valideyn

Uşaqları küçədə manyaklardan necə qorumaq olar? - EKSPERT DANIŞIR

Baxış sayı: 320

Uşağı küçəyə tək buraxarkən valideynlər ona ilkin təhlükəsizlik bacarıqlarını əvvəlcədən öyrətməlidirlər. Bu, təhlükəli vəziyyətlərdən qaçmağa və uşağın həyatını xilas etməyə kömək edəcək.

Bu barədə “Veçernyaya Moskva”ya məlumat verən özünümüdafiə üzrə təlimatçı Maksim Şramkov qeyd edir ki, valideynlər övladına ərazidə sərbəst hərəkət etmək bacarığını öyrətməlidir. Böyüklərə fövqəladə hallar zamanı kömək tapa biləcəkləri yerləri göstərməklə, təklif olunan marşrutu əvvəlcədən uşağı ilə birlikdə keçmələri tövsiyə olunur.

Şramkov insanların çox olduğu yerlərdən marşrutların seçilməsinin vacibliyini də vurğulayır:

“Yol qarajların və ya az məskunlaşan ərazilərin yaxınlığından keçirsə, küçənin həmişə insanların çox olduğu supermarketlər, mağazalar və ya apteklər olan tərəfini seçmək daha yaxşıdır”.

Potensial təhlükəli ərazilərdən tamamilə qaçmaq mümkün deyilsə, mütəxəssis nəqliyyatdan istifadə etməyi düşünməyi məsləhət görür. Onun sözlərinə görə, axşam saatlarında parklar, qarajlar və yarımçıq tikililərin olduğu yerlər xüsusilə təhlükəlidir. Belə hallarda uşağın taksi və ya ictimai nəqliyyatdan istifadə etməsi daha yaxşıdır.

Uşaqlara təhlükə hiss etdikdə kömək istəməyi öyrətmək vacibdir. Məsələn, şübhəli bir şəxs tərəfindən təqib olunarsa, uşaq müşahidə kameraları olan aptekə və ya mağazaya girib işçilərdən kömək istəyə bilər.

Uşaq valideynlərinin telefon nömrələrini əzbər bilməli və təhlükə zamanı dəqiq hərəkət planına malik olmalıdır. O, izdihamlı bir yerə girməyə çalışmalı və əlavə təlimatlar üçün valideynləri ilə əlaqə saxlamalıdır.

Təlimçi vurğulayır ki, uşaqlar ətrafda baş verənlərə diqqətli olmalı, başlarını telefon və musiqi ilə qatmamalıdırlar:

“Uşağa demək laızmdır ki, əgər özünüzü təhlükədə hiss edirsinizsə, küçənin o biri tərəfinə keçin. Bu kömək etmirsə, sizə yardımın tapıla biləcəyi ən yaxınlıqdakı mağazaya, aptekə girin”.

Şramkov, həmçinin kiçik uşaqların yerini izləmək üçün onları smart saatlar və ya telefonlar kimi GPS izləmə cihazları ilə təchiz etməyi tövsiyə edib.

Bundan əlavə, ekspert uşağa əl altında olan özünümüdafiə vasitələrindən, məsələn, bibər qazından istifadə etməyi öyrətməyi məsləhət görüb. Bununla belə, onu necə düzgün istifadə edəcəyinizi göstərmək vacibdir.

“Hücumdan qaçmaq mümkün deyilsə, uşaq “Sən mənim atam deyilsən, səni tanımıram” kimi ifadələrdən istifadə edərək yüksək səslə qışqırmalıdır. Bu, yoldan keçənlərin diqqətini cəlb edəcək və anlaşılmazlıqların qarşısını alacaq, çünki “kömək edin!” qışqırıqları adi bir ailə münaqişəsi kimi qəbul edilə bilər” – Şramkov sözünü yekunlaşdırıb.

Bundan əvvəl uşaqları klassik musiqi ilə mümkün qədər tez tanış etmək lazım olduğu barədə məlumat verilmişdi.

 

Aygün Bünyadzadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir