geyim

Geyim seçimləri: Dəbdən keçən kimliklər

Baxış sayı: 327

Geyim insanın mənəvi kimliyidir. Bu, bütün dövrlərdə belə olmuşdur. İstər kişi, istər qadın olsun, onun daxili aləmindən söhbət açan ilk olaraq geyimidir. Geyim dəbi, rəngi, uyğun seçilməsi, bədənin qüsurlarını üzə çıxarması və yaxud ört-basdır etməsi ilə diqqəti çəkir və bütün bunlar həmin geyimi daşıyan insan haqqında ilk təəssüratı formalaşdırır.

Bütün dövrlərdə insanlar geyimə xüsusi önəm veriblər. Dəblə ayaqlaşmaqla yanaşı, özünə yaraşanı geyinmək kimi seçimlər də hər zaman aktual olmuşdur. Qadınlar, kişilər var ki, baxmayaraq ki, ilin dəbi nədir, rəngi nədir, öz seçimləri, özlərinə yaraşanı geyinməklə həmişə çox səliqəli və mədəni görünürlər.

Hə, mədənilikdən söz düşmüşkən, onu da vurğulayım ki, geyim həm də mədəniyyətdir. Özü də böyük mədəniyyətdir. İnsanın dünyagörüşünü, ailə tərbiyəsini, zövqünü ortalığa çıxaran amildir. Müasir dövrümüzdə geyim o qədər aktual mövzuya çevrilib ki, bu məsələyə işıq salmağı, görünənin görünməyən tərəflərinə aydınlıq gətirməyi bir jurnalist kimi özümə borc bildim.

 

Geyimimiz xarakterimizdir

Tanımadığımız şəxslə ilkin olaraq geyiminə əsasən tanış oluruq. Kənardan bir baxışla bütün geyimlər onu daşıyan haqqında ilkin məlumatları verir. Bəzən küçədə kilolu bir qadınla rastlaşırsan. Baxırsan ki, geyindiyi paltar heç də bədən ölçülərinə uyğun gəlmir. Geyimi onu daha da kilolu göstərir və yaxud bədən cizgilərini o qədər qabardıb ki, qadın eybəcər bir formaya düşüb. İstər-istəməz düşünürsən ki, bəli, bu qadın qüsurlarını görməyi bacarmır. Hər bir qadının evdən çıxarkən ayna qarşısında dəfələrlə o tərəfə, bu tərəfə dönüb özünə baxmasını nəzərə alsaq, deməli, baxmaq kifayət deyil, gərək görə biləsən.

Bəzənsə normal kiloda olan qadınla rastlaşırıq. Geyiminin onu nə qədər kilolu göstərdiyinin şahidi oluruq. Deməli, seçim düzgün edilməmişdir. Geyimdə tək kilo deyil, yaşdan da söhbət açıb vurğulamaq istəyirəm ki, düzgün seçilməmiş geyimlər həm də qadın və kişiləri yaşlı göstərə bilir. Tanıdığımız, yaşını bildiyimiz qadınları bəzən elə geyimlərdə görürük ki, haradasa 40 yaşlı qadına 55-60 yaş vermək olur. Eləcə də 50 yaşlı qadın bəzən elə geyim seçir ki, bu geyimlə 35-40 yaşda görünür.

Bəzənsə düzgün seçilməyən geyimlərlə gülünc vəziyyətə düşə bilirik. Kənardakıların, ətrafımızdakıların hər birinin diqqətini üzərimizə çəkir, aralarında pıçıldaşmalara səbəb oluruq. Lakin baxırsan ki, heç geyimi ilə diqqətləri çəkən qadın və ya kişinin dünya-aləm vecinə belə deyil. Özünü o qədər sərbəst hiss edir ki, düşünürsən ki, o, ətrafdakılara geyimi ilə meydan oxuyur. Bax belə hallarda geyimimiz kimliyimizdir nəticəsinə gəlmək olur. Bəli, geyim bir xarakterdir. Tanımadığımız insanla ilk tanışlığımızdır. Tanış olmaq istəyənlərin isə artıq öz seçimidir: istəmək və istəməmək…

 

Dəb bizi niyə dəyişməlidir?..

Həyatımıza tez-tez yeni dəblər daxil olur. Bu həm kişi, həm də qadın geyimlərində, onların tikilişində, qısa, uzunluğunda, rəngində özünü göstərir. Dəbi bir çaya bənzətsək, bu, o demək deyil ki, o sularla axıb gedək. Çünki bəli, dəb bizi öz sularında qərq etməyə qadirdir. O dərəcədə qadirdir ki, o sularda axarkən oradan xilas olmaq üçün əlimizi atıb yapışmağa heç nə tapa bilmirik. Müasir dövrümüzdə bütün yaşlardan olan əksər insanların, xüsusilə gənclərin geyimi kimi…

Maraqlıdır, indi geyim istehsal edən fabriklər artıq az parça ilə “dəbli” və çox yaxşı, sürətlə satılan geyimlər istehsal edirlər. Bir qarış köynək, bir qarış ətək, bir qarış şort, beldən bir qarış aşağı iri kəsikli şalvarlar, yırtmaçı yenə beldən bir qarış aşağıdan başlayan uzun ətəklər…

Bizlər nə edirik? Dəblə ayaqlaşmağa çalışırıq. Həmin geyimlərdən alıb evlərimizə gətirir, əynimizdə olan örtülü paltarları çıxarıb onları geyinir və utanmadan küçəyə çıxırıq. Universitetlərə yollanırıq, işə gedirik, rəfiqələrimizlə görüşə çıxırıq. Yənu bu geyimlərdə biz hər yerdəyik.

Maraqlıdır, nə üçün dəb bizi dəyişir? Nə üçün biz dəbi dəyişə bilmirirk? Bu cür paltarlar alınmasa, mağazalarda asılı qalsa, yəqin ki, uğursuz dəblər kimi üzüqoylu fabriklərə qayıdar və istehsalçı da görər ki, işi nə qədər uğursuz alınıb, ikinci dəfə istehsal etdiklərinə diqqətlə yanaşar. Və yaxud da, bu cür geyimləri övladlarımıza alanda, onları bu geyimlərlə qapıdan bayıra yola salanda nə düşünürük görəsən? Düşünürük ki, müasirik, nə qədər dəblə geyinirik? Əsla. Bu nə müasirlik, nə də düşündüyümüz dəbdir. Bu, sadəcə baxmaq, açıq qalan nayihələri görməməkdir. Hansı ki, paltar bineyi-qədimdən örtmək məqsədilə icad edilmişdir. Bəs belə isə biz əynimizə paltar alırıq, yoxsa qapadılmalı olan hissələrimizi bayırda qoymağa pul veririk?

Söhbətimiz tək qızlara deyil, həm də oğlanlara aiddir. Onlar da həmin geniş kəsikli şalvarlardan, rəngbərəng-hər tayı bir rəngdə olan corablardan istifadə edirlər. Bəzən o qədər gen şalvar geyinirlər ki, qadına bənzəyirlər, bəzən də o qədər dar şalvar geyinirlər ki, özlərinə oxşamırlar.

Eləcə də digər yaşda olan xanımlar və kişilər də var ki, geyimləri ilə diqqəti cəlb edir, özlərindən yaşca kiçik olanlara pis nümunə olurlar. Həqiqətən də hər yaşın öz gözəlliyi var. O yaşa uyğun geyim də yerində olanda, insanı bir qədər də gözəlləşdirir. Lakin çox təəssüflər olsun ki, bəziləri üçün bu, heç də belə deyil. Dar şalvar və həddindən artıq qısa ətəklər, sinəsi aşırı dərəcədə açıq köynəklər bir qədər yaşı olan qadının düşünək ki, nə kimi qüsurlarını meydana çıxara bilər… Düşünək!

 

Geyim mentalitetdir

Belə bir deyim var: insanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salarlar. Gözəl deyimdir. Lakin bu deyimin müasir dövrümüzlə əlaqəsi bir qədər zəifdir. Ona görə ki, indi bu deyimi bütün insanlara aid etmək olmaz. Çünki əksəriyyətimizin geyimi haqqımızda öz sözünü deyir. Qalır az sayda insan ki, onlar da bəli, geyimi ilə qarşılanıb, ağlı ilə yola salına bilər.

Geyim indiki cəmiyyətimizin gündəmdə olan ən aktual məsələlərindən biridir. Çünki əvvəlki illərin geyimləri ilə müasir geyimlər arasında böyük fərq var. Amma unutmamlı olduğumuz bir məsələ də var ki, geyim həm də mentalitetimizdir. Bir zamanların milli geyimləri ilə bugünkü geyimləri yan-yana qoyanda aralarındakı fərq artıq yerdən göyə qədər olan məsafə qədərdir. Biz nə etmişik? Həmin geyimləri qoruyub saxlamaq əvəzinə, onları “müasirləşdirə-müasirləşdirə” bugünkü vəziyyətə gətirib çıxarmışıq. Bəlkə də cəmiyyət arasında sorğu aparılsa, bunun günahını bir-birimizin üstünə atacağıq. Lakin məsələyə ədalətlə yanaşdıqda, geyimlərimizin bu hala düşməsinin səbəbkarları hər birimizik. Onları istehsal edənlərdən tutmuş alıcısı olan hər birimiz günahkarıq. Çünki bu elə bir məsələdir ki, ona müdaxilə etməyə, münasibət bildirməyə hər birimizin haqqı var.

Bəlkə də yazını oxuyanların əksəriyyəti məni köhnə fikirli, dəblə ayaqlaşmayan, müasirlikdən kənar adlandıracaqlar. Adlandırsınlar. Lakin cəmiyyətimizin əksər hissəsi də mənim dediklərimi təsdiqləyər ki, biz milli-mənəvi dəyərlərimizə uyğun geyinməli, mentalitetimizə hörmətlə yanaşmalıyıq.

Çox gözəl, həm zövqü, həm yaraşması, həm rəng seçimi ilə gözoxşayan geyimlər geyinən qadın və kişilərimiz var. Biz bu geyimlərdən nümunə götürməliyik. Kənardan təklif olunan geyimlərlə mentalitetimizə zərbə vurmamalıyıq. Gözlərimizi açıb cəmiyyətə daha yaxşı baxmalı, övladlarımızın nə geyindiklərinə diqqət etməliyik. Düşünməliyik ki, bu geyimlər bizim cəmiyyətimizi haraya aparır. Sabah geç olacaq, elə bu gün düşünmək lazımdır…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir