“Qulaq ağrısı hər yaş dövründə meydana gələ bilər. Adətən yuxarı tənəffüs yolunda meydana gələn problemlərin qulaq ağrısı ilə nəticələnməsi mümkündür. Lakin qulaq ağrısı ilə əlaqələndirilə biləcək müxtəlif tibbi problemlər də ola bilər. Bu səbəbdən qulaq ağrısının əlamətləri ilə bağlı ilkin işarələri aldıqdan sonra dərhal həkimə müraciət etmək lazımdır”.
Oxucularımızı qulaq ağrıları problemləri ilə bağlı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, qulaq ağrısının səbəbləri müxtəlifdir:
“Daxili qulaq infeksiyalarında qulaq ağrısına əlavə olaraq ürəkbulanma, başgicəllənmə və ya qusma, xarici qulaq infeksiyalarında isə qulaqcıqda və ya kanalda şişlik, qızartı və qaşınma müşahidə oluna bilər. Orta qulaq infeksiyalarında bəzən hərarət yüksəlir və ya qulaqda dolğunluq hissi olur. Qeyd edim ki, qulaq infeksiyalarının əksəriyyətinin səbəbləri viral deyil, bakterialdır. Qulaq infeksiyaları müalicə olunmazsa, ağrı çənəyə və bədənin digər hissələrinə keçərək qulağı zədələyə və yüksək hərarətə səbəb ola bilər”.
Ailə həkimi deyir ki, məktəbəqədər uşaqlarda qulaq ağrısının ən çox görülən səbəbi orta qulaq infeksiyalarıdır. Onun sözlərinəgörə, yetkinlərdə də müşahidə oluna bilən orta qulaq infeksiyası uşaqlarda çox olmasa da, adətən soyuqdəymədən sonra baş verir:
“Xarici otit, qulağın xarici hissəsi olan qulaq kanalının infeksiyasıdır. Bu tip infeksiya uşaqlara nisbətən böyüklərdə daha çox rast gəlinir. Xarici otit tez-tez üzən və qulaq ətrafında ekzema kimi dəri xəstəlikləri olan insanlarda da baş verə bilər. Xarici otitin müalicəsi adətən qulaq damcılarından və ya qulaq spreyindən istifadə edir. Onu da deyim ki, qulaq ağrıları həmişə qulaq infeksiyasından qaynaqlanmır. Bir sıra hallar da qulaq ağrısı yaradır. Məsələn, qulaqda təzyiq hissi, xüsusilə sistemli bir xəstəlik səbəbiylə qan təzyiqi problemi ola bilər. Hər iki qulaq ağrıyırsa və uğultu səsi ilə müşayiət olunursa, sistemli bir xəstəlik olma ehtimalı vardır. Eynilə, burun tutulması qulaqda təzyiq və dolğunluq hissi, bəzən ağrıya səbəb ola bilər. Boyun ağrısı ilə yanaşı qulaq ağrısı varsa, boyun yırtığı, boyun düzləşməsi, arxa əzələ gərginliyi üçün ətraflı müayinə olunmaq vacibdir”.
Oxucularımızın “Qulaq ağrısı zamanı nə etmək lazımdır” sualına gəlincə, Nərminə xanım bildirdi ki, qulaq ağrısı zamanı onu necə aradan götürmək qulaq ağrısının səbəblərinə bağlıdır. Onun sözlərinə görə, qulaq ağrısı zamanı ağrının artması, 38 ° C və ya daha yüksək hərarət, qulaqdan maye və ya qan axması, qulaq ağrısı ilə birlikdə meydana gələn baş ağrısı və ya sinus ağrısı, qulağın ətrafında və ya arxasında şişkinlik, boyun sərtliyi şərtlərindən hər hansı biri baş verərsə, gecikmədən həkimə müraciət edilməlidir.
Qulaq ağrısının əlamətlərindən bəhs edən ailə həkimi qeyd etdi ki, fərdlərdə müxtəlif faktorlar nəticəsində meydana gələ bilən qulaq ağrıları ağrının başladığı andan diqqət edilməsi və təqib edilməsi lazım olan bir narahatlıq növüdür:
“Qısa müddətdə lazımi ehtiyat tədbirlərinin görülməsi xəstəliyin orqanizmə böyük ziyan vurmasının qarşısını alacaq və xəstədə şiddətli ağrılara səbəb olmayacaq. Qulaq ağrısı və qulaq problemlərinin elametleri qulaq ətrafında qızartı, qıcıqlanma və ya şişkinlik, xəstənin temperaturunun azalıb-yüksəlməsi, qulaq, çənə, baş və ya boğazda müxtəlif ağrılar, qaşınma, iştahsızlıq, yuxuya getməkdə çətinlik və başgicəllənmə kimi simptomları əhatə edə bilər. Əgər sadaladığım qulaq ağrısı elametleri ilə əlaqəli problemlər yaşanırsa, dərhal həkimlə əlaqə saxlamağı tövsiyyə edirəm”.
Bəs uşaqlarda qulaq ağrısı zamanı nə etməli? Nərminə xanım deyir ki, uşaqlarda qulaq ağrısı adətən orta qulaq infeksiyasından qaynaqlanır:
“Doğru diaqnoz və müalicə üçün həkimə müraciət etmək vacibdir. Həkim nəzarəti altında ağrıkəsicilərdən istifadə etməklə ağrıları aradan qaldırmaq olar. Bundan başqa, uşağın başını qaldırıb dik tutmaq qulağındakı təzyiqi azaltmağa kömək edir. Körpələr və ya azyaşlı uşaqlar adekvat ünsiyyət qura bilmədiklərinə görə narahatlıqlarının mənbəyini deyə bilmirlər. Buna görə də, onlarda görünən bəzi əlamətlər azyaşlıların qulaq ağrısından əziyyət çəkib-çəkmədiyini müəyyən etməkdə kömək edə bilər. Uşaqların orta qulaq iltihabından əziyyət çəkdiyini öyrənmək üçün qulaqları sürtmək, çəkmək və ya toxunmaq, narahatlıq, yalnış qidalanma, öskürək, burun axması, diareya kimi simptomların mövcudluğuna nəzər salmaq lazımdır.
Onu da qeyd etmək lazımdır ki, hətta südəmər körpələrdə də qulaq ağrısı meydana gələ bilər. Körpələrdə qulaq ağrısı ən çox körpənin narahatlığının əlamətidir. Körpənin narahat olması, davamlı ağlaması, qidasını davam etdirə bilməməsi, çox tez-tez oyanması, daim çox yüksək səslə oyanması, ananın əmizdirməkdə çətinlik çəkməsi qulaq ağrısının olduğunu göstərir. Bütün bunlarla yanaşı körpənin qulağı ilə oynaması həmişə qulaq ağrısının olması demək də deyil. Körpələr öz bədənlərini tanımaq üçün zaman-zaman qulaqları və burunları ilə oynaya bilərlər. Ancaq narahatdırsa və daim qulağını çəkirsə, o zaman həkim tərəfindən müayinə olunmalıdır”.
Qulaq ağrısının müalicəsindən də bəhsedən ailə həkimi bildirdi ki, qulaq ağrısını müalicə etməyin ən yaxşı yolu qulaq ağrısına səbəb olan amilləri müalicə etməkdir. Belə ki, bunun sayəsində qulaq ağrısının müalicəsi üçün necə bir müalicə yolunun tətbiq edilməsini dəqiq öyrənmək olar:
“Qulaq ağrısının müalicəsi əsas sağlamlıq problemindən asılı olaraq dəyişir. Bu çərçivədə qulaq ağrısı şikayəti qulaq ağrılarının səbəbi və ikinci dərəcəli qulaq ağrılarının altında yatan sağlamlıq problemlərinin müalicəsinə görə fərqli müalicə və tətbiqlər nəticəsində həll edilir. Qulaq ağrısından əziyyət çəkən insanlar adətən qeyri-steroid tərkibli iltihab əleyhinə dərmanlar qəbul etməlidirlər. Ağrı kəsiciləri olan qulaq damcıları çox təsirli olmasa da, bir neçə gün ərzində istifadə edilə bilər. Nəzərə alın ki, qulaq pərdəsinin partladığı hallarda qulaq damcıları istifadə edilmir.
Ümumiyyətlə, adətən insanlarda meydana gələn qulaq ağrıları qısamüddətli olur və heç bir müalicə tələb etmədən özlüyündən yoxa çıxır. Lakin problemin ciddi olub-olmadığını bilmək üçün hər zaman həkim müayinəsindən keçmək vacibdir. Qulaq ağrısı üçün dərmanlardan istifadəyə gəlincə, həkim qulaq ağrısının səbəblərini müəyyən etdikdən sonra onun təyin etdiyi dərmanları istifadə etmək olar”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)