ümumən orqanizmin funksiyasının pozulmasına gətirib çıxarır.

Digər tərəfdən, qara ciyərin piylənmə nəticəsində vaxtından əvvəl sıradan çıxması təhlükəsi yaranır. Ağciyərin effektiv işləməsinə əngəl törədilir və insan təngnəfəslik problemi ilə qarşılaşır. Rəsmi statistikaya görə, kök adamlar arıqlara nisbətən 6-7 il az yaşayırlar. Ancaq həddən artıq arıqlamaq da səhhətdə problemlər yaradır. Çox zaman xanımlar, hətta kişilərin də bir qismi arıqlamaq üçün kortəbii yollara əl atır. Bu gün apteklərdə arıqlamaq üçün xüsusi preparatların, çayların satıldığı hər kəsə məlumdur. 
Qiyməti 30 manatdan başlayıb 100 manatadək dəyişən bu preparatları bəzən bitki mənşəli vasitələr kimi sırıyırlar.  Çox zaman artıq çəkidən əziyyət çəkən insanlar heç bir həkim məsləhəti almadan bu dərmanlar vasitəsilə arzuladıqları çəkiyə sahib olmağa çalışırlar. Ancaq nəticədə sağlamlıqlarını itirirlər. Bəzən isə bu  tip preparatlardan mütəmadi istifadə ölümlə nəticələnir. Bəlli dərmanlar ilk vaxtlarda insanı arıqlatsa da, bu, müvəqqəti xarakter daşıyır. ABŞ və bir sıra Avropa ölkələrində aparılan araşdırmalar zamanı arıqlamaq üçün olan preparatların tərkibində sağlamlığa ziyan vuran bəzi vasitələrin olması sübut edilib. Həkimlər bu cür dərmanların infarkt və insult xəstəliklərinin inkişafına zəmin yaratdığını bildiriblər.
Dietalardan bezib daha tez və qısa zamanda arıqlamaq istəyənlər isə son çarəni bıçaq altına yatmaqda, əməliyyatda görür. Arıqlamaq üçün əməliyyatlara gəlincə isə bunlar da müxtəlifdir. Mədəni kiçildərək qısa zamanda doymaq hissi yaradılır. Bağırsaqlar kəsilərək yeyilən maddələrin bir qisminin bədənə sorulmasına mane olunur. Qeyd edək ki, bu əməliyyatların da fəsadları var. Belə ki, əməliyyat nəticəsində yaranan qanama, mikrob nəticəsində bağırsaq yırtıla, yaxud tıxana bilər. Problem ortaya çıxan hər 10 xəstədən ikisində yenidən əməliyyat zərurəti yaranır. Arıqlamaq əməliyyatından sonra öddə daş yaranması asanlaşır. Bağırsaqları kəsilərək əməliyyat edilən hər 3 xəstədən birində vitamin və mineralların normal sorulmaması müşahidə olunur. Bu da özü ilə sümük əriməsi, qan azlığı problemləri yaradır. Eyni zamanda bu, əvvəl müşahidə edilməyən ürək xəstəliklərinə səbəb ola bilər. Ağciyərdə, qarında qanamalar, qarında köplük kimi problemlərə səbəb ola bilər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla kök insanlarda doyma hissinin olmadığını bildirdi: “İnsanların əməliyyat və ya dietik dərmanlar vasitəsilə arıqlamaq seçimi həkimdən asılıdır. Həkim nəzarəti olmadan bu cür dərmanların istifadə olunması düzgün deyil. Bu vasitələrin televiziyada reklamı da qadağan olunmalıdır. Ümumiyyətlə, dərman reklam edilə bilməz.  O ancaq qanunlardakı boşluqlardan sui-istifadədir. O ki qaldı bariyatrik əməliyyatlara, yəni mədəyə kələpcə qoyulur, mədənin həcmi balacalaşdırılır. Yaxud da əməliyyat olunur və mədənin bir hissəsi kəsilib götürülür. Mədənin həcmi azaldığından həmin xəstələrdə doyma hissi formalaşır. Ümumiyyətlə, bütün kök adamlarda doyma hissi itir. Ona görə də bu insanlar həddən artıq qida qəbul edirlər. Əməliyyatın da məqsədi mədənin həcmini kiçiltmək, mədədə doyma hissi formalaşdırmaq və bununla da çəki itirilməsinə nail olmaqdır. Qəbul olunan enerji ilə sərf olunan enerji arasında fizioloji bir hiss yarana bilsin”.
 
A.Qeybulla xəstələrin bu əməliyyata yalnız bir neçə hal istisna olmaqla girə biləcəyini və təhlükəsiz olduğunu dedi: “Kök şəxslər ağır xəstəlikləri olduqda əməliyyata alınmır. Həkimlər dəyərləndirirlər ki, bu xəstənin narkoz ala bilmə riski nə qədərdir. Bundan sonra əgər xəstə həmin riski qəbul edirsə, əməliyyata girir. Yəni elə hallar ola bilər ki, xəstə həddən artıq ağır olsun, onda ürək çatışmazlığı, qaraciyər, böyrək çatışmazlığı və sair xəstəliklər olsun. Belə hallarda təbii ki, xəstəyə əməliyyat məsləhət deyil”.
Musavat.com



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir