Nuride Cavadova

Duyğuların bədənə təsiri - "NUR"lu bələdçi

Baxış sayı: 472

Əziz oxucularım, bu dəfə də sizə çox faydalı ola biləcək bir məqalə ilə gəlmişəm. Ümid edirəm ki, bu məqalədən sonra bədəninizdə baş verən bir çox halların nədən qaynaqlandığını, səbəbini, hətta həllinin nə olduğunun belə fərqinə varacaqsınız.

Hər bir duyğu bədənimizə təsir edir. Görünməyən o güc fiziki izlərini bədənimizdə necə göstərir?

Duyğularımızı – sevinci, kədəri, qorxunu, həyəcanı, nifrəti yalnız zehni təcrübə kimi qəbul edirik. Ancaq elm göstərir ki, bu “görünməz” hisslər bədənimizdə olduqca real və konkret təsir buraxır. Duyğularımızın fiziki sağlamlığımıza təsiri sadəcə fərziyyə deyil, artıq müasir tədqiqatların dəstəklədiyi bir həqiqətdir. Bu məsələ elmi olaraq öz təsdiqini tapmış və sübut olunmuşdur. Buna görə də bütün xəstəliklərin yaranma səbəbinin birbaşa zehinlə əlaqəli olduğunu rahatlıqla vurğulaya bilərəm. Buna aid bəzi açıqlamalar vermək istəyirəm.

 

Stress və ürək sağlamlığı

Daimi stress və gərginlik, emosional yük kimi hisslər təkcə psixoloji deyil, həm də ürək-damar sistemimizə ciddi zərər verir. Harvard Universitetində aparılan bir araşdırma göstərib ki, xroniki stress yüksək qan təzyiqinə, ürək ritminin pozulmasına və hətta infarkt riskinin artmasına səbəb ola bilər. Buna səbəb isə stres hormonlarının – xüsusilə kortizolun – bədəndə uzun müddət aktiv qalmasıdır.

 

Sevincin və sevgi hissinin sağaldıcı gücü

Sevincli anlar, xoşbəxtlik hissi bədənimizdə endorfinlərin və serotonin kimi “xoşbəxtlik hormonları”nın artmasına səbəb olur. Bu hormonlar ağrını yüngülləşdirir, immun sistemini gücləndirir və hətta yaraların daha tez sağalmasına şərait yaradır. Araşdırmalar göstərir ki, optimist insanlar xəstəliklərlə mübarizədə daha yaxşı nəticə göstərir və uzunömürlü olurlar.

 

Qorxu və immunitet sistemi

Qorxu və narahatlıq kimi mənfi duyğuların təsiri bəzən dərhal hiss olunmasa da, onların uzunmüddətli nəticələri ciddi ola bilər. Bir elmi araşdırmaya görə, qorxu hissi bədəndə immunitetin zəifləməsinə səbəb olan kimyəvi reaksiyalara yol açır. Bu, insanı xəstəliklərə daha həssas hala gətirir.

 

Hisslər (sevgi hissinin sağaldıcı gücü) və xərçəngin müalicəsi

Bəlkə də inanılmaz səslənə bilər, lakin pozitiv emosiyalar xərçəng müalicəsində də mühüm rol oynayır. Bir çox xərçəng xəstəsi ilə aparılan tədqiqatlar göstərib ki, nikbin və emosional dəstək alan şəxslər kimyaterapiyaya daha yaxşı cavab verir. Psixoloji gücün, yəni pozitiv duyğuların, bədəndəki bərpa mexanizmlərini aktivləşdirərək bütün xəstəliklərin sağalmasında böyük rol oynayır. İlk olaraq pozitiv duyğunun, inamın verdiyi emosional gücün təsiri ilə xərçəngin müalicəsindən başladım.

Ancaq onu da demək istərdim ki, xərçəngin yaranma səbəbi də daxildə basdırılmış güclü nifrət və kin duyğusunun fiziki bədənə təsiridir.

Ona görə də gəlin fərqinə varaq ki, duyğular yalnız insana ruhən təsir etmir. Mənfi (neqativ) basdırılmış duyğular mütləq bədəndə öz izini buraxır. Duyğular mütləq hərəkətə çevrilməlidir. Yəni basdırılmamalıdır.

Ona görə də duyğularımızı idarə etməyi öyrənmək, sağlamlığımızın sığortası deməkdir.

 

Yaxşı, bəs duyğularımızı necə idarə edək?

Duyğularımızın fiziki təsirini nəzərə alaraq, onları idarə etməyi öyrənmək həm ruh, həm də fiziki bədən sağlamlığımız üçün çox vacibdir.

Bunun üçün aşağıda bir neçə metod qeyd edirəm:

Meditasiya və nəfəs məşqləri stressi azaltmaq üçün güclü vasitələrdir. Hər gün 10 dəqiqə nəfəs texnikaları etsəniz, gündəlik həyatın gətirdiyi stresin sizə təsirini sıfıra endirmiş olarsınız. Nəzərə alaq ki, gündəlik həyatda stres hər zaman var və bunun qarşısını almaq qeyri-mümkündür. Ancaq bizə təsirini sıfıra endirmək isə bizim əlimizdədir.

İdman və təmiz havada gəzmək. Müntəzəm idman etmək yalnız fiziki deyil, həm də emosional sağlamlığa müsbət təsir göstərir. Həmçinin yaddaşı gücləndirir.

Yaşadığınız hadisə nə olursa olsun, baş verən hadisəyə yox, onu necə aradan qaldıra biləcəyinizə, beş ay, bir il, beş il sonra bunun mənə təsirinin nə olacağına dair sualları özünüzə verməklə böyük rahatlıq əldə edə bilərsiniz. Ən ciddi məsələlərdə isə emosional dəstək üçün mütəxəssislərdən yardım ala bilərsiniz.

 

Son söz

Duyğularımız həyatımızın görünməz mühərrikidir. Onlar yalnız düşüncə və hisslərimizi deyil, fiziki sağlamlığımızı da formalaşdırır. Bədən və zehni bir-birindən ayırmaq mümkün deyil – sağlam həyat üçün hər ikisini birlikdə qorumaq vacibdir.

Beləliklə, növbəti dəfə kədər, narahatlıq və ya sevinc hiss etdiyinizdə unutmayın: bu duyğuların izləri yalnız ürəyinizdə deyil, bütün bədəninizdə hiss olunacaq.

 

Psixoloq Nuridə Cavadova




7 şərh “Duyğuların bədənə təsiri – “NUR”lu bələdçi

  1. Aydan Qarayeva

    Mən də əvvəllər stresin fiziki sağlamlığa necə təsir etdiyini heç düşünməmişdim. Xüsusilə ürək problemlərinin yaranmasında stressin rolu məni təəccübləndirdi. Təsadüfən oxuduğum bir məqalədə də oxumuşdum ki, sevinc hormonları insanı daha uzunömürlü edir. Amma qorxu ilə bağlı olan hissənin bədənə olan zərəri barədə heç vaxt məlumatım yox idi. İndi bu mövzuda daha çox düşünməyə başladım. Həm də dediyiniz meditasiya və nəfəs məşqlərini gündəlik həyatımda tətbiq etməyi düşünürəm. Çox sağ olun, çox faydalı məqalə oldu!

    Cavabla
  2. Səbuhi

    Mənfi duyğuların (kədər, qorxu, narahatlıq) insanın fiziki sağlamlığını necə zəiflətdiyi çox maraqlı bir mövzudur. Nə qədər çox pozitiv düşüncəyə sahib olmağımızın bizim ümumi sağlamlığımıza təsir etdiyini artıq daha yaxşı başa düşürəm. Bu barədə daha çox məlumat əldə edə biləcəyimiz başqa mənbələr varmı?

    Cavabla
  3. Çingiz

    Məqalənizi oxudum və çox düşündüm. Stressin ürəyə olan təsiri ilə bağlı olan hissə məni xüsusilə düşündürdü, çünki son zamanlar çox stres altındayam və ürəyimdə yüngül narahatlıqlar hiss edirəm. Bu yazıdan sonra başa düşdüm ki, bu, sadəcə zehni yox, fiziki cəhətdən də ciddi nəticələr verə bilər. Bəs belə vəziyyətlərdə dərman və müalicədən əlavə, gündəlik həyatda stressi necə daha effektiv idarə etmək olar? Meditasiya və nəfəs məşqləri dediniz, amma mənim zamanım olmur. Sizin təklif etdiyiniz başqa metodlar var mı?

    Cavabla
  4. Vəfa Mirzəyeva

    Mən də həmişə zehni sağlamlığın fiziki sağlamlığa təsirindən danışan insanları eşidirəm, amma bu məqalədə daha çox konkret nümunələr və araşdırmalar göstərilib. Duyğuların bədəndə necə iz buraxdığına dair faktlar çox maraqlıdır. Mənim üçün ən diqqətçəkici hissə isə xərçəng və pozitiv düşüncə ilə bağlı idi. Bəs, pozitiv düşüncə hər kəsdə eyni dərəcədə təsirli olurmu, yoxsa bəzilərində daha çox fayda verirmi?

    Cavabla
  5. Elnur Ağayev

    Xərçənglə bağlı bölməni oxuyarkən, bunun nə qədər vacib bir mövzu olduğunu başa düşdüm. Mənim yaxın ətrafımda belə xəstəliklərlə mübarizə aparan insanlar var və onların pozitiv düşüncələri mənə həmişə təsir edirdi. Düşünürəm ki, sizin yazınız mənim və başqalarının bu mövzuya fərqli yanaşmasına səbəb olacaq. Bəs, emosional dəstək dediyiniz zaman bunu yalnız yaxınlarımızdan almaq kifayətdirmi, yoxsa professional yardım da vacibdir?

    Cavabla
  6. Fuad

    Çox gözəl və məlumatlı yazı yazmısınız! Duyğuların bədənə təsiri barədə heç vaxt belə düşünməmişdim. Mənim üçün ən təsirli məqam sevinc və pozitiv düşüncənin bədənin sağalmasına necə kömək etməsi ilə bağlı idi. Yəni, sadəcə dərmanlar və müalicələr kifayət etmir, eyni zamanda ruh halı da çox vacibdir. Bəs, sizcə, bədənin bu reaksiyalarını hiss etmək üçün daha çox diqqət etməliyik? Məsələn, stresli vəziyyətlərdə özümüzü daha diqqətli izləmək lazımdırmı?

    Cavabla
  7. Səidə Camal

    Məqalənin sonunda verdiyiniz ‘Duyğularımızı idarə etməyi öyrənmək, sağlamlığımızın sığortası deməkdir’ ifadəsi mənim üçün çox dərin oldu. Həqiqətən də, biz çox vaxt duyğularımızı basdırırıq, amma bunun bədəndə necə iz buraxdığını anlamırıq. Stres, kədər və qorxu kimi hisslərin sağlamlığa olan mənfi təsirlərini oxumaq, gələcəkdə daha diqqətli olmağıma səbəb oldu. Meditasiya və idman haqqında dedikləriniz mənim üçün çox praktik oldu, çünki bunları artıq həyatımda tətbiq etməyə çalışıram. Ən yaxşı metodları başqaları ilə bölüşsəniz, çox faydalı olar.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir