Dekabrın 20, 21-dir bu gecə. Payızın üzərində hökmranlığa keçən qışın gəlişi ilə özünü göstərməsidir. Və təbiətin özü üçün qurduğu planlardan biridir. Bu plana əsasən 21 martda gün-gündüz bərabərliyi yaranır. Gecə ilə gündüz bərabərləşir, şimal yarımkürəsində yaz, cənub yarımkürəsində isə payız başlayır.
21 iyun yay gündönümü baş verir. Bu, ilin ən uzun gündüzünün və ən qısa gecəsinin baş verdiyi vaxtdır. Başqa bir adı Yaz gündönümüdür. Şimal yarımkürəsində yay başlasa da, cənub yarımkürəsində qış başlayır.
23 sentyabr gündüz bərabərliyi yaranır. Gecə ilə gündüz bərabərləşir. Şimal yarımkürəsində yay bitir, payız başlayır. Cənub yarımkürəsində yaza keçid olur.
21 dekabrda isə qış gündönümü deyilən an şimal yarımkürəsində günlər uzanmağa, cənub yarımkürəsində isə qısalmağa başlayır. Bəzi ölkələrdə bu tarix şimal yarımkürəsində qışın, cənub yarımkürəsində yazın başlanğıcı hesab olunur. Ancaq bəzi ölkələrdə yay və ya qışın ortası hesab olunur. Ən uzun gün cənub yarımkürəsində, ən uzun gecə isə şimal yarımkürəsində yaşanır.
Beləliklə, 21 dekabr gecəsi ömrümüzə qış fəslini gətirməklə, həm də gecə-gündüz bərabərliyini yaradıb, daha sonra günlərin uzanması, gecələrin qısalması ilə davam edir. Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr – 30 yanvar), kiçik çillə 20 gün (31 yanvar – 20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral – 20 mart) davam edir.
Qışın daxil olduğu gün ölkəmizdə, hətta Cənubi Azərbaycan, İran, Əfqanıstan və bir çox yerlərdə hər il dekabrın 20, ya da 21-də Çillə mərasimləri ilə qeyd olunur.
Bu mərasimdə hökmən qarpız kəsilməlidir. Buna Çillə qarpızı deyirlər. Etnoqrafların söylədiyinə görə, Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir.
Çillədə qarpız kəsəndə deyərlər ki, “ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Naxçıvanda yaşlı insanların dediklərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun.
Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti də icra olunur. Bu zaman qarpızın baş tərəfini kəsərək dörd yerə ayırıb atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutub atılması, bəlkə də, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və yaşıl) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.
Çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz.
Xalq təqvimindən irəli gələn Çillə bayramında həm də nişanlı, yeni ailə quran qızlara xonçalar aparılar və həmin xonçada hökmən qarpız olar.
Beləliklə, Çillə bayramımız mübarək olsun. Qoy qarşıdan gələn qış qarı, soyuğu ilə yanaşı, həm də qarpızın içi rəngdə günəş də doğursun ki, soyuğu onun istisi ilə azacıq da olsa, dəf edə bilək. Çünki qış gəldi-gedərdir, Günəş isə daimi, həm də bütün fəsillərin gözəlliyidir..
Mətanət Məmmədova